Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2424/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi,Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı ev ona məxsusdur. Qeyd edir ki, evin qaz sayğacı X2 adına qeydiyyatdan keçmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən sahibi olduğu evin qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış borusunun deşik olduğunu aşkar etmişlər. Həmin sayğacı videoqeydiyyata almış və fotoşəklini çəkmişlər. Bununla bağlı həmin tarixli ******* nömrəli akt tərtib etmişlər. Həmin aktın məzmunundan bəlli olur ki, dəymiş ziyanın hesablanması barədə tələb irəli sürülmüşdür. Hətta ona dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamə də verilmişdir. Daha sonra ona 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) məbləğində cərimə müəyyən etmişlər. Sadə dildə deyilsə bu absurd bir yanaşmadır. Aktın surəti o, tələb edəndən sonra ancaq ona təqdim olunmuşdur. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən çıxış borusunun deşik olduğu barədə günahlandırılmış və əsassız olaraq ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirsə də, hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə görə onun məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Qeyd edir ki, sayğac həyətdən çöldə yerləşir. Belə ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə onun arasında bağlanmış müqavilənin müddəalarına əsasən qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istehlakçısının vəzifələri sırasına daxil edilməmişdir. Bildirir ki, onun tərəfindən qaz sayğacına hər hansı bir müqavilə olmamışdır. Digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqditarında olması qeyri-mümkündür. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə görə məsuliyyət daşıması absurddur. Sayğaca hər hansı müdaxilə varsa belə müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən götürülərək onun iştirakı olmadan texniki baxışdan keçirilmiş və ancaq bundan sonra ona həmin sayğaca müdaxilə olunması barədə məlumat verilmişdir. Göründüyü kimi mülkiyyətində olan mənzilə aid qaz sayğacına müdaxilə edilməsi barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixində tərtib edilmiş akt və onun əsasında hesablanmış borc əsassızdır. Göstərilənlərə əsasən ünvan 1 ünvanındakı evdə istifadədə olan qaza görə quraşdırılmış sayğacın çıxış borusunun deşik olması, istismara yararsız olmasının aşkar edilməsi barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, 2(060)-2424/2024 saylı mülki iş üzrə İddiaçı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddiasını əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus (**********364) sayğaca əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktda “Sayğaca texniki baxış keçirən zaman çıxış borusunun deşik olması məlum oldu” qeyd olunmuşdur. Qeyd etmək istəyir ki, sayğac abonentin iştirakı ilə çıxarılmış və video-görüntüdə öz əksini tapmışdır (fotoşəkil və video-görüntü iş materiallarına əlavə edilmişdir). Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x180=17280m3 x 0,12 qəpik=2,073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat dəymiş zərər hesablanmışdır. Abonent sayğaca müdaxilə etməklə, qazdan qeyri-qanuni istifadə etmiş və qaz itkisinə yol vermişdir. Dövlət əmlakı talanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, onun iştirakı olmadan sayğac dəyişdirilmişdir. Video-çəkilişdəki sayğaca artıq toxunulmuşdur. O isə deyir ki, köhnə sayğacı dəyişib yenisini qoyan zaman o olmamışdır. 2021-ci il tarixin oktyabr ayının 25-indən həmin mənzildə yaşayır. Quliyeva Ruhiyyə xanımdan evi almışdır. Sayğacı dəyişdikdən sonra 3 dəfə Qaz İdarəsinə getmişdir. Bildirmişdir ki, yeni qoyulan sayğaca pul çatdıra bilmir. Sayğac çöldə yerləşir. Onun işlək sayğacını çıxartmış və video-diskdəki görüntülərdə olan sayğacı quraşdırmışlar. Hər iki sayğac smart kart tipli olmuşdur.
5. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, çıxış plastmas borusunun deşilməsi kənar xəttin qoşulması halına bərabər tutulur. Plastmas borunu deşdikdə sərfiyyat qeyd olunmur. İddiaçının barəsində hal-hazırki vaxta kimi hər hansı akt tərtib olunmamışdır. 2073 manat 60 qəpik borc hesablanmışdır. Köhnə sayğac istismar müddəti bitdiyi üçün dəyişdirilmişdir. Sayğaclar kütləvi dəyişdirilən zaman abonentlərin qapısı döyülür. Evdə olmadıqları zaman belə dəyişdirilir. Sayğaca hər üç aydan bir baxış keçirilir. 2022-ci ilin fevral ayının 18-ində sayğac dəyişdirilmişdir. Həmin ildə ilboyu sadəcə 50 manat pul ödənilmişdir. 2023-cü il tarixdə isə ilboyu sadəcə 163 manat pul ödənilmişdir. 2024-cü ilin 5 ay ərzində isə 365 manat pul ödənilmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü tarixli, ******* saylı aktın surətindən görünür ki, fərdi evdə sayğaca texniki baxış keçirən zaman çıxış borusunun deşik olduğu məlum olmuşdur.
8. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş “dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli il tarixli tələbnamədən görünür ki, istehlakçı X3 ******* saylı, xx.xx.2023-cü il tarixli akt əsasında fərdi evdə sayğaca texniki baxış keçirən zaman çıxış borusunun deşik olduğu məlum olmuşdur. ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 17280 kubmetr qaz itkisi hesablanmışdır.
9. İş materiallarındakı X2 adına olan **********00670 saylı abonentin saldosundan görünür ki, X2 abonent hesabına “Qalıq və aktlar” əsasında 06/2023-cü il üzrə 2073,60 manat borc yazılmışdır, ünvan üzrə sayğac Smart G-4 İtron Diafraqma tiplidir, quraşdırılma tarixi xx.xx.2023-cü ildir.
10. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 2051 nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 38 nömrəli mənzildə, fərdi yaşayış evində yaşayır.
11. İş materiallarında olan qonşuların iştirakı ilə tərtib olunmuş, 76-cı məhəllə, 3 saylı Məhəllə Komitəsi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, 3/3, 38 nömrəli fərdi yaşayış evinin sahibi olan X6, həyat yoldaşı X1 İlyas Mirzəli oğlu ilə öz aralarında razılaşdıqları 55000 (əlli beş min) manat qiymətinə alğı-satqı etmişlər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı aid qaz sərfiyyatını hesablayan sayğacın sayğaca baxış keçirilmiş, sayğacın çıxış borusunun deşik olduğu aşkar edilmiş və yoxlamanın nəticəsində iddiaçının barəsində xx.xx.2023-cü tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 17280 kub metr əlavə sərfiyyat hesablanaraq 2073,60 manat borc yazılmışdır. Hazırda iddiaçı borcun silinməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
15. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
16. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir.
17. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
18. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası NazirlərKabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
20. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
21. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi,dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texnikibaxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
22. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəliqərarı il təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.
24. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
25. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
26. Eyni Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
27. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
28. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
29. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.
30. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanlarıvə məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
31. İşin materiallarından da göründüyü kimi qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır.
32. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, İddiaçı **********00670 saylı abunə hesabından Cavabdeh İB tərəfindən xx.xx.2023-cü tarixli, ******* saylı akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat borc silinməlidir.
33. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiyməti 10000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 40,74 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir.
34. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
35. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
36. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
38. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı **********00670 saylı abunə hesabından Cavabdeh İB tərəfindən xx.xx.2023-cü tarixli, ******* saylı akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat borc silinsin. Cavabdeh İB-dən 40.74 (qırx manat yetmiş dörd qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aynur Behbudova