Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2253/2024 04.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş şəxslər X2 və X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı «miras əmlakın qəbul müddətinin bərpa edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı iddia qaldıraraq 26 oktyabr 2022-ci ildə vəfat etmiş X1na məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən 27 saylı evin 59-cu mənzilinə dair miras əmlakın qəbulu müddətinin buraxılmasının üzrlü hesab edilərək müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X6 onun anasıdır. X1 15 oktyabr 1947-ci ildə anadan olmuş, 26 oktyabr 2022-ci ildə vəfat etmişdir (AZ-İİ 309029 nömrəli ölüm haqqında şəhadətnamə). Anasının vəfatı tarixinə mülkiyyətində Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən 27 saylı evin 59-cu mənzili olmuşdur. Bunu mərhumun adına verilmiş qeydiyyat vəsiqəsi təsdiq edir. Sumqayıt şəhəri, 8-ci mikrorayon ünvanında yerləşən 27 saylı evin 59-cu mənzili faktiki olaraq miras əmlak kimi qəbul etmiş və mənzildən təyinatı üzrə istifadə edir. Lakin hüquqi savadsızlıq səbəbindən qanuni vərəsə kimi miras əmlaka dair şəhadətnamə almamış və mərhum anasına məxsus mənzilə görə hüquqmüəyyənedici sənədlər əldə etməmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi mərhum anasına məxsus mənzildən təyinatı üzrə istifadə etməklə onu faktiki qəbul etmişdir. Bu yaxınlarda qanuni vərəsə kimi 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə mirası qəbul etmək üçün müraciət etmişdir. 1 saylı Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisindən mirasın qəbulu müddətini buraxdığı üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur (xx.xx.2024-cü il tarixli, 384 saylı məktub). Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində işə cəlb edilmiş şəxs X5 izahatında bildirdi ki, anasının evidir. Sağ olduğu müddətdə həmin ev satılmayacaqdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində işə cəlb edilmiş şəxs X7 izahatında bildirdi ki, məhkəmə prosesinin uzanmasını istəmir. Payının müəyyən olunmasını istəyir. Evi yoxdur. Evin bölünməsini istəyir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn, miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. Belə olan hada iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir. Məhkəmə MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s.) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyənedilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməzdir (Ali məhkəmənin 2(102)-1606/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı). İddiaçıya izah olunsun ki, miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması və s. tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin hazırkı ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı «miras əmlakın qəbul müddətinin bərpa edilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-2253/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2253/2024
04.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver