Məhkəmə qərarları › İş №2(060)-2229/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2229/2022

15.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2229/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X4 İddiaçı və cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və Sumqayıt Qaz İstismar İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və Sumqayıt Qaz İstismar İdarəsinə qarşı «akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşlarının istifadəsində olan ünvan 1 ünvanına akta əsasən hesabladıqları borcun, 195 (bir yüz doxsan beş) manat 42 (qırx iki) qəpiyin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, İddiaçı mərhum X1ndan qalmış Sumqayıt şəhəri, Qurd dərəsi Bağları 1, ev 3069-un istifadəçisidir. X1 07.02.2010cu ildə vəfat etmişdir. «Azəriqaz» İB-nin Sumqayıt Qaz İstismar Sahənin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi evinə Fransa istehsallı, G4 markalı, İtron tipli (Smart Payment) qaz sayğacı quraşdırılmışdır. Sayğacın 5 illik istismar mddəti keçdikdən sonra dəyişdirilməsi nəzərdə tutulmuşdur. Fərdi evinə xidmət edən Fransa istehsallı, G4 markalı, İtron tipli (Smart Payment) qaz sayğacı çıxarılaraq, 27 sentyabr 2021-ci il tarixdə Sumqayıt QİS-dən Metrologiya Departamentinə gətirilmiş, Fransa istehsallı, G4 markalı, İtron tipli (Smart Payment) 08 oktyabr 2021-ci il tarixdə Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyi bu barədə qaz sayğacının yoxlanılması barədə 18 oktyabr 2021-ci il tarixli, № MSK-29/1710-03804-1 saylı akt tərtib etmişdir. Eyni zamanda «Azəriqaz» İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin nümayəndələri, 1 saylı Sahənin xidmət rəisi Eyvazov Elnurun və çilingəri Almuradov Mobilin iştirakı ilə Təbii X9nın pozulması haqqında 29.10.2021-ci il tarixli, ******* №-li akt tərtib edilərək, dəymiş ziyan hesablanmışdır. 08.10.2021-ci il tarixində Metrologiya Departamentinin rəyinə görə sayğaca baxış keçirilmiş «Yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın hesablama mexanizmini keçən qazın həcmini qeyd etmir. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda İstismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb» əsas götürülmüşdür. «Azəriqaz» İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsinin rəisi Elxan Hüseynov tərəfindən 29 oktyabr 2021-ci il tarixdə təsdiq edilmiş X11 Dair tələbnaməsinə əsasən qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4x12x30=1440m3 hesabat aparılmış və 11.12.2021ci il tarixdə 10.53:48 son oxunma daxil olmaqla hesablanmış 195.42 (yüz doxsan beş manat qırx iki qəpik) manat ondan tələb olunmuşdur. Bunlar ona məlum olandan sonra müvafiq sənədlərin surətini cavabdehdən tələb etmiş və cavabdehin əməkdaşlarının akta əsasən ona hesabladıqları borc məbləği ilə qeyd olunanlara əsasən razı deyildir; Fərdi evinə aid smart qaz sayğacı işlək vəziyyətdə olmuşdur və o, karta pul yükləyərək, ödədiyi məbləğ üzrə qaz sərfiyyatından istifadə etmişdir. Məbləğ qurtarandan sonra yenidən karta pul yükləmişdir. Onun qaz sərfiyyatına görə hər hansı borcu olmamışdır. Fərdi evinə aid smart qaz sayğacı evindən və evinin hasarından kənarda quraşdırılmış və hər ay cavabdehin əməkdaşlarının nəzarətində olmuşdur. Fərdi evinə aid smart qaz sayğacı evindən kənarda quraşdırıldığından qanunvericiliyin tələbinə əsasən o, məsuliyyət daşımır. O, və ailə üzvləri istehlakçı kimi fərdi evinə aid smart sayğaca müdaxilə etməmişlər və ona görə də o, tələb olunan məbləği əsassız hesab edir. O, və ailə üzvləri aktların tərtibində iştirak etməmiş və aktları imzalamamışdır. ünvan 1 ünvanında yerləşən fərdi evinə aid Fransa istehsallı, G-4 markalı, İtron tipli (Smart Payment) qaz sayğacı evindən və evinin hasarından kənarda quraşdırılmışdır. Sayğacda yaranan problemlərə və sayğaca edilən hər hansı müdaxilələrə görə o, günahkar deyildir. Sayğac evindən kənarda yerləşdiyi üçün o, cavabdehlik daşımır. Cavabdehin əməkdaşları hər ay sayğaca özləri nəzarət edir, cavabdehliyi də, onlar daşıyır. Bu səbəbdən də tələb olunan məbləği əsassız hesab edir. Hesab edir ki, cavabdeh tərəfindən qeyd edilən akta əsasən hesablanmış 195,42 manat borcun silinməlidir. Göstərilənləri nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşlarının istifadəsində olan ünvan 1 ünvanına akta əsasən hesabladıqları borcun, 195 (bir yüz doxsan beş) manat 42 (qırx iki) qəpiyin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və Sumqayıt Qaz İstismar İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, ünvan 1 ünvanına quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı aktda sayğacın baxış zamanı məlum olmuşdur ki, 1102AQ**********8 №-li, G-4 markalı sayğacın yivli birləşmələr korroziyaya uğrayıb, sayğaca hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Daha sonra sayğacın yaddaş arxivi oxunmuş və istismar müddətində “Alarm-1” rejimi aşkar edilmişdir. Əvvəlki, yəni yararsız hala salınmış təbii qaz sayğacı təlimata uyğun olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Dövlət Yoxlamasına göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Əməkdaşları həmin mənzilə 29.10.2021-ci il tarixdə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və Dövlətə vurduğu ziyan müəyyən edilərək akt əsasında 144 manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və Sumqayıt Qaz İstismar İdarəsinin nümayəndəsi Nümayəndə dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan AZ №1859018 saylı, 02.12.1969-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ata qrafasında-X10 , ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 403097 saylı, 11.02.2010-cu il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 07.02.2010-cu il tarixdə ölmüşdür. İş materiallarında olan “Azəriqaz” İB-nin 18 oktyabr 2021-ci il tarixli MSK 29/1710- 03804-1 saylı aktın surətindən görünür ki, “Azəriqaz” İB-nin SOCAR**********30991710X03804 saylı, 27 sentyabr 2021-ci il tarixli telefonoqramına əsasən 27 sentyabr 2021-ci il tarixində Sumqayıt QİS-dən Dövlət yoxlamasına aparılmış əhalinin mexanika tipli sayğacları 08 oktyabr 2021-ci il tarixində Metrologiya Departamenti, sayğacların müayinəsi labaratoriyasında baxış keçirilmiş müəyyən olunmuşdur: 1102AQ**********8 №-li, G-4 markalı sayğacın yivli birləşmələr korroziyaya uğrayıb, sayğaca hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın yaddaş arxivi oxunmuş və istismar müddətində “Alarm-1” rejimi aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin əməkdaşları E.Eyvazov, N.Həsənov və H.Almuradovun iştirakı ilə Sumqayıt şəhəri, Qurd dərəsi Bağları 1, ev 3069-a dair tərtib edilmiş “Təbii X9nn pozulması haqqında” ******* №li 29.10.2021-ci il tarixli aktın surətindən görünür ki, abonentə məxsus qaz sayğacı 08.10.2021-ci il tarixli Metrologiya Departamentinin rəyinə görə G-4 markalı (№1102AQ**********8) sayğaca baxış keçirilmiş, sayğacın yivli birləşmələr korroziyaya uğrayıb, sayğaca hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın yaddaş arxivi oxunmuş və istismar müddətində “Alarm-1” rejimi aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28.10.2021-ci il tarixli “X11 dair” tələbnamənin surətindən görünür ki, ******* №li 29.10.2021-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 1440 m3. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, X3 aid ünvan 1-a akta əsasən 144 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. “X9"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş borcun İddiaçı tələb edilməsi qanuni olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacından kənar təbii qazdan istifadə edərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Lakin məhkəmə iddia tələbini qismən təmin edir. Belə ki, iddiaçı akt əsasında yaranmış borc kimi 195 manat göstərsə də, iş materiallarında olan abunə haqqında saldodan görünür ki, İddiaçı yaşadığı ünvan 1-a akta əsasən 144 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçının yaşadığı evə akta əsasən hesablanmış 144 manat borc silinməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X9”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına 29.10.2021-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 144 (bir yüz qırx dörd) manat məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına 29.10.2021-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 144 (bir yüz qırx dörd) manat məbləğində borc əsassız olduğu üçün silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar