Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2255/2024 04.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,52 kv.metr, iki otaqdan ibarət olan 11 saylı mənzil 1979-cu ildən iddiaçının qanuni istifadəsində olmuşdur. Həmin mənzil üzərində mülkiyyət hüquqları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və iddiaçıya ********** qeydiyyat nömrəli, xx.xx.2008-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müraciəti əsasında xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışla əvəz olunmuşdur. Cavabdeh1 iddiaçının oğludur, Cavabdeh2 iddiaçının gəlini və Cavabdeh3 isə iddiaçının nəvəsidir. Son bir neçə ildir ki, ailədə mənzillə bağlı mübahisələr baş verdiyinə görə iddiaçı mənzilin mülkiyyətçisi olaraq mənzil üzərində olan mülkiyyət hüquqlarını istədiyi kimi həyata keçirə bilmir. Cavabdehlər ayrı yaşamaq istəyində olduğu üçün 2020-ci ildə iddiaçıya məxsus mənzildən köçüb getmişlər. Mənzillə bağlı mövcud vəziyyəti nəzərə alıb, iddiaçı mənzilin mülkiyyətçisi olaraq sərəncam hüququnu həyata keçirmək məqsədilə cavabdehlərə kompensasiya verməklə onların mənzildən istifadə hüquqlarına xitam vermək qərarındadır. Cavabdehlər kompensasiya ilə bağlı etdiyi təkliflərlə razılaşmır. Mənzilin dəyərini, Sumqayıt şəhərində buna oxşar mənzillərin kirayə haqqının 200-250 manat civarında olmasını və pensiyaçı olduğunu nəzərə alaraq cavabdehlərə 8000 manat civarında kompensasiya təklif edir, düşünür ki, bu məbləğ cavabdehlərin davamlı surətdə və müəyyən müddət (3 il) ərzində oxşar yerdə, oxşar şəraitli bir mənzildə kirayədə yaşaması üçün yetərlidir. Hesab edir ki, cavabdehlərə təklif etdiyi kompensasiya onların mənzil hüquqlarına xələl gətirmir və tam qanuna uyğundur. Kompensasiya ilə bağlı razılaşmanı əldə etmək mümkün olmadığına görə, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 8000 manat məbləğində kompensasiya verməklə, onların ünvan 2 ünvanında yerləşən, 11 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 öz izahatında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, təklif olunan kompensasiya məbləği uyğun məbləğ deyildir. Azərbaycan Respublikasının məhkəmə təcrübəsində Ali Məhkəmənin qərarları vardır. Yalnız bir şəxsin mənzildən çıxarılmaqla onun yaşayış hüququna xitam verilməsi ilə bağlı 15000 manat kompensasiya ödənilir. Hazırda apellyasiya məhkəməsində olan oxşar işlə bağlı bir nəfər qeydiyyatdan çıxarılır və həmin iş üzrə məhkəmənin də mövqeyi 15000 manat kompensasiya verilməsidir. Belə ki, Konstitusiya Məhkəməsinin qərarına əsasən məbləğ müəyyən edilən zaman məhkəmə də mövqe bildirir. İddiaçının tələb etdiyi məbləğ hazırki məhkəmə təcrübəsində nəzərdə tutulan məbləğdən çox aşağı məbləğdir. Bu məbləğ bir ailə üçün verilir. Həmçinin qeyd edir ki, cavabdehlərdən Cavabdeh3 da valideynlərinin himayəsində qalacaq qədər azyaşlı deyildir. Ona ayrıca kompensasiya verilməli olduğunu bildirmir, lakin o da həmin mənzildə yaşadığı üçün ailə ilə birlikdə mənzildən çıxır. Lakin, nəzərə alınmalıdır ki, o, yetkinlik yaşına çatmışdır. Kompensasiya məbləği 15000 manata yaxın məbləğdə olmalıdır. Bununla bağlı Ali Məhkəmənin qərarları da vardır ki, hər bir tərəf üçün 15000 manat müəyyən edilmişdir. Biz hər cavabdeh üçün 15000 manat verilməsini tələb etmirik, lakin 8000 manat çox aşağı məbləğdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1, 11 saylı mənzil İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.
7. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2004-cü ildən etibarən Cavabdeh3, X1, Cavabdeh1, Cavabdeh2 ilə birlikdə ünvan 1, 11 saylı mənzildə qeydiyyatdadırlar.
8. İş materiallarında olan 17 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası Abasov Ə.İ., qonşulardan Məmmədova Z.Y., Məhərrəmova R.F. tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 11-ci mikrorayon, ev 10, mənzil 11-də qeydiyyatdadırlar, lakin 2020-ci ildən göstərilən ünvanda yaşamırlar.
9. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilin hüquqi rejiminə dair məlumat verilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 780 nömrəli, xx.xx.2008-ci il tarixli arxiv çıxarışı, Sumqayıt şəhəri 17 saylı Mənzil- İstismar Sahəsi tərəfindən verilmiş 3076 nömrəli xx.xx.2008-ci il tarixli forma 2 arayışı və mənzildə qeydiyyatda olanların razılıq ərizələri əsasında sözügedən mənzil üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti əsasında xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışla əvəz olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1, 11 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 iddiaçının oğludur, Cavabdeh2 iddiaçının gəlini və Cavabdeh3 isə iddiaçının nəvəsidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 sözügedən mənzildə qeydiyyatdadırlar. İddiaçı cavabdehlərə 8000 manat kompensasiya verilməklə mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Eyni zamanda, iddia tərəfi məhkəmə prosesinin gedişatı zamanı kompensasiya məbləğinin 12000 manat məbləğinə qaldırılmasına etiraz etmədiyini bildirir. Cavabdeh iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
12. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığından, hazırki mübahisəyə qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından hüquqi qiymət verilməlidir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
15. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.
18. Göstərilən Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.
21. Belə ki, tərəflərin izahatlarından görünür ki, mübahisə predmeti olan əraziyə qonşu ərazilərdə mənzilinin kirayə dəyəri həmin ərazidəki əmlak bazarında formalaşmış qiymətlərə görə 300-350 manat təşkil edir.
22. Məhkəmə qeyd edir ki, iddiaçının özünə məhkəmə tərəfindən cavabdehlərə ağlabatan məbləğdə (12.000 manat) kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi təklif olunmuş, iddiaçı tərəf buna razı olmuşdır.
23. Göstərilənlərə əsaslanmaqla məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətçi kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun 8000 (səkkiz min) manat kompensasiya verilməklə itirilməsinə dair tələbi qismən təmin olunmalıdır. Belə ki, iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün ödəniləcək cəmi 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə qeyd olunan mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini təmin edə bilməyəcəyindən, kompensasiya məbləği 12000 (on iki min) manat həcmində müəyyən edilməlidir.
24. Məhkəmə qeyd edir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi iddiaçının mülkiyyət hüququnu təşkil edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququ olaraq tanınmışdır. Bu baxımdan kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.
25. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.
26. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
27. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 12.000 (on iki min) manat məbləğində kompensasiya ödənilməklə onların Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 10 saylı evin 11 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
28. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
34. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 12.000 (on iki min) manat məbləğində kompensasiya ödənilməklə onların Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 10 saylı evin 11 saylı mənzilinə istifadə hüquqlarına xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva