Məhkəmə qərarları › İş №2(060)-233/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-233/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-233/2021 25.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, mənzilə istifadə hüququnun tanınması, o cümlədən mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 1, ev 49-a köçürülmələri və həmin mənzilə istifadə hüquqlarının tanınması, o cümlədən mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 2008-ci il tarixdə X6 ilə nikaha daxil olaraq, həyat yoldaşının yaşadığı və anası Cavabdeh məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 1, ev 49-a gəlin köçmüşdür. Birgə nikahlarından 2009-cu və 2015-ci il tarixlərində iki uşaqları olmuşdur. O və uşaqları hal-hazırda həmin mənzildə qeydiyyatdadılar. Bir müddət əvvəl onunla həyat yoldaşı arasında münasibət pisləşmiş və xx xxxx 2019-cu il tarixdə məhkəmə qətnaməsi əsasında onların nikahına xitam verilmişdir. Qarşılıqlı razılaşmaya əsasən ona və uşaqlarına qeyd edilən mənzildən bir hissə verilmiş və onlar orada yaşamışdırlar. Lakin bir müddət öncə heç bir səbəb olmadan onu uşaqları ilə birlikdə yaşadıqları sahədən məcburi olaraq çıxartmışlar. Hazırda iddiaçı məcburiyyət qarşısında qalaraq uşaqları ilə birlikdə kirayədə yaşayır. Qeyd edilən mənzilə istifadə hüququnun mövcudluğunu nəzərə alaraq, həmin mənzilə köçürülməyinə və istifadə hüququnun təsbit olunmasına zərurət vardır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh məhkəməyə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllədə yerləşən, 49 saylı ev onun mərhum əri X1 mülkiyyətində olmuşdur. 2008-ci ildə İddiaçı həmin evə gəlin köçmüş və evə qeydiyyata düşmüşdür. xx.xx.2013-cü il tarixdə əri vəfat etmiş, xx.xx.2015-ci il tarixdə ev onun mülkiyyətinə keçmişdir. İddiaçı ilə oğlunun münasibətləri pozulmuş, aralarındakı nikaha xitam verilmişdir. Hazırda iddiaçı həmin evdə yaşamır. Qanuna əsasən gəlin mülkiyyətçinin ailə üzvü hesab edilmir. Bu səbəbdən İddiaçı mənzilə istifadə hüququ yoxdur. Məhkəmə iclasında iddiaçı mübahisəli mənzildə 2008-ci ildən 2017-ci ilin yanvar ayınadək yaşadığını bildirdi və iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək, İddiaçı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını, onun nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2020-ci il tarixli, **********52 nömrəli AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə ərazisində yerləşən 49 nömrəli fərdi yaşayış evi Sumqayıt “Asan” Xidmət notariusu tərəfindən təsdiq edilmiş xx xxxxxx 2015-ci il tarixli, 2V-146 reyestr nömrəli vərəsəlik işi və xx xxxxxx 2015-ci il tarixli, 3M-203 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx xxxxxx 2015-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3185/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 346 nömrəli nikahın pozulması,xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması, xx xxxxxx 2019-cu il tarixdən etibarən uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində hər birinə 160 manat, ümumilikdə 320 manat miqdarında aliment X2 tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinin Qeydiyyat Şöbəsinin verdiyi arayışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllədə yerləşən 49 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X1 adına xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllədə yerləşən 49 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdehdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli aktından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 1, ev 49 saylı fərdi yaşayış evi Cavabdeh adına qeydiyyatdadır. Ünvanda İddiaçı xx.xx.2009-cu il tarixdən qeydiyyata alınıb, ailəsi ilə birgə yaşayıb, dekabr 2017-ci il tarixdən bu ünvanda yaşamır. Qeyd olunanları X15, X5 və X11 öz imzaları ilə təsdiq etmişdir. - xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı gəlin köçdüyü tarixdən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllədə yerləşən 49 nömrəli evdə yaşamışdır. Lakin 2019cu ilin sonlarında İddiaçı qaynanası Cavabdeh İddiaçı, onun iki azyaşlı uşağı ilə birlikdə həmin mənzildən məcburi olaraq çıxarmışdır. İddiaçı dəfələrlə qeyd edilən mənzilinə qayıtmaq istəsə də qaynanası tərəfindən bunun qarşısı alınmışdır. Qeyd olunanları X4, X7 və X8 öz imzaları ilə təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx xxxxx 2008-ci il tarixdə X6 ilə nikaha daxil olaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 1, ev 49-a gəlin köçmüşdür. Bu zaman evin mülkiyyətçisi iddiaçının qaynatası X3 olmuşdur. O, 2017ci ilin yanvar ayınadək orada yaşamışdır. xx xxxx 2019-cu il tarixdə məhkəmə qətnaməsi əsasında nikahına xitam verilmişdir. O və uşaqları hal-hazırda həmin mənzildə qeydiyyatdadılar. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə baxılarkən 2000-ci ilin sentyabr ayında qəbul edilmiş Mülki Məcəllənin normalarına istinad edilməlidir. Belə ki, iddiaçı mübahisəli mənzilə 2008-ci ildə köçmüş və 2017-ci ilin yanvar ayınadək orada yaşamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı, mənzilin, yaşamağa başladığı vaxt və hazırdakı mülkiyyətçisinin AR MM-nin 228.5-ci maddəsində göstərilən ailə üzvləri dairəsinə daxil deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mənzilin mülkiyyətçisi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması mövcud olmadığından, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, eləcə də o, sonuncunun qanunvericilikdə nəzərdə tutulmuş ailə üzvləri dairəsinə mənsub olmadığından mübahisəli evdən istifadə hüququ əmələ gəlməmiş, İddiaçı belə bir hüquqa malik olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının mübahisəli evdə pasport qeydiyyatında olması sadalanan qanunvericilik normalarına əsasən onun istifadə hüququnun yaranması demək deyildir. Odur ki, məhkəmə iddiaçının bu barədə dəlilini əsassız sayır. Məhkəmə eyni zamanda belə qənaətə gəlir ki, iddianın mənzilə köçürülmə, o cümlədən evdən istifadə qaydalarının müəyyən edilməsi hissələri də təmin edilməməlidir. Belə ki, iddiaçının sözügedən evdə istifadə hüququ olmadığı təqdirdə oraya köçürülməsini, habelə istifadə qaydalarının müəyyən edilməsini qanunvericilik istisna edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddiaçı azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllədə yerləşən 49 saylı fərdi yaşayış evinə köçürülməsi, həmin mənzilə dair istifadə hüquqlarının tanınması, o cümlədən mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar