Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2362/2024 19.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2002-ci il tarixində anadan olmuş qardaşı X4 anadan gəlmə psixi qusurlu doğulmuşdur. O, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, dərin əqli gerilik, nitq qüsuru xəstəlikləri ilə müddətsiz olaraq 1ci dərəcəli əlildir. Onu onlar indiyədək dərmanlarla birtəhər saxlayırlar. Belə ki, ərizəçinin qardaşı nə danışa bilmir, nə müstəqil yemək yeyə bilmir, onu ərizəçi əlləri ilə yedirdir. Hər yeri dağıdır, qab qaşığı töküb sındırır, tək qoyulsa və ciddi nəzarət altında olmasa hər cür təhlükə törədə biləcək vəziyyətdə olur. O, qeyd olunan səbəblərdən 1-ci qrup əlildir. Qardaşı faktiki olaraq ərizəçinin və anasının himayəsi, köməyi, ciddi nəzarəti ilə birtəhər yaşayır. Göstərilənlərə əsasən ərizəçinin qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T № 205641 saylı doğum haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, X4 19 may 2002-ci ildə Sumqayıt şəhərində doğulmuş, atası İsxanov Kamran Ağarza oğlu, anası X3r.
8. İş materiallarında olan Azərbaycan Respublikası TƏBİB “Sumqayıt Tibb Mərkəzi” PHŞ üzrə 2 nömrəli şəhər xəstəxanasının Poliklinika Şöbəsi xx.xx.2024-cü il tarixli, 15 nömrəli arayışından görünür ki, X4 2 nömrəli şəhər xəstəxanasının PŞ-nin psixiatrik kabinetində qeydiyyatdadır. Diaqnoz: Dərin dərəcəli əqli gerilik, daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları, nitq qüsuru ilə.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X7 xx.xx.2024-cü il tarixli, 1479 №-li rəyindən görünür ki, X2 “Dərin əqli gerilik” xroniki psixi xəstəlik qeyd edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş travması ilə anadan olması, yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, nitqi inkişaf etməməsi, bununla əlaqədar əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, sonralar Sumqayıt Tibb Mərkəzi üzrə 2 nömrəli şəhər xəstəxanasının psixiatrik kabinetində “Dərin dərəcəli əqli gerilik. Daim ciddi qulluq və müalicə tələb edəb ciddi davranış pozuntuları. Nitq qüsuru ilə” diaqnozu ilə qeydiyyatda olmaqla müalicələrdə olması, xəstəliyi ilə əlaqədar əsəbiliyi, narahatlığı, qeyri-müəyyən səslər çıxarması, qışqırması, sərbəst yeriyə bilməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, hal-hazırda yaşayış yeri üzrə poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə narahatlığı zamanı sakitləşdirici müalicəni qəbul etməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin inkişaf etməməsi, nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – X2 Dərin əqli gerilik müəyyən edilir. İİ və İİİ – X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 onda müəyyən edilən dərin əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2022-ci il təvəllüdlü X4 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
13. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
16. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
17. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
19. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva