Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-24/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "tikilinin sökülməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "tikilinin sökülməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassı küçəsi ərazisində yerləşən 98B №-li qaraj mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bunu xx.xx.2019-cu ildə verilmiş texniki pasport təsdiq edir. Cavabdeh iddiaçının mülkiyyətçisi olduğu 98B №-li qaraja gedən yolu qanunsuz olaraq zəbt etmiş, orada inşaat işləri apararaq qaraja gedən yolu daş hasar və dəmir darvaza ilə bağlamışdır. Həmçinin yol üzərində Cavabdeh tərəfindən digər inşaat işləri aparılır. Bunu iddia ərizəsinə əlavə edilən disk və fotoşəkillər sübut edir. İddiaçı qarajına daxil olmaq üçün ümumi yoldan istifadə edə bilmir və istifadə etmək üçün Cavabdeh hər dəfəsində icazə almalıdır. Cavabdeh qeyri-qanuni olaraq ümumi yolu zəbt etmiş və bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassı küçəsində yerləşən 98B №-li qaraja gedən yolun üzərində inşa edilmiş bütün tikililərin, daş hasarın və dəmir darvazanın sökülməsinə sərəncam verilməsi xahişi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya mübahisənin hüquqi müstəvidə həll edilməsi üçün aidiyyəti üzrə müraciət etmək tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassı küçəsində yerləşən 98B №-li qaraja gedən yolun üzərində inşa edilmiş bütün tikililərin (daş hasarın və dəmir darvazanın) cavabdehin vəsaiti hesabına sökülməsi, qaraja gedən gediş-gəliş yolunun açılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassı küçəsində yerləşən 98B №-li qaraja gedən yolun üzərində inşa edilmiş bütün tikililərin (daş hasarın və dəmir darvazanın) cavabdehin vəsaiti hesabına sökülməsi, qaraja gedən gediş-gəliş yolunun açılması, qaraja gedən gediş-gəliş yolunun üzərində gələcəkdə hər hansı hərəkətlərin, həmçinin tikinti işlərinin aparılmasının qadağan edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir.
4. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassı küçəsində yerləşən 98B №-li qaraja gedən yolun üzərində inşa edilmiş bütün tikililərin (daş hasarın və dəmir darvazanın) cavabdehin vəsaiti hesabına sökülməsi, qaraja gedən gediş-gəliş yolunun açılması, qaraja gedən gediş-gəliş yolunun üzərində gələcəkdə hər hansı hərəkətlərin, həmçinin tikinti işlərinin aparılmasının qadağan edilməsi, məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi üçün tələb olunan 95 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında İddiaçı izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçını tanımır və qeyd edilən ərazidə üç darvaza var və onun darvazası qanunsuz şəkildə tikilməmişdir. Belə ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli texniki pasportun surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 28.8 kv.m qarajın hüquq subyekti İddiaçıdır.
11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş İddiaçı müraciətinə cavab məktubundan görünür ki, X3 ilə aralarında yaranmış torpaq mübahisəsinin hüquqi müstəvidə həll edilməsi üçün aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunmuşdur.
12. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin hesabına 95 (doxsan beş) manat pul köçürülmüşdür.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7733 nömrəli rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-31/2-2958/2023 nömrəli mütəxəssis rəyinə əsasən, qaraj sahəsinin xx.xx.2019-cu il tarixində qeydiyyatdan keçdiyi, qeydiyyatdan keçən tikintialtı 18 m2, faktiki istifadədə 29 m2 sahənin mövcud olduğu müəyyən olundu. Həmçinin qeyd olunur ki, qaraj sahəsinə getmək üçün qonşuların istifadəsində olan torpaq sahəsindən keçmək lazımdır. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkası küçəsində yerləşən 98B №-li qaraja gedən yolun üzərində Cavabdeh tərəfindən tikili inşa edilmişdir. Həmin tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Nəticədə həmin tikili iddiaçının qanuni sahiblik və istifadəsinə maneçilik yaratdığından iddiaçı haqlı olaraq qanunsuz tikilinin sökülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Göstərilən Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
17. Qeyd olunan Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
18. Eyni Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
19. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
22. Eyni Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
23. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
24. Bu Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. Həmin Məcəllənin 180.2-ci maddəsinə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
26. Bu Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
27. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
29. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.
30. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
31. Eyni Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
32. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
33. Konvensiyanın 2-ci maddəsinin pozuntusunu təşkil edir; həmin maddənin müvafiq hissəsində deyilir: «Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatdan məhrum edilə bilməz…».
22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir.
34. Hazırki mübahisəli vəziyyət üzrə xüsusi bilik tələb olunduğundan iş üzrə müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, qaraj sahəsinin xx.xx.2019-cu il tarixində qeydiyyatdan keçdiyi, qeydiyyatdan keçən tikintialtı 18 m2, faktiki istifadədə 29 m2 sahənin mövcud olduğu, həmçinin qaraj sahəsinə getmək üçün qonşuların istifadəsində olan torpaq sahəsindən keçmək lazım olduğu müəyyən edilmişdir.
35. Göründüyü kimi cavabdehin iddiaçıya məxsus qaraja gedən yolun üzərində tikili inşa etməsi iddiaçının sahiblik və istifadə hüquqlarının pozulmasına səbəb olmuşdur.
36. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
38. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
39. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
41. Məhkəmə hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsi ilə bağlı əsaslı dəlillər irəli sürülmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassı küçəsində yerləşən 98B №-li qaraja gedən yolun üzərində inşa edilmiş bütün tikililər (daş hasar və dəmir darvaza) Cavabdeh vəsaiti hesabına sökülməli, qaraja gedən gediş-gəliş yolu açılmalı, qaraja gedən gediş-gəliş yolunun üzərində gələcəkdə hər hansı hərəkətlərin, həmçinin tikinti işlərinin aparılması Cavabdeh qadağan edilməli, ödənilmiş 195 (bir yüz doxsan beş) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh X1 tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
51. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassı küçəsində yerləşən 98B №-li qaraja gedən yolun üzərində inşa edilmiş bütün tikililər (daş hasar və dəmir darvaza) Cavabdeh vəsaiti hesabına sökülsün. Qaraja gedən gediş-gəliş yolu açılsın. Qaraja gedən gedişgəliş yolunun üzərində gələcəkdə hər hansı hərəkətlərin, həmçinin tikinti işlərinin aparılması Cavabdeh qadağan edilsin. Ödənilmiş 195 (bir yüz doxsan beş) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh X1 tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva