Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2273/2025 21.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 2740 manat borcun, ondan aldığı sırğanı, sırğa olmadığı təqdirdə 1245 manat pulun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı hal-hazırda gözəllik salonunda saç ustası işləyir. Cavabdeh müştərisi vasitəsi ilə tanımışdır. Sonradan cavabdeh də onun müştərisi olmuşdur. Aralarında xoş münasibətlər yaranmışdır. 2023-cü ildə cavabdeh ondan 1500 manat nağd pul almış, sonra ondan 100 manat borc pul, dəyəri 990 manat olan 3 ədəd saç və dəyəri 11,5 qram olan 583 əyyarlı sırğa, həmçinin 150 manata saç qaynağı etmişdir. 2023-cü ildən bugünə kimi ona nə ödəniş edib, nə də ki qeyd etdiyi ondann aldıqlarının heç birini geri qaytarmayıb. Dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq, cavabdeh dəfələrlə qısa müddət ərzində ona borclu olduğu məbləği və ondan aldığı sırğanı geri qaytaracağı ilə bağlı vəd versə də, hər dəfə onu aldatmışdır. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığı olduğundan məhkəmə müvafiq qərardad qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
9. Belə ki, iddiaçı Aslanova X1 Fatma Akif qızına 1600 manat məbləğində pul vəsaiti, dəyəri 990 manat olan 3 ədəd saç, dəyəri 1245 manat olan sırğa verdiyini və 150 manat məbləğində saç qaynağı xidməti göstərdiyini iddia edərək, həmin məbləğlərin geri qaytarılması ilə bağlı tələblə məhkəməyə müraciət etmişdir.
10. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.
11. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
12. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.
13. Hazırki halda iddiaçıya pul vəsaitinin verilməsini, habelə əşyanın alıcıya təhvil verildiyini sübutetmə vəzifəsi iddiaçıya həmin pul vəsaitinin ödənildiyini, sübutetmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
14. Hazırki işdə cavabdehin iddiaçıya borclu olması iddiaçının məhkəməyə təqdim etdiyi səs yazıları əsasında öz təsdiqini tapmışdır. Belə ki, cavabdehə məxsus səs yazılarında iddiaçıya borcunun olduğuna etiraz etməmiş və ona olan borcunu ödəyəcəyini bildirmişdir.
15. Bundan başqa cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə ünvanına məhkəmə bildirişi və AZEMİS vasitəsilə SMS xəbərdalıq göndərilməklə məlumat verilmiş, lakin o, məhkəmə iclaslarında iştirak etməmiş, eyni zamanda iddiaya qarşı yazılı etirazını, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
16. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə iddianın 1600 manat hissəsində tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə borc olaraq 1600 manat məbləğində pul vəsaiti verilmiş, lakin cavabdeh qeyd olunan məbləğin iddiaçıya qaytarılmasına dair öhdəliyini yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
17. Məhkəmə iddia ərizəsində qeyd olunan əşyaların (dəyəri 990 manat olan 3 ədəd saç, dəyəri 1245 manat olan sırğanın) cavabdehə verilməsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilən mallar daşınar əşyalar olduğundan və eyni zamanda qanunvericiliyə əsasən həmin əşyalar daşınar əşyaların rəsmi reyestrində qeydə alınmalı olan əşyalar olmadığından tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən 29-cu fəslində qeyd edilən əşyaların alqı-satqısı ilə bağlı şifahi müqavilənin bağlanmasını istisna edən hər hansı bir şərt nəzərdə tutulmamışdır.
18. Göründüyü kimi, İddiaçı ilə cavabdeh arasında həmçinin alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri də mövcud olmuşdur. İddiaçı aralarındakı şifahi razılaşmaya uyğun olaraq əşyaları cavabdehə vermiş, lakin cavabdeh müqavilədən irəli gələn borcun ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdirlər. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
19. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə əşyaların dəyərinin əvəzi olaraq 2235 manat məbləğində pul vəsaiti tutulmalıdır.
21. Məhkəmə iddiaçı tərəfindən cavabdehə 150 manat məbləğində saç qaynağı xidməti göstərilməsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən həmin xidmətin göstərilməsinin dəyərinin ödənildiyini təsdiq edən hər hansı bir sübut da məhkəməyə təqdim edilməmişdir.
22. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2740 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, Cavabdeh çəkisi 11,5 qram, əyarı 583 olan qızıl sırğa, həmin sırğa mövcud olmadığı halda isə onun dəyəri olaraq 1245 manat (min iki yüz qırx beş) manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir.
Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 2740 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 (altmış) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin; Cavabdeh çəkisi 11,5 qram, əyarı 583 olan qızıl sırğa, sırğa mövcud olmadığı halda isə onun dəyəri olaraq 1245 manat (min iki yüz qırx beş) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva