Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2290/2022 21.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun aiə üzvləri ilə məskunlaşdığı ünvan 1 ünvanında əsassız hesablanmış 1248.58 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında Füzuli rayonundan məcburi köçkün kimi 11 nəfər ailə üzvləri ilə birlikdə məskunlaşıb yaşayır. O və onun 9 nəfər ailə üzvü məcburi köçkün statusuna malik olduqları üçün hər ailə üzvünə işıq sərfiyyatı ilə bağlı 150 kv.limit təyin olunmuş və bu ölçüdə işıqdan istifadə ilə bağlı ödənişlər AR QMKİDK-si tərəfindən aparılmışdır. Cavabdeh təşkilata bu barədə arayışın verilməsinə baxmayaraq AR QMKİ DK-si tərəfindən yalnız 4 nəfərin güzəşt limiti əsasında hesablama aparılmış və nəticədə hazırda ona məlum olmuşdur ki, ona məxsus olan mənzildə 1248.58 manat borc yığılmışdır. Halbuki həmin limit ləğv olunandan sonar onun tərəfindən işıq sərfiyyatı ilə bağlı ödənişlər sayğac göstəricisi əsasında icra olunmuşdur. İddiaçı cavabdeh tərəfindən tələb olunan məbləği əsassız hesab edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, 31.12.2016cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 1248.58 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Qeyd olunan halın nəzərə alınmasını xahiş etdi. İddiaçı teleqram vuraraq, iddianı müdafiə etdiyini, tələbinin təmin olunmasını və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: -Abunə haqqında çıxarışdan görünür ki, 1248.58 manat silinməli qaçqın borcu mövcuddur. - AR Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayonu Mənzil-İstismar hissəsinin 1 nömrəli Mənzil-İstismar sahəsinin 23.02.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Vətəndaş 2015-ci ildən 2020-ci il tarixədək ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. - AR Abşeron rayon İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01.03.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivi 66 saylı bağ evində müvəqqəti məskunlaşmışdır. - Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. - "xxxx" ASC-nin X3 Təchizatı və Satışı İdarəsinin 50-01/157 №-li, 12.04.2022-ci il tarixli məktubundan görünür ki, 31.12.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 1248.58 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Mənzilin 31.12.2016-cı il tarixdən 02.04.2022-ci il tarixinədək enerjitəchizatçı təşkilata sayğac borcu yoxdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanına 31.12.2016-ci ilə kimi hesablanmış sərfiyyat borcu 1248.58 manat təşkil edir. İddiaçı məcburi köçkündür və ailəsi ilə birlikdə sözügedən ünvanda məskunlaşmışlar. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanmış 1248.58 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 1248.58 manat borc hesablanmışdır. Eyni zamanda həmin borc məbləğinin qarşısından “Qaçqın borcu silinməli” qeydi aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı istifadəsində olan **********00922 saylı abonent koduna hesablanmış 1248.58 manat borc silinməlidir. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi, ev 21, 10 saylı mənzil üzrə qeydiyyata alınmış **********00922 saylı abonent koduna hesablanmış 1248.58 manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2290/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2290/2022
21.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver