Məhkəmə qərarları › İş №2(060)-2347/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2347/2021

06.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2347/2021 06.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı aktın etibarsız hesab olunması və borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) “xxxx” ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 07.12.2020-ci il tarixli, 204823 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 543,82 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 5A, otaq 40 iddiaçının istifadəsindədir. 07.12.2020-ci il tarixində “xxxx” ASC-nin əməkdaşları tərəfindən mənzilin elektrik sayğacına baxış keçirərkən 204823 nömrəli akt tərtib edilmiş, həmin akta əsasən onun mənzilinə 543,82 manat dəyərində borc hesablanmışdır. Akt tərtib olunarkən iddiaçının iştirakı təmin olunmayıb. Onun tərəfindən elektrik sayğacına heç bir müdaxilə olunmamışdır. Qanunsuz yazılmış akta görə öz mənzilinə hesablanmış 543,82 manat borcun silinməsinə dair cavabdeh təşkilata müraciət edilsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bu məqsədlə də məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, 07.12.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən sayğacdan kənar xətdən istifadə edilməsi aşkar edilmiş və 07.12.2020-ci il tarixli, 204823 saylı akt əsasında 496,52 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq, akt əsasında 496,52 manat yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, o sayğacdan kənar elektrik xəttindən istifadə etməyib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı 19.01.1980-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 1 saylı Mənzil Kommunal Sahəsinin 329 saylı arayışında iddiaçının Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 5A, otaq 40-da yaşadığı göstərilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş 07.12.2020-ci il tarixli, 204823 saylı aktda göstərilmişdir ki, iddiaçıya məxsus mənzilin elektrik sayğacında aparılmış yoxlama zamanı yoxlama zamanı sayğacdan kənar xətdən istifadə edildiyi müəyyən edildi. İddiaçıya məxsus mənzilin abunə haqqında məlumatdan görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində 23.12.2020-ci il tarixində iddiaçıya 496,52 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 12-ci bölməsində göstərilmişdir ki, aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. Akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir. Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi akt müəyyən bir hadisənin və ya faktın təsdiq edilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. İşdən göründüyü kimi iddiaçıya məxsus yaşayış evinə xidmət edən elektrik sayğacında yoxlama keçirilmiş, sayğacın nasaz olması aşkar edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Aktın tərtib edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verildiyi iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən iddia aktın etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır (8.32). Göründüyü kimi iddiaçı ona borcun əsassız hesablandığını bildirir və həmin borcun silinməsini xahiş edir. Lakin, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda iddiaçının yaşadığı evdə sayğacdan kənar elektrik xəttindən istifadə edildiyi göstərilmişdir. Abunə haqqında məlumatdan göründüyü kimi iddiaçının akt əsasında hesablanmış 496,52 manat borcu olmuşdur. İddiaçı akt əsasında hesablanmış 543,82 manat borcun silinməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən yaşadığı evdə sayğacdan kənar elektrik xəttindən istifadə olunması müəyyən edildiyindən ona akt əsasında hesablanmış borc silinə bilməz. Eyni zamanda iddiaçı ona hesablanmış 543,82 manat borcun silinməsini xahiş etsə də ona akt əsasında 496,52 manat borc hesablandığı müəyyən edilmişdir. İddiaçının silinməsini tələb etdiyi borcun qalan hissəsinin nədən ibarət olmasını isə iddia ərizəsinin dəlilləri və iddiaçının izahatı əsasında müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı 07.12.2020-ci il tarixli, 204823 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 543,82 manat borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar