Məhkəmə qərarları › İş №2(060)-2231/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2231/2022

08.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2231/2022 08.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçının hüquqlarının müdafiəsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçının hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, məhəllə 41a, 2a saylı evin 48 saylı mənzilinin mülkiyyətçisi atası X1 olmuşdur. Atası xx.xx.2012 il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ondan miras qalmış Sumqayıt şəhəri, məhəllə 41a, 2a saylı evin 48 saylı mənzili onun övladları tərəfindən vərəsəlik qaydasında qəbul edilmişdir. Atasının adına olan abonent kodunun adına keçirilməsiylə əlaqədar cavabdehə müraciət edərkən məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixə kimi 684.50 manat borc hesablanmışdır. Həmin borca görədə abonent kodunu yeni mülkiyətçinin adına keçirilməsinə imtina olunmuşdur. Bu səbəbdən həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciyət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, məhəllə 41a, 2a saylı evin 48 saylı mənzilinə (abonent kodu **********00268) hesablanmış 684.50 manat borcun silinməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edib himayəsində olan xəstə anasına baxdığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərdi ki, İddiaçı "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, iddiaçının mənzili xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2007-ci il tarixdə abonentin mənzilinə elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçının mənzilində xx.xx.2007-ci il tarixindən 05.03.22-ci il tarixədək 1986.07 manat elektrik enerjisindən istifadə olunmuşdur. Abonent bu dövrdə 1382.83 manat ödəniş etmiş və hazırda iddiaçının 603.24 manat borcu qalmışdır. İddiaçı isə ona məxsus mənzilə 684.50 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən “İddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yönəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir”. EEİQ-nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən hesab edir ki iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır, onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Göründüyü kimi istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Göstərilənlərə əsasən məhkəmədən İddiaçı 684.50 manat borcun silinməsinə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyəri vaxtında ödəmiş, xx.xx.2022-ci il tarixə 603.24 manat məbləğində borcu vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 30 aprel 2012-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı 1/5 hissədə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna əsasən alınıb iş materiallarına əlavə edilmiş "xxxx" ASC “Şimal” RETSİ-nin 27 aprel 2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ev **********00268 saylı kodla xx.xx.2000-ci il tarixindən abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2007-ci il tarixdə elektrik hesabat sayğacı quraşdırılmışdır. Abonentin xx.xx.2022-ci il tarixinə enerjitəchizatçı təşkilata "xxxx" ASC dövründə yaranmış 599.24 manat borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat olan "xxxx" ASC iddiaçının mübahisələndirdiyi borcu qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində ödənilməsini tələb edilməmişdir. Həmçinin məhkəmə sorğusuna cavab olaraq əldə edilmiş məlumata əasən iddiaçının xx.xx.2022-ci il tarixinə enerjitəchizatçı təşkilata "xxxx" ASC dövründə yaranmış 599.24 manat borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan qanunların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək İddiaçı məxsus ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 599.24 manat məbləğində borc **********00268 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 599.24 (beş yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat məbləğində borc **********00268 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar