Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2170/2023 28.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən akt əsasında yazılmış 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sayğacda problem olduğunu və işləmədiyini bilən kimi İddiaçı1 “104”-ə zəng edib sayğac işləməməsini, yararsız olmasını və sıradan çıxması haqqında məlumat vermişdir. İddiaçı1 yeni qaz sayğacının quraşdırılmasını tələb etmişdir. 25 aprel 2022-ci il tarixində cavabdeh iddiaçıların yaşadıqları evin küçəsində əvvəlcə Sumqayıt QİS-in paslı boruya quraşdırıldığı qaz sayğacının paslı boruya quraşdırılmasına görə sıradan çıxmasını görmüşlər. Cavabdehin işçiləri qaz sayğacına baxış keçirmişlər. Baxış keçiriləndən sonra onlar 25 aprel 2022-ci il tarixində 04603003 saylı akt tərtib etmişlər. Bundan sonra 25 aprel 2022-ci ildə ünvana “smart” tipli qaz sayğacı quraşdırımışdır. İddiaçıların yaşadıqları eyni evdə mexanika tipli qaz sayğacı olduğu dövrdə iddiaçılar qaz sayğacının göstəricilərinə uyğun olaraq hesablanmış borc məbləğini hər ay mütəmadi olaraq vaxtlı vaxtında ödənişlər etmiş, cavabdehə heç vaxt borcları olmamışdır. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, sayğac evin darvazasından çöldə yerləşir. Onlar tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, sayğac darvazadan çöldə yerləşir. Onlar tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, iddiaçılardan İddiaçı2 iddia qaldırmaqda subyektiv hüququ yoxdur. Sayğac İddiaçı1 adınadır. Eyni zamanda iddia əsassızdır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətləri ilə müəyyən olunur ki, İddiaçı1 xx.xx.1957-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı2 xx.xx.1964-cü ildə, ünvan 2ində anadan olmuş, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 69A/29, mənzil 55 ünvanında qeydiyyatdadır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçıya məxsus evin qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış və yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, sayğaca baxış keçirildi. Deformasiya nəticəsində çıxış yivli birləşmə gövdədən aralanıb. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində “ALARM-1” rejimi aşkar olunmayıb. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən iddiaçıya 8640 kub metr əlavə sərfiyyat hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya akt əsasında 1036,80 manat borc hesablandığı göstərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçılara borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçılar iddia ərizəsində onlara akt əsasında hesablanmış 1036,80 manat məbləğin silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçılara 1036,80 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçılara akt əsasında hesablanmış borc silinməlidir. Cavabdehin nümayəndəsinin subyektiv hüquqla bağlı dəlilinə gəldikdə qeyd edilməlidir ki, iddiaçıların hər ikisi eyni ünvanda yaşadıqları üçün həmin ünvanla bağlı istehlakçı olaraq iddia qaldırmaqda subyektiv hüquqa malikdirlər. Bu səbəbdən məhkəmə həmin dəlili əsassız hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 hesablanmış 1036 (min otuz altı) manat 80 (səksən) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2170/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2170/2023
28.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver