Məhkəmə qərarları › İş №2(060)-236/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-236/2022

02.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-236/2022 02.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-ə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-ə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən "təbii X1nın pozulması haqqında" 29.06.2021-ci il tarixli, ******* №-li akta əsasən müəyyən edilmiş 135 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64.67 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 32 saylı evin 47 nömrəli mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən onun mənzilinə xidmət edən mexaniki tipli təbii qaz sayğacı çıxarılaraq əvəzinə yeni mexaniki tipli qaz sayğacı quraşdırılmışdır. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” 08.05.2021-ci il tarixli, ******* №-li Akt tərtib olunmuşdur. Mənzildən çıxarılmış qaz sayğacına informasiya texnologiyaları və Kalibirləşmə İdarəsinin Sənaye və X2 Kalibirləşmə Laboratoriyasında yoxlama keçirilmiş və 17.06.2021-ci il tarixli, MSK-29/1 710-02437-1 saylı akta əsasən müəyyən edilmişdir ki, “Sayğacın membranını hərəkətə gətirən qolları kənar təsir nəticəsində kəsici alətlə kəsildiyindən” sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “Təbii X1nın pozulması haqqında” 29.06.2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Sözügedən akta əsasən sayğacın dəyərinə görə 64,67 manat borc hesablanmışdır. O, istehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibində iştirak etməmiş və aktları imzalamamışdır. Qeyd edir ki, qaz sayğacı mənzilin blokunda yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə o günahkar deyi. Bu səbəbdən də tələb olunan məbləği əsassız hesab edir. Cavabdeh tərəfindən abonentin saldosunda qeyd edilən 135 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 64,67 manatın silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29.06.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 32 saylı evin 47 nömrəli mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilmiş rəyə görə Sayğacın membranını hərəkətə gətirən qolları kənar təsir nəticəsində kəsici alətlə kəsildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. İş materiallarında olan 29.06.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 32 saylı evin 47 nömrəli mənzilinə 1350m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki Sumqayıt şəhəri, 12-ci mikrorayon, 32 saylı evin 47 nömrəli mənzilinə 135 manat borc hesablanmışdır. İş materiallarında olan 01/02 FV-11-1188 nömrəli, 21.09.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ünvanında yerləşən, 32 saylı evin 47 nömrəli mənzilinə məxsus müdaxilə edilmiş sayğacın dəyəri olan 64.67 manat məbləğində pulun İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X1”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı Sumqayıt şəhəri, 12-ci mikrorayon, 32 saylı evin, 47 nömrəli mənzilinə quraşdırılmış sayğacın qorunub saxlanmasına məsuliyyət daşımadığından, həmin mənzilə dair tərtib edilən 29.06.2021-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 135 manat məbləğində borc və 64.67 manat sayğacın dəyəri olan borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 12-ci mikrorayon, 32 saylı evin, 47 nömrəli mənzilinə (abunə kodu: **********00470) hesablanmış 135 manat borc və sayğacın dəyərinə görə tələb edilən 64.67 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar