Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2254/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 287460 saylı akt əsasında ona hesablanmış 433,52 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehin əməkdaşları tərəfindən iddiaçının mülkiyyətçisi olduğu ünvan 1 ünvanına xidmət edən elektrik sayğacına 19 yanvar 2023-cü ildə baxış keçirilmiş və 028649 R №-li akt tərtib olunmuşdur. Aktda göstərilmişdir ki, guya “sayğacdan kənar xətdən istifadə olunur”. Cavabdeh bunu sayğaca müdaxilə kimi qiymətləndirmiş və iddiaçıya 433,52 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı bununla razılaşmır. Onun tərəfindən sözügedən elektrik sayğacına heç bir müdaxilə edilməmişdir. O, kənar elektrik xətdən istifadə etməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, abonent elektrik enerjisindən sayğacdan kənar xəttdən istifadə edir. Kənar xəttdən axan yük ölçüldü. İ=1,2 A kvt (bir tam onda iki) Kənar xəttdən axan yük. Pfak=0.26 kvt Psay=0 kvt (Sayğacdan axan yük) halı aşkar edilmiş və xx.xx.2023-cü il tarixli, AKT R №-li 287460 saylı akt əsasında 514,16 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Sayğacdan kənar xəttin mövcudluğu video çəkiliş vasitəsi ilə qeydiyyata alınıb. Kənar xəttin ləğv olunmasına dair protokol tərtib edilmişdir. İddiaçı kənar xəttdən istifadə etdiyi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sayğac göstəricisi 0 təşkil etmişdir. Sayğacdan kənar xətt ləğv edildikdən sonra xx.xx.2023-cü il tarixdə 20 gün ərzində dəyəri 2,32 manat təşkil edən 29 kvt saat miqdarında, xx.xx.2023-cü il tarixdə 11 gün ərzində dəyəri 6,88 manat təşkil edən, 86 kvt saat miqdarında,xx.xx.2023-cü il tarixdə 27 gün ərzində dəyəri 12,88 manat təşkil edən, 161 kvt saat miqdarında elektrik enerjisi istehlak edilmişdir. Bu da onu göstərir ki, iddiaçı elektrik enerjisindən qanunsuz istifadə edib. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, mülkiyyətçisi olduğu mənzildə sayğacdan kənar xətt mövcud deyil. Sayğac cavabdehin əməkdaşları tərəfindən dəyişdirilib. O, aktın tərtibində iştirak edib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1960-cı ildə, Ağsu rayonu, Quzay kəndində anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 287460 nömrəli aktda göstərilmişdir ki, abonentin elektrik enerjisindən sayğacdan kənar xətdən istifadə edir. Aktda kənar xəttin ləğv edilməsi nəzərdə tutulmuşdur. İddiaçının abonent kimi qeydə alındığı ünvan 2 ünvanının abunə haqqında məlumatından görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində aktlar əsasında həmin mənzilə ümumilikdə 514,16 manat borc hesablanmışdır. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokola əsasən kənar xətt ləğv edilmiş və sayğac dəyişdirilmişdir. İş materiallarına video-disk əlavə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır (8.32). İddiaçının yaşadığı mənzilin elektrik enerjisindən istifadəyə dair abonent məlumatından görünür ki, iddiaçı mənzilində xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək istifadə edilmiş elektrik enerjisinin dəyəri sıfıra bərabər olmuşdur. xx.xx.2023cü il tarixində, yəni xx.xx.2023-cü il tarixli aktın tərtibindən yeddi gün sonra sərfiyyat 2,32 manat, xx.xx.2023-cü il tarixində 6,88 manat, xx.xx.2023-cü il tarixində 12,88 manat olmuşdur. Aktın tərtibinədək (sayğacdan kənar xəttin ləğv edilməsinədək) iddiaçının mənzilində elektrik enerjisindən istifadəyə görə sərfiyyatın sıfıra bərabər olması və bundan sonra isə sərfiyyatın yaranması iddiaçının həmin dövrə kimi sayğacdan kənar elektrik xəttindən istifadə etdiyi qənaətinə gəlməyə imkan verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Göründüyü kimi iddiaçı borcun əsassız hesablandığını bildirir və həmin borcun silinməsini xahiş edir. Lakin cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda iddiaçının əvvəllər yaşadığı evdə sayğacdan kənar elektrik xəttindən istifadə edildiyi göstərilmişdir. İddiaçı qeyd edilən halı inkar edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 287460 saylı, xx.xx.2023cü il tarixli akt əsasında ona hesablanmış 433,52 manat borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2254/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2254/2023
18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver