Məhkəmə qərarları › İş №2(060)-2321/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2321/2023

31.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2321/2023 31.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı Agaməli oğlunun və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Agaməli oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Agaməli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı mənzilə cavabdeh tərəfindən əsassız yazılmış 707 manat borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı ev onun mülkiyyətindədir. 7 ilə yaxındır həmin evdə ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Həmin evə köçdüyü vaxtdan cavabdehlə heç bir mübahisəsiz olmamışdır. Aylıq sərfiyyata görə ödənişləri etmişdir. Cavabdeh tərəfindən ona SMS göndərilərək 707 manat borcunun olduğunu bildirmişlər. Həmin borc əsassız borcdur və silinməlidir. İddiaçı V.A.Tağıyev eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı qəbul etmədi və bildirdi ki, 08 fevral 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, dəhlizi işıqlandıran xətdən əlavə xətt götürməklə kənar xətt birbaşa mənzilə daxil olur. Kənar xəttin en kəsiyinin sahəsi 1,5 mm mis naqildən ibarətdir. İddia tələbi əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanındakı mənzil 10 noyabr 2015-ci ildən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 01 yanvar 2023-cü il tarixli Abunə haqqında saldodan müəyyən edilir ki, iddiaçıya məxsus ünvan 1 ünvanındakı enerji sərfıyyatına görə orta sərfiyyat əsasında ümumilikdə 707 (yeddi yüz yeddi) manat borcu qalmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarından və tərəfin izahatından müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan dəmir yolları massivi, bina 8, ünvanındakı 4 saylı mənzilə 03 iyul 2015-ci il tarixdən işlədicilərin gücünə görə orta sərfiyyat əsasında ümumilikdə 707 (yeddi yüz yeddi) manat debitor borc hesablanmışdır. İddiaçı həmin borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.9-cu maddəsində nəzərdə tutulur ki, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablanması üçün, yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılmalıdır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaları”nın 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşırı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə prosesi zamanı cavabdeh tərəfindən təqdim edilmiş diskə baxış keçirildiyi zaman, kənar xəttin qoşulması aşkar edilsədə, həmin qırmızı xəttin İddiaçı yaşadığı mənzilə aparılması (yəni daxil olması) aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan dəmir yolları massivi, bina 8, ünvanındakı mənzil 4-ə enerji sərfıyyatına görə əsassız olaraq hesablanmış 707 (yeddi yüz yeddi) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar