Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2232/2022 27.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair” mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Sumqayıt şəhəri, 45-ci məhəllə, 6/79 saylı evin 11 saylı (yeni qaydalarla AZ 5007, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 475, M5, m2) mənzilindən 5.000 (beş min) manat məbləğində kompensasiya verilməklə Cavabdeh yaşayış hüququna xitam verilməsinə və onun mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 6/79 saylı evin 11 saylı mənzili (yeni qaydalarla AZ 5007, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 475, M5, m2) AR DƏDRX-nin 15.10.2015-ci il tarixli, ******* saylı çıxarışına əsasən onun mülkiyyətindədir. Mənzil 2 otaqdan ibarətdir. Cavabdeh onun oğludur. Əri İlham Allahyarov vəfat edəndən sonra oğlu ona tabe olmamışdır. Cavabdeh heç yerdə işləmir, mənzil kommunal xərclərini ödəmir, evə qazanc gətirmir. O, yaşlı, xəstə vaxtında kafedə qab yumaqla pul qazanır. Cavabdehə öz vəsaiti hesabına avtomobil almışdır ki, işləyib qazanc gətirsin. Əksinə hər dəfə qəza törətməklə onu dəfələrlə ziyana salıb. X2 ailə qurub kirayədə yaşayır. Cavabdeh nə onu, nə də nəvəsini mənzilə buraxmır. Cavabdeh qeyri rəsmi olaraq Şəms adlı qızı qaçırıb mənzilə gətirib. Onunla birlikdə ona yaşamağa imkan vermirlər. Cavabdeh onu döyür, söyür, təhqir edir. Onu məcbur edir ki, evdən çıxsın. Hər dəfə onun köməksiz və xəstə vəziyyətindən istifadə edərək onu döyüb xəsarət yetirir. O da məcbur olub evdən çıxıb, qohumlarının evində yaşayır. Cavabdehlə bir mənzildə yaşamaq artıq qeyri-mümkündür. Hesab edir ki, münasibətlərinə hüquqi müstəvidə aydınlıq gəlməlidir. Ona görə də qərara gəlmişdir ki, kompensasiya verilməklə cavabdehi mənzildə çıxarsın. Cavabdehə 5.000 (beş min) manat kompensasiya təklif edir. Həmin məbləğ uzun müddətə cavabdehin hal-hazırki şəraitdə yaşamasına yetərlidir. Ona görə də hesab edir ki, cavabdehin mülkiyyətində olan mənzildəki istifadə hüququna kompensasiya verilməklə xitam verilməli və o, mənzildən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, mənzil qaynatasına məxsus olmuş, sonra ərinə, sonuncunun ölümündən sonra isə onun mülkiyyətinə keçmişdir. Uşaqları, o cümlədən oğlu olan cavabdeh bu mənzildə doğulub, həmin vaxtdan da bu evdə yaşayır və istifadə edir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. Həmin mənzil atasından qalıb, uşaq yaşlarından hazırki vaxtadək həmin mənzildə yaşayır. Kompensasiya istəmir, həmin mənzil ona da məxsusdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş: Yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, 1993-cü il təvəllüdlü Cavabdeh Sumqayıt şəhəri, 45-ci məhəllə, 6/79 saylı evin 11 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 6/79 saylı evin 11 saylı mənzili (yeni qaydalarla AZ 5007, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 475, M5, m2) xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15.10.2015-ci il tarixdə qeydə alınmışdır. X1 sonra prosesin davam etdirilə bilməməsi barədə 21.02.2022-ci il tarixli, MŞB-5- 00597 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, 6/79 saylı evin 11 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu olmaqla uşaq yaşlarından həmin mənzildə yaşayır və istifadə edir. İddiaçı mülkiyyət hüququndan istifadə edərək təklif olunan kompensasiya müqabilində cavabdehin həmin mənzilə olan istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmasını tələb edir. 01 okytabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Məhkəmə işin hallarına şərh olunan hüquq normasına istinadən qiymət verərək hesab edir ki, cavabdeh doğulduğu vaxtdan (1993) mübahisəli mənzildə mülkiyyətçinin ailə üzvü kimi birgə yaşayaraq yaşayış sahəsindən bərabər istifadə etmək hüququ qazanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarında göstərilir ki, «Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.» Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mülkiyyət hüququ Azəbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Şərh olunan hüquq normalarının məzmunundan görünüdüyü kimi istifadə hüququnun xitamı zamanı, elə bir əvəzləşdirmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən kompensasiyanın məbləği müəyyən edilərkən kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması, kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti, istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi, kompensasiya təklif olunan şəxsin kompensasiya təklif olunan vaxt hər-hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddət, evin kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazi, kompensasiya təklif olunan və təklif edən şəxsin maddi imkanları nəzərə alınmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, hazırki halda təklif edilən kompensasiya məbləği iddianın təmin edilməsinə əsas vermir. Belə ki, iş materiallarına əlavə edilmiş internet səhifəsindən çıxarışlardan görünür ki, mübahisə predmeti olan əraziyə qonşu ərazilərdə mənzilinin kirayə dəyəri həmin ərazidəki əmlak bazarında formalaşmış qiymətlərə görə 220-300 manat təşkil edir. Məhkəmə mənzil bazarındakı kirayə qiymətlərini, istifadəçinin maddi və sosial vəziyyətini, istifadəçinin başqa yaşayış yerinin olmaması və özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddəti, həmin mənzildən istifadə müddəti ilə bağlı diqqətəlaiq halları nəzərə alaraq hesab edir ki, iddiaçının təklif etdiyi məbləğ (5000 manat) cavabdehə müəyyən müddət daxilində oxşar şəraitli mənzilldə kirayədə yaşaması üçün yetərli deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Həmçinin qeyd olunmuşdur ki, bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən təklif olunan məbləğin bazar qiymətinə uyğun olmadığı, məbləğin artırılması iddiaçıya təklif olunsa da, iddiaçı buna razılığını bildirməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə hazırki halda kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyildir. Məhkəmə iddiaçının mübahisəli mənzildən çıxarılması ilə bağlı hissədə iddia tələbini gəlincə həmin hissədə iddia tələbini qanuni və əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi əsas, mənzildən çıxarılması törəmə tələb olmaqla, törəmə tələbin təmin edilməsi əsas tələbin təmin edilməsindən asılıdır. Nə qədər ki, əsas tələb təmin edilməmişdir, törəmə tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2232/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2232/2022
27.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver