Məhkəmə qərarları › İş №2(060)-228/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-228/2022

06.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-228/2022 06.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə massivi, ev 652/Q-də yerləşən mənzilə əsassız olaraq hesablanmış 321,30 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, Yaşıldərə massivi, ev 652/Q-də yerləşən mənzilə 2020-ci ildə köçmüşdür. Köçdükdən sonra mənzilə öz vəsaiti hesabına su xətti çəkmiş və su idarəsinə müraciət etmişdir ki, onun mənzilinə su sayğacı quraşdırılsın. Lakin cavabdeh təşkilat həmin mənzil üzrə iddiaçının 01.01.2014-ci il tarixindən 321,30 manat borcu olduğunu bildirmişdir. İddiaçı onlara mənzilə yeni köçdüyünü, onunla müqavilə bağlanmadığını və məcburi köçkün olduğunu bildirsə də onlar həmin məbləğin ödənilməsini iddiaçıdan tələb etmişdirlər. Hesab edir ki, həmin borclar qanunsuz və əsassız olduğu üçün silinməlidir. Belə ki, müəssisə tərəfindən sayğacsız dövr üçün hesablaşmanın 1 ay müddətində aparmalı olduğu halda uzun müddətə metodiki hesablama aparılaraq 321,30 manat borc hesablanmışdır. Bununla əlaqədar cavabdeh təşkilata dəfələrlə iddiaçı tərəfindən müraciət edilməsinə baxmayaraq həmin borcun necə yarandığını sübut edə bilməmişdirlər. Lakin buna baxmayaraq cavabdeh təşkilat qeyri-müəyyən yollarla mənzilinə qanunsuz olaraq 321,30 manat məbləğində hesablaşma aparmışdır. Buna görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, ünvan 3-də "Azərsu” ASC-nın “Sumqayıt Sukanal” idarəsinin abonent bazasında abonent kimi 01.01,2014-cü il tarixdən İddiaçı adına bağlanmış müqavilə (№********) ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Hal-hazırda 26.10.2021-ci il tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadəyə görə 456,81 (dörd yüz əlli altı manat, səksən bir qəpik) manat borcu qalmışdır. iddiaçının məhkəməyə müraciət etməsinə səbəb cavabdeh “Azərsu" ASC-nın əsassız olaraq su pulu hesablaması olmuşdur. Qeyd olunan ünvanda 01.01,2014-cü il tarixdə kod açılaraq 4 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır. Abonent tərəfindən məcburi köçkün olması və qeyd olunan ünvanda yaşayış olmaması barədə arayış təqdim olunmadığından abonent bazasında hesabat aparılarkən nəzərə alınmamışdır. Bildirmək istəyirik ki, iddiaçıya məxsus ünvan 1 ünvanında məcburi köçkün kimi 5 nəfər ailə tərkibi ilə limitdən istifadə olunub və güzəşt nəzərə alınıb. Məlumat üçün bildiririk ki, 01.01.2017ci il tarixdə məcburi köçkünlər üçün nəzərdə tutulmuş limit ləğv olunmuşdur. Qeyd olunan ünvanda hal-hazırda hesabat sayğac göstəricilərinə uyğun olaraq aparılır. Ünvanda su sayğacı 13.02.2021 -ci il tarixdə quraşdırılmışdır. İddiaçıya məxsus Yaşıldərə yaşayış massivi, ev 652/Q ünvanında 2018-ci ilin fevral ayının 1-dən abonent kodu passiv edilərək hesabat dayandırılmışdır. Yaşıldərə ərazisi gecəqondu yaşayış ərazisi olduğu üçün ünvanlar şərti nömrələnmişdir. "Sumqayıt Sukanal” idarəsinin əməkdaşı tərəfindən qapının üzərində abonent kodu yazılmadığı üçün passiv abonent kimi qeyd olunmuşdur. Lakin 2020-ci ilin iyul ayında qeyd olunan ünvanda xidmətlərdən istifadə olunduğu aşkarlanmış və kod aktiv edilərək passiv olunan dövr üçün 321,30 manat dəyərində hesabat aparılmışdır. İddiaçı əsassız olaraq hesablanmış 321,30 (üç yüz iyirmi bir manat, otuz qəpik) manat məbləğində borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçınının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli tədqiq edərək, sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsi 1 və 3-cü məhəllə üzrə 1 saylı Məhəllə komitəsinin verdiyi ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə 2020-ci ilin iyun ayından hazırki vaxtadək ünvan 3 ünvanında qeydiyyatsız yaşayırlar. 2020-ci ilin yanvar ayına qədər həmin ünvanda yaşamadıqları qeyd olunmuşdur. -AA seriyalı 103928 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkündür, hazırda Sumqayıt şəhərində məskunlaşmışdır. - abonent kartından görünür ki, sayğac göstərciləri əks olunana yəni, 2016-cı ildən 2021-ci ilədək 321,30 manat borc hesablanmışdır. - Sumqayıt şəhə Məhkəməsinin 2(060)-298/2021 saylı, 11.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, 2016-cı ildən 2021-ci ilədək abonentə hesablanmış 291,25 manat borcun silinməsini iddiaçı xahiş etmiş və iddiası təmin edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 3 ünvanındakı mənzil İddiaçı istifadəsindədir. O, həmin ünvanda 2020-ci ilin yanvar ayından ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır. Cavabdeh təşkilat isə iddiaçıya 2014-cü ildən 2017-ci ilədək olan dövr üçün sudan istifadəyə görə 321,30 manat borc normativ qaydada hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin qərarın 6.14-cü bəndinə əsasən su ölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) suölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına suölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Həmin qərarın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin qərarın 7.6-cı bəndinə verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 2020-ci ilin yanvar ayınadək göstərilən ünvanda yaşamadığından onun həmin vaxtadək sudan istifadə etməsi barədə cavabdehin dəlili, həmin dövrə qədər borcun hesablanması əsassızdır. Belə ki, iddiaçının sözügedən ünvanda 2020-ci ilin yanvar ayınadək yaşaması və orada sudan istifadə etməsi iş materialları ilə təsdiqini tapmır, eyni zamanda cavabdeh tərəfindən bunun əksinə dəlalət edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı istifadə etmədiyi suyun dəyərini ödəməyə borclu deyildir və bu halda borcun tələb edilməsi onun qanunla qorunan hüquq və maraqlarını pozur. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.Qeyd edilən Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.Bu Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını müəyyən etdiyi hallara tətbiq edərək hesab edir ki, istifadə edilən suyun dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda iddiaçının 2017-ci ildən əvvələ yaranmış sudan istifadəyə görə edilməli olan 321,30 manat ödənişin tələb etmə müddəti keçdiyindən tələb qüvvəsini itirmişdir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə massivi, ev 652/Q –a aid **********630 abonent koduna hesablanmış 321,30 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 500 manatdan az olduğu üçün qanunvericiliyin tələbinə əsasən 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə massivi, ev 652/Q-də yerləşən mənzilə əsassız olaraq hesablanmış 321,30 manat məbləğində borc silinsin. İddianın verilməsinə görə 20 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar