Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2328/2021 02.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi Musayev Amid Tofiq oğlunun iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı 021029 saylı akta əsasən hesablanmış 684,35 manat borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı 021029 saylı akta əsasən hesablanmış 684,35 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda bu günə qədər istifadə etdiyi elektrik enerjisinə görə ödənişlər vaxtlı vaxtında cavabdehin təqdim etdiyi bildiriş əsasında tərəfindən ödənilmişdir və bu ödənişlər barədə qəbzləri vardır. 25.12.2020-ci il tarixində «xxxx» ASC-nin bir qrup əməkdaşı göstərilən ünvana gələrək pilləkən meydançasında quraşdırılmış elektrik hesabat sayğacına baxış keçirərək guya onun tərəfindən sayğaca müdaxilə olunması faktı aşkar etmişlər. Guya mənzilə quraşdırılmış elektrik hesabat sayğacına müdaxilə olunduğu üçün elektrik enerjisindən istifadə qaydalarının 8.32-ci bəndinin pozulması haqqında 25.12.2020-ci il tarixli 021029 saylı akt tərtib edərək həmin mənzil üzrə elektrik enerjisindən istifadəyə görə 684,35 manat borcunun olduğu bildirilmişdir. Baxmayaraq ki, elektrik hesabat sayğacı pilləkən meydançasında yerləşir və onun qorunmasına enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmçinin, enerji sərfinə dair ödənişlərin həyata keçirilməsi üçün cavabdeh təşkilatın nümayəndəsi tərəfindən ona hər ay sayğacın göstəricisi barədə bildiriş təqdim olunmuş və həmin sənəd əsasında mənzil üzrə yaranmış borcunu mütəmadi olaraq ödəmişdir. 12.12.2020-ci il tarixində cavabdeh «xxxx» ASC-nin nümayəndəsi tərəfindən elektrik enerjisindən istifadəyə görə 2,80 manat borcunun olması barədə bildiriş təqdim olunmuş, lakin, 11.01.2021-ci il tarixində ona elektrik enerjisindən istifadəyə görə 684,35 manat borcunun olduğu barədə bildiriş təqdim olunmuşdur. Abunə haqqında çıxarışdan da görünür ki, cavabdeh «xxxx» ASC tərəfindən hansı yollarla hesablandığı bəlli olmayan bu cərimə məbləği onun mənzilində elektrik hesabat sayğacı əsasında hesablanmış sərfiyyatdan dəfələrlə yüksəkdir. Qısa vaxt ərzində bu qədər fərqin necə yaranması isə məlum deyildir. Bununla bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etsə də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidləri tərəfindən imzalanmalı olduğu halda, tərtib edilmiş aktda isə görünür ki, akt yalnız cavabdeh təşkilatın nümayəndələri tərəfindən imzalanmışdır. Bütün bunları nəzərə alaraq hesab edir ki, tərtib olunmuş akt qanunsuz hesab olunaraq ləğv olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən cavabdeh «xxxx» ASC tərəfindən ona məxsus mənzilə qarşı elektrik enerjisinin istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş 021029 saylı aktın əsassız hesab edilməsi və həmin akt əsasında hesablanmış 684,35 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «xxxx» ASC-nin nümayəndəsi Musayev Amid Tofiq oğlu Sumqayıt şəhər Məhkəməsinə etiraz təqdim edərək, məhkəmədən İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozduğuna görə tərtib edilmiş 25.12.2020-ci il tarixli, 021029 saylı akta əsasən hesablanmış 684,35 manat borcun silinməsinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, mənzili 1 il 4 aydır ki, aldığını, sayğacın mənzildən kənarda yerləşdiyini, cəmi 7-8 ay yaşamadıqlarını, təmir işlərinin aparıldığını, akt barədə yalnız yazıldıqdan bir qədər sonra xəbər tutduğunu, həmin zaman orada heç kəsin yaşamadığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Musayev Amid Tofiq oğlu izahatında 25.12.2020-ci il tarixində həmin mənzilin elektrik xəttinin açıq olduğunu, hazırda dekabr ayı üçün borcunun olmadığını, akta görə isə 684,35 AZN borcunun olduğunu bildirdi. Məhkəmə İddiaçı və cavabdeh «xxxx» ASC-nin nümayəndəsi Musayev Amid Tofiq oğlunun izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş materiallarına əlavə olunmuş sənədlərə baxıb, məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mkr., ev 32A/78, mənzil 18 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş 12 saylı Mənzil-Kommunal Sahəsinin arayışından görünür ki, İddiaçı həqiqətən də Sumqayıt şəhəri, 4-cü mkr., ev 32A/78, mənzil 18 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktda qeyd edilir ki, İddiaçının yaşadığı Sumqayıt şəhəri, 4-cü mkr., ev 32A/78, mənzil 18 ünvanına baxış keçirilərkən məlum olmuşdur ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sayğacları qidalandıran 04 kVt-lıq şəbəkədən çəkilmişdir. Ölçmə zamanı xətdən axan yük Pkən=1.98 kVt; Psay=0 kVt. Qoyuluş gücü naqilin en kəsiyinə əsasən 2x10 mm2 aliminium, Pqay=11.3 kVt təşkil edir. Kənar xətt ləğv edilməlidir. İş materiallarında olan «xxxx» ASC-nin abuna haqqında məlumat çıxarışından görünür ki, Sumqayıt şəhəri, 4-cü mkr., ev 32A/78, mənzil 18 ünvanında yaşayan **********02107 nömrəli abonent İddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, enenrji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən,yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaçlarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.32-ci maddəsinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğaçın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.1-ci maddəsinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 25 dekabr 2020-ci il tarixdə cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus mənzildə elektrik sayğacına baxış zamanı kənar xəttin elektrik hesabatı sayğacına daxil olması aşkar olunmuş, lakin İddiaçı müdaxiləsi nəticəsində baş verməsi sübuta yetirilmədən, həmçinin iddiaçı tərəfindən imzalanmadan bu barədə akt tərtib edilərək iddiaçiya 684,35 manat məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, İddiaçı məxsus mənzilin elektrik sayğacına müdaxilə etməsi, kənar xəttin qoşulması sübuta yetirilmədiyindən, həmçinin akt barədə iddiaçının məlumatlı olması müəyyən edilmədiyindən iddiaçıya əsassız hesablanmış 684,35 manat borc silinməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxx» ASC tərəfindən 25.12.2020-ci il tarixdə tərtib edilmiş 021029 saylı akta əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, 4-cü mkr., ev 32A/78, mənzil 18 ünvanına hesablanmış 684,35 AZN (altı yüz səksən dörd manat otuz beş qəpik) borc **********02107 saylı abonent hesabından silinsin. Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətindən 30 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2328/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2328/2021
02.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver