Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2264/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh «Azəriqaz» İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə 05 may 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Qaz İstismar İdarəsinə qarşı aktın etibarsız hesab edilərək hesablanmış cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Qaz İstismar İdarəsi tərəfindən tərtib olunmuş 29.11.2021-i il tarixli aktın etibrasız hesab olunması və ona məxsus ünvan 2-yə dair əsassız olaraq hesablanmış 400 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Sumqayıt Qaz İstismar İdarəsinin «Azəriqaz» İB ilə əvvəz olunmasını və ona məxsus mənzilə hesablanmış 423 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ona məxsusdur. Həmin mənzildə o, ailə üzvləri ilə birlikdə yaşayır. 29 noyabr 2021-ci il tarixdə “Azəriqaz”-ın nümayəndələri ona məxsus yuxarıda qeyd olunan mənzildə onun iştirakı olmadan qanunsuz olaraq yoxlama keçirmiş və qanunsuz olaraq akt qəbul edilmişdir. Guya ki, yoxlama zamanı məlum olmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunub. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, aktda göstərilənlər tamamilə yalandır və həqiqətə uyğun deyildir. Bu səbəbdən də hesab edir ki, qanunsuz olaraq akt qəbul edilmiş və bu akt əsasında da ona qanunsuz və əsassız cərimə hesablanmışdır. Bildirmək istəyir ki, onun tərəfindən sayğaca heç bir kənar təsir olmamışdır. Hesab edir ki, yoxlama nəticəsində qəbul edilən akt ləğv edilməli, ona hesablanmış cərimə silinməlidir. Bu barədə “Azəriqaz”-ın Sumqayıt Qaz istismar sahəsinə müraciət etsə də nəticəsi olmamış, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinin kötüyünə imza edilməklə) xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə İddiaçı iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan ünvan 1-yə baxış keçirilmişdir. Vizual baxış zamanı sayğaca müdaxilə edildiyi aşkar olunmamışdır. Buna görə də «Azəriqaz» İB tərəfindən 29.11.2021-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmçinin sayğaca olan müdaxilə Dövlət Laboratoriyasının rəyi ilə də öz təsdiqini tapır. Bu baxımdan hesab edir ki, akt tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1-də İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 423 manat borc hesablanmışdır. İşdə olan 29.11.2021-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda ünvan 1-də sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsildiyi və yapışqan maddə ilə yenidən yerinə bərpa olunması qeyd edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair 29.11.2021-ci il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 4320 m3 (432 manat) müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən tərtib edilmiş 30.11.2021-cı il tarixli, MSK 29/1710-04831-1 nömrəli aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x04831 saylı, 22.11.2021-cı il tarixli məktubuna əsasən 23.11.2021-cı il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İşdə olan qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 423 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanına (abonent kodu: **********00200) hesablanmış 423 (dörd yüz iyirmi üç) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2264/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2264/2022
05.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver