Məhkəmə qərarları › İş №2(060)-2231/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2231/2023

12.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2231/2023 12.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı oğlunun, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 12 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, X3 qəsəbəsi, Xəzri yaşayış massivi, ev 220-də yerləşən evə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 1298.27 manat məbləğində debitor borcun **********03468 abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, X3 qəsəbəsi Xəzri yaşayış massivi, ev 220-də yerləşən evə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq 1298.27 manat məbləğində debitor borc hesablanmışdır. Bildirmək istəyir ki, 2-ci qrup əlildir. Baxmayaq ki, o, mənzilində istifadə etdiyi elektrik enerjisinin haqqını vaxtlı vaxtında ödəmiş, hal-hazırda Sumqayıt RETSİ tərəfindən ona məxsus mənzildən özlərinin dediyinə görə borc qanunsuz olaraq tələb edilir. Belə ki, qeyd olunan mənzilə məxsus abunə kodunu borcu olub-olmaması haqqında arayış almaq üçün cavabdehə dəfələrlə müraciət etsə də, borcun ödənilməyəcəyi təqdirdə mənzilə verilmiş abunə kodunda borcun olub-olmaması haqqında arayış verilməyəcəyini dedilər. Halbuki, abunə haqqında çıxarışdan da görünür ki xx.xx.2016-cı il tarıxdən 1298.27 manat borcu silinmişdir. Lakin cavabdeh təşkilat qanunsuz və əsassız olaraq həmin məbləğin ödənilməsini tələb etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə sasən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən Sumqayıl şəhəri, X3 qəsəbəsi, Xəzri yaşayış massivi ev 220-də yerləşən evə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 1298,27 munat məbləğində debitor borcun **********03468 abunə hesabından silinməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı "xxxx" ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edılərək təmin olunmamalıdır. Belə ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, abonent mənzilə məxsus elektrik hesabat sayğacının giriş faza xəttini sayğacın sxemindən çıxararaq mənzilə gedən xəttə birbaşa qoşaraq elektrik enerjisindən istifadə etməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq 09 sentyabr 2021-ci il tarixli, AKT RN 237692 saylı akt əsasında 506.40 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeyd aparılmışdır. 12 sentyabr 2022-ci il tarixdə "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, elektrik sayğacının giriş faza sıxacına əlavə xətt qoşmaqla sayğac sxemdən kənarlaşdırılıb. Kənar xəttin en kəsiyi 10 mm-lik aliminium naqildən ibarətdir. Naqilin qoyuluş gücu 11 kvt olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydanları”nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq 12 sentyabr 2022ci il tarixli, AKT NDM 029768 saylı akt əsasında 348 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin yuxarıda qeyd olunan mənzildə kənar xəttin aşkar olduğu zaman çəkilən video çəkiliş evdə kənar xətdən istifadə olunmasını bir daha sübut edir. İddiaçının abunə haqqında saldosundan da aydın görünür ki, 1298.27 manat məbləğində olan elektrik enerjisindən qanunsuz istifadə etməsi halları dəfələrlə baş vermişdir. İddiaçı isə həmin məbləği iddia ərizəsində dondurulmuş borc kimi qeyd etmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.17.1-ci bəndinin İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerjı təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1- ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerjı təchizatı müəssisəsinin niimayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. EEİQ-nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Qeyd edilənlərə əsasən, İddiaçı "ona məxsus Sumqayıt şəhəri, X3 qəsəbəsi, Xəzri yaşayış massivi, ev 220-də yerləşən evə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 1298.27 manat məbləğində debitor borcun **********03468 abunə hesabından silinməsi barədə” iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh təşkilatla 2016-cı ildən mübahisələri yaranıb. Həmin vaxtdan etibarən ona cavabdeh tərəfindən borcunun məbləği barədə rəsmi məlumat verilməyib. Bildirir ki, hazırda iddia ərizəsində qeyd etdiyi ünvanda yaşayır. Mənzilinə sayğac quraşdırıldıqdan sonra sayğac üzrə yaranmış borcları vaxtında ödəmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, sayğaca kənar xətləri o qoşmamışdır. Hazırda mənzilində sayğac yoxdur. Hesab edir ki, tərtib edilmiş aktlar qanunsuz və əsassızdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin X2 etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisələndirilən aktlar "xxxx" ASC-nin əməkdaşları tərəfindən kənar xətdən istifadəyə görə tərtib edilmişdir. Həmin aktların ikisi məhkəməyə təqdim edilsə də, lakin iddiaçının mənzilə baxış keçirilməsi barədə tərtib edilmiş 2015-ci il tarixli aktı əldə edə bilmədiyindən həmin aktın məhkəməyə təqdim edilməsi mümkün deyildir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, Sumqayıt şəhəri, X3 qəsəbəsi Xəzri yaşayış massivi, ev 220 (Sumqayıt şəhəri, X3 qəsəbəsi, ev 0680, mənzil 3468) ünvanında quraşdırılmış **********03468 saylı abonentin 1298.27 manat məbləğində borcu vardır. İş materiallarında olan 029768 nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, X3 qəsəbəsi Xəzri yaşayış massivi, ev 220 (Sumqayıt şəhəri, X3 qəsəbəsi, ev 0680, mənzil 3468) ünvanında elektrik sayğacına baxış keçirilən zaman elektrik sayğacının giriş faza sıxacına əlavə xətt qoşulmaqla sayğacın sxemdən kənarlaşdırıldığı halı aşkar edilmişdir. İş materiallarında olan 237692 nömrəli xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, X3 qəsəbəsi Xəzri yaşayış massivi, ev 220 (Sumqayıt şəhəri, X3 qəsəbəsi, ev 0680, mənzil 3468) elektrik sayğacına baxış keçirilən zaman sayğac kənar xəttin qoşulduğu halı aşkar edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, X3 qəsəbəsi Xəzri yaşayış massivi, ev 220 ünvanında sayğaca xx.xx.2015-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə baxış keçirilmiş, sayğaca müdaxilə (kənar xətt vasitəsilə) edildiyi aşkar olunduğundan Azərişıq ASC tərəfindən 029768 nömrəli xx.xx.2022-ci il tarixli, 237692 nömrəli xx.xx.2021-ci il tarixli və xx.xx.2015-ci il tarixli, 012964 nömrəli aktlar tərtib olunmuş və həmin aktlar əsasında iddiaçıya ümumilikdə 1147,32 (348+506.4+292.92) manat borc hesablanmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.32-ci bəndinə (mübahisəli akt tərtib olunan zaman qüvvədə olan) əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. İş materiallarından görünür ki, 029768 nömrəli xx.xx.2022-ci il tarixli və 237692 nömrəli xx.xx.2021-ci il tarixli aktlar “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq tərtib edilmiş, akt onu tərtib edən şəxslər tərəfindən imzalanmışdır. Eyni zamanda aktda qeyd edilən hallar təqdim edilmiş videogörüntülərlə öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə həmin Qaydaların 8.32 və 8.33-cü bəndləri (hal şahidlərinin iştirakının məcburiliyi və s. normalar) ləğv edilmişdir. İddiaçı ərizəsində və izahatında elektrik hesabat sayğacına müdaxilə etmədiyini, hər hansı kənar xətdən istifadə etmədiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 029768 nömrəli xx.xx.2022-ci il tarixli və 237692 nömrəli xx.xx.2021-ci il tarixli aktlar qanunvericiliyin tələblərinə riayət edilməklə tərtib edildiyindən, o cümlədən iddiaçı məhkəməyə həmin aktlarda qeyd edilmiş pozuntunun onun tərəfindən törədilmədiyini təsdiq edən hər hansı sübut təqdim etmədiyindən həmin aktlara əsasən hesablanmış 854.4 (348+506.4) manat borcun silinməsi üçün heç bir əsas yoxdur və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iş materialında olan abunə haqqında məlumata əsasən iddiaçıya məxsus mənzilə baxış keçirilməsi nəticəsində "xxxx" ASC tərəfindən xx.xx.2015-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında iddiaçıya 292.92 manat cərimə hesablanmışdır. Lakin "xxxx" ASC tərəfindən xx.xx.2015-ci il tarixli akt və həmin aktın tərtib edilməsi üçün əsas olmuş hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən həmin aktın qanuni olub-olmamasının məhkəmə tərəfindən yoxlanılması mümkün olmamışdır. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli akt əsasında "xxxx" ASC tərəfindən iddiaçıya hesablanmış 292.92 manat borc silinməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən borcun qalan hissəsi (150,95 manat) iddiaçı tərəfindən elektrik enerjisindən istifadə ilə əlaqədar sayğac göstəricilərinə əsasən yaranmış borcdur, cavabdeh tərəfindən tərtib edilmiş aktlarla əlaqədar hesablanmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.14-cü bəndinə görə istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, X3 qəsəbəsi Xəzri yaşayış massivi, ev 220 ünvanında (abunə kodu: **********03468) elektirik enerjisindən istifadəyə görə hesablanmış 292,92 manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, X3 qəsəbəsi Xəzri yaşayış massivi, ev 220 ünvanında (abunə kodu: **********03468) elektirik enerjisindən istifadəyə görə hesablanmış 292,92 (iki yüz doxsan iki manat doxsan iki qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar