Məhkəmə qərarları › İş №2(060)-2170/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2170/2024

27.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2170/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt 2 saylı Regional Asan Xidmət Mərkəzinə qarşı mirasın qəbuledilmə müddətinin uzadılması tələbinə dair mülki işə 27 may 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt 2 saylı Regional Asan Xidmət Mərkəzinə qarşı mirasın qəbuledilmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı - 25 dekabr 2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Maarif’ BY 1046 ünvanında yerləşən torpaq sahəsinin (sənəd üzrə: 0.06 ha; faktiki sahə: 0.0794 ha) onun - İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1956-cı il tarixdə Goranboy rayonunda anadan olub. Hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla faktiki yaşayır. X4 onun həyat yoldaşıdır. Belə ki, 16 avqust 1982-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Həyat yoldaşı 25 dekabr 2017-ci il tarixdə “pankreategen şok” xəstəliyindən vəfat etmişdir. Bildirmək istəyir ki, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “M aarif’ BY 1046 ünvanında yerləşən torpaq sahəsi (sənəd üzrə: 0.06 ha; faktiki sahə: 0.0794 ha) mərhum həyat yoldaşının mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsinin qəbulu ilə əlaqədar cavabdeh notariat ofısinə ərizə ilə müraciət etmiş, lakin mirasın qəbul müddətini ötürdüyü üçün imtina edilmişdir. Qeyd edir ki, müddəti ötürməyinin səbəbi qanunun tələbini səhv başa düşməyi olmuşdur. Belə ki, o, miras əmlakın qəbulu ilə bağlı 6 ay tamam olduqdan sonra istənilən vaxtı notariat ofısinə müraciət etməli olduğunu başa düşüb. Lakin sonradan ona izah olunmuşdur ki, 6 ay tamam olduqdan sonra müraciət etməli olduğu yox, 6 ay müddət tamam olduqdan sonra vərəsəlik haqqında şəhadətnamə verilir. Yəni, qanunun tələbini səhv başa düşüb. Qeyd etmək istəyir ki, bu müddət ərzində miras əmlakına faktiki sahiblik edib. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, torpaq sahəsi həyat yoldaşının adınadır. Həmin torpaq sahəsini faktiki olaraq qəbul edib. Lakin sənədləşdirmək üçün vaxtında müvafiq orqana müraciət etməyib. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ İİ 391099 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 1753 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan arayışa əsasən İddiaçı ilə X6 16 avqust 1982-ci il tarixdə Goranboy rayon, Veyisli İcra Nümayəndəliyində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 06 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisi tərəfindən İddiaçı qızına ünvanlanmış xx.xx.2024cü il tarixli 136 saylı məktubda X2 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəyə cavab olaraq qanunla müəyyənləşdirilmiş müddəti keçirdiyi üçün müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan BN 069890 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Maarif’ BY 1046 ünvanında yerləşən torpaq sahəsinin (sənəd üzrə: 0.06 ha; faktiki sahə: 0.0794 ha) sahibi X3r. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, ondan Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Maarif’ BY 1046 ünvanında yerləşən torpaq sahəsi (sənəd üzrə: 0.06 ha; faktiki sahə: 0.0794 ha) miras qalmışdır. İddiaçı X2 birinci növbə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə işin hallarını və İddiaçı X2 birinci növbə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, X1 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Maarif” BY 1046 ünvanında yerləşən torpaq sahəsinin miras əmlak kimi qəbulu müddətinin İddiaçı tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar