Məhkəmə qərarları › İş №2(060)-2182/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2182/2024

09.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2182/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbulu üçün ötürülmüş müddətin bərpası tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı miras əmlakın qəbulu üçün ötürülmüş müddətin bərpası tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mərhum atası İlyasov Seyiddadaş oğluna məxsusdur. Atası xx.xx.2021-ci il tarixdə ölmüşdür. Həmin dövrdən indiki tarixədək isə vərəsəliyinin qəbulu üçün notariat ofisinə müraciət etməmişlər. Buna səbəb də, eyni sənədləri əldə edə bilməmişlər. Hazırda miras əmlakın paylara bölünməsi üçün notariusa getdikdə, miras əmlakının qəbulu müddətini buraxmağını əsas gətirərək müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, mərhum atasından miras qalan əmlakın vərəsəliyinin qəbul edilməsi üçün evin hüquq müəyyənedici sənədlərini vaxtında əldə edə bilmədiyindən qanun ilə müəyyən edilmiş müddəti ötürmüşdür. Sənədləri əldə etdikdən sonra notariat kontoruna müraciət etsə də müddətin bərpası üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Qeyd olunanlara əsasən məhkəmədən mərhum atası X2 mülkiyyətində olmuş ünvan 1 ünvanına dair mirasın vərəsəlik qaydasında qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilərək müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bildirdi ki, lazım olmamışdır. Atası üç ildir ki, rəhmətə getmişdir. Anası yaşayır. Elə bilmişlər ki, avtomatik keçməlidir. Vərəsələr anası, o və bacısıdır. Anası və yaxud onun qəbul etməsi fərq etmir. Hazırda müddət ilə bağlı problem vardır. Başqa problem olmamışdır. Anasının səksəndən yuxarı yaşı vardır. Xəstədir və onunla birlikdə yaşayır. Bacısı isə ailə qurmuş və ayrı yaşayır. Onlara qarşı tələbi yoxdur. Sadəcə qeydiyyatdadırlar. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı izahatını, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İş materiallarında olan: Azərbaycan Respublikası Abşeron Rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli, AZ-İİ seriyalı, 216524 nömrəli ölüm haqqında surətindən görünür ki, X5 13 sentyabr 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 09-cu ayının 28-ci günündə 1383 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 09 dekabr 2023-cü il tarixli, 4141 nömrəli arayışından görünür ki, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal-hazırda ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 (üç) ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 (altı) ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Odur ki, mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş BN seriyalı, 332062 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu, Saray qəsəbində yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında **********80 reyestr nömrəsi ilə X3 məxsusdur. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, X4 02 yanvar 2021-ci ildə vəfat etmiş, iddiaçı mərhum atası X2 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanının qəbulu üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, imtina məktubu alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda həmçinin qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə hesab edir ki, müddətin ötürülməsi üzürlü səbəbdən olduğundan (iddiaçının xəstəliyi, yaxın qohumunun vəfatı, pandemiya və sair hallar), ötürülmüş müddət bərpa edilməldir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X1 miras qalmış ünvan 1 ünvanı üzərində miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. X1 miras qalmış, ünvan 1 ünvanına dair miras əmlakı İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar