Məhkəmə qərarları › İş №2(060)-2297/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2297/2024

06.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2297/2024 06.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 852 manat borcun **********03142 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. Qeyd etdiyi ünvana dair X1yə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə tam şəkildə ödəmişdir. 2024-cü ilin yanvar ayında sayğacında problem olmuşdur. Cavabdehin qaynar xəttinə məlum vermişdir. Gəlmiş, baxmış və onu müvəqqəti olaraq elektrik enerjisi ilə təchiz etmişlər. Bir həftə sonra sayğacın əvvəlki vəziyyəti bərpa olunmuşdur. Lakin bir həftə sonra ona məlum olmuşdur ki, 852 manat cərimə hesablanmışdır. Bir həftə ərzində bu qədər hesabat aparılmasını tamamilə qanunsuz hesab edir. Lakin, "xxxx" ASC-nin işçiləri guya yaşadığı evdə sayğaca müdaxilə edilməsi aktını qeyd etdiyini bildirərək akt tərtib etmişlər. Akt tərtib edilən zaman onun iştirakı təmin olunmalı idi. Lakin onlar qeyri-qanuni olaraq ona akt tərtib etmiş və cərimə yazmışlar. Hər ay cavabdeh təşkilatın əməkdaşları gəlmiş, sayğacı yoxlamış və ona bildiriş vermişdilər ki, əgər elə bir fakt olsa idi, bunu sayğacı yoxlayan əməkdaşlar görərdi. Bundan əlavə sayğac çıxarılaraq laboratoriyaya göndərilməli və əməkdaşlar onu da ora dəvət etməli və sayğac yoxlanışında o da iştirak etməli idi. Abonent saldosundan da aydın görünür ki, sentyabr ayında və ondan əvvəlki aylarda da 15-20 manatlı enerji sərf edilmişdir. Əgər sayğaca müdaxilə etsə idi, sayğacı ümummiyətlə keçən enerjini qeyd etməz idi. Hesab edir ki, ona hesablanan cərimə borcu tamamilə qanunsuz və əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizəsi ilə eyni məzmunlu izahat verdi və onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, EİQ-nin pozulmasına görə aktlar əsasında 852.41 manat borc mövcuddur. Cəmi borc isə 1426.59 manatdır. - Abunə haqqında çıxarışdan görünür ki, abonent kodu **********03142 olan ünvanda 2023-cü ilin yanvar-mart aylarında müvafiq olaraq 8.16; 7.44; 7.12 manat, həmin ilin may ayında isə 9.60 manat dəyərində elektrik enerjisi sərfiyyatının olduğu görünür. - 034894 saylı, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın giriş “0” xətti açılmaqla kənardan xətti ötürməklə sayğac sxemdən kənarlaşdırılmışdır. (4,4 kvt x 24 saat x 0,7 x 102 gün) – 983 kvts = 6557 kvts tarif (0,13 man) – 6557 kvts x 0,13 = 852,41 manat) hesabat aparılmışdır. Akt "xxxx" ASC-nin əməkdaşları V.İsgəndərov, V.Binnətov və A.Əhmədov tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, bina 0680, mənzil 3142 ərazisində yerləşən abonent kodu **********03142 olan ünvanda kənar xətt aşkar olunduğundan akt əsasında 852 manat borc hesablanmışdır. Akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən imzalanmışdır. Abonent 2024-cü ilin yanvar-mart aylarında müvafiq olaraq 24.64, 15.20, 14.24 manat dəyərində elektrik enerjisi sərf etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.17-1-ci bəndində göstərilmişdir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının qanunsuz hərəkəti nəticəsində X1 etməsi halı iş materialları və təqdim olunmuş sübutlarla, eləcə də abonentin abunə haqqında çıxarışının təhlili ilə öz təsdiqini tapmır. Belə ki, müvafiq akt qanunvericilikdə imperativ şəkildə nəzərdə tutulmuş qaydada istehlakçının iştirakı ilə tərtib olunmamış, bir nüsxəsi ona təqdim edilməmiş, eyni zamanda həmin vaxt belə halın mövcudluğu barədə videoyazı, bunu təsdiqləyəcək fotoşəkil məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia əsaslıdır. Həmçinin, abonentin saldosundan görünür ki, akt tərtib olunanadək 2024-cü ilin yanvar-mart aylarında müvafiq olaraq 24.64, 15.20, 14.24 manat dəyərində elektrik enerjisi istifadə edilmiş və ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi aktdan əvvəlki, sonrakı illərin müvafiq dövründə də elektrik enerjisi istehlakı əsasən sabit qalmışdır. Bu hal da bir daha elektrik enerjisinin kənar xəttlə qoşularaq istehlakını təkzib edir.Belə ki, əks halda əvvəlki dövrdə və kənar xəttin aşkarlanıb ləğvindən sonra ilin müvafiq vaxtlarında elektrik enerjisinin sərfiyyatında artım müşahidə olunardı. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisi istehlak etməmişdir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, abonent kodu **********03142 olan ünvana hesablanmış 852 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, bina 0680, mənzil 3142 ərazisində yerləşən abonent kodu **********03142 olan ünvana hesablanmış 852 manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar