Məhkəmə qərarları › İş №2(060)-2427/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2427/2022

08.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2427/2022 08.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X15 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Əlı̇ yeva Mətanət Vahı̇ d qızının cavabdeh Əlı̇ yev Elçı̇ n Yası̇ n oğluna qarşı müqavilələrin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Əlı̇ yev Elçı̇ n Yası̇ n oğlunun cavabdeh Əlı̇ yeva Mətanət Vahı̇ d qızına qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə baxaraq məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh və qeyrilərinə qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment tutulması, müqavilələrin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2006-cı il tarixli, 03 nömrəli qeydlə Naxçıvan MR Şərur rayon Axura kənd İƏV üzrə nümayəndəlikdə nikaha daxil olmuşlar. Tərəflərin rəsmi nikahından xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 anadan olmuşdur. Nikah bağlandıqdan sonra İddiaçı və Cavabdeh ilə mehriban yaşasa da, bir müddət sonra aralarındakı münasibətlər pozulmuşdur. Hal-hazırda faktiki olaraq bir yerdə yaşamırlar. Buna görə də bundan sonra tərəflərin ər-arvad kimi yaşamağı və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Başqa sözlə iddiaçı və cavabdeh arasındakı nikahın pozulması üçün ciddi əsaslar mövcuddur. Bununla yanaşı, tərəflərin birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012ci il təvəllüdlü X10 hazırda İddiaçı ilə birgə yaşayır. Uşaqların hər üçünün yetkinlik yaşına çatmamasını nəzərə alsaq uşağın ana qayğısına ehtiyacı danılmazdır. Buna görə də uşaqların analarının, yəni iddiaçının himayəsində qalması onların gələcəyi, sağlamlığı və tərbiyəsi üçün daha məqsədəmüvafiqdir. Qeyd olunduğu kimi, tərəflər hal-hazırda faktiki olaraq ər-arvad kimi yaşamır. X8, X9 və X10 hər üçü orta məktəbdə təhsil aldığı üçün onların maddi xərclərini qarşılamaq iddiaçı üçün çətindir. Həmçinin, uşaqların ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini iddiaçı təkbaşına edə bilməz. Uşaqların və İddiaçı diqqətəlayiq mənafelərini nəzərə alaraq, habelə qanunvericiliyin tələblərinə müvafiq olaraq, Cavabdeh uşaqların layiqli həyat səviyyəsini təmin etmək üçün zəruri olan xərclərini ödəməlidir. Tərəflər birgə nikah dövründə ünvan 1 ünvanında və Abşeron rayonu, Novxanı kəndində 0.0280 ha sahədə yerləşən daşınmaz əmlakları əldə etmiş və Cavabdeh adına rəsmiləşdirmişlər. Bununla yanaşı iddiaçı və cavabdeh birgə nikah dövründə cavabdehin adına “KİA SORENTA” markalı **-GD-*** dövlət nömrə nişanlı; “MİTSUBİSHİ PAJERO” markalı **-UE-*** dövlət nömrə nişanlı, “TOYOTO LAND- CRUİSER-PRADO” markalı **-HN-*** dövlət nömrə nişanlı “X24” markalı **-CR-*** dövlət nömrə nişanlı; “Mercedes Benz 814” markalı **-CR-*** dövlət nömrə nişanlı və “NİSSAN X-TRAİL” markalı **-XF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrini əldə etmişlər. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Kaspian” vəkil bürosu tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Əmlak Xidmətləri Məkanına göndərilmiş 18 iyun 2021-ci il tarixli S21/003 nömrəli sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 09 iyul 2021-ci il tarixli **********69 nömrəli məktubla xx.xx.2015-ci il tarixində ünvan 1 ünvanında və xx.xx.2018-ci il tarixində isə Abşeron rayonu, Novxanı kəndində 0.0280 ha sahədə yerləşən daşınmaz əmlakların Cavabdeh adına qeydiyyatdan keçdiyini və hazırda mülkiyyətində olduğunu bildirmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Kaspian” vəkil bürosu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X26 İdarəsinə 18 iyun 2021-ci il tarixli S21/002 nömrəli sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X26 İdarəsi 26 iyun 2021-ci il tarixli 741125/221 nömrəli məktubla Cavabdeh adında “KİA SORENTA” markalı **-GD-*** dövlət nömrə nişanlı və “MİTSUBİSHİ PAJERO” markalı **-UE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin qeydiyyatda olduğunu, “X24” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2016-cı il tarixdə, “TOYOTO LAND-CRUİSER-PRADO” markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə, “Mercedes Benz 814” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2016-cı il tarixdə, “NİSSAN X-TRAİL” markalı **-XF-*** dövlət nömrə nişanlı avtomobilin isə xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarıldığı və alqı-satqı müqaviləsi ilə üçüncü şəxslərə satıldığını qeyd etmişdir. Göstərilənlərə əsasən hesab edilir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2006cı il tarixdə Naxçıvan MR Şərur rayon Axura kənd İƏV üzrə nümayəndəlikdə 03 nömrəli aktla qeyd edilmiş nikah pozulmalı, xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 İddiaçı himayəsində saxlanılmalı, xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh qazancın və başqa gəlirlərin 1/2 (ikidə bir) hissəsi miqdarında aliment məbləği İddiaçı xeyrinə tutulmalı, birgə nikah dövründə əldə edilən, cavabdehin adına hüququ rəsmiləşdirilən ünvan 1 ünvanında və Abşeron rayonu, Novxanı kəndində 0.0280 ha sahədə yerləşən daşınmaz əmlaklar, “KİA SORENTA” markalı **-GD-*** dövlət nömrə nişanlı; “MİTSUBİSHİ PAJERO” markalı **-UE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək onların hər biri üzərində ½ hissədə payları müəyyən edilməlidir. “TOYOTO LAND-CRUİSER-PRADO” markalı **-HN- *** dövlət nömrə nişanlı; “X24” markalı **-CR-*** dövlət nömrə nişanlı; “Mercedes Benz 814” markalı **-CR-*** dövlət nömrə nişanlı və “NİSSAN X-TRAİL” markalı **-XF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri üçüncü şəxslərin mükiyyətinə keçirilən zaman iddiaçının yazılı razılığı olmadığından alqı-satqı müqavilələri bağlandığı andan etibarsız hesab edilməli və adı çəkilən nəqliyyat vasitələri də birgə nikah dövründə əldə olunmuş əmlak olduğundan iddiaçının ½ payı müəyyən olunmalıdır. İddiaçı mübahisənin mediasiya vasitəsi ilə həll etmək məqsədi ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə “Mediasiya prosesinin tətbiqi barədə” təklif göndərilmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixdə, 14:30-15:00 saatlarda keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş və bununla bağlı İddiaçı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 01 fevral 2022-ci il tarixli, MŞB/6-262 nömrəli arayış verilmişdir. Bu səbəbdən İddiaçı həmin mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 01 fevral 2022ci il tarixli qəbzə əsasən İddiaçı mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini, yəni 50 manat mediasiya xərcini ödəmişdir. Qeyd olunanlara əsasən məhkəmədən onunla Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Naxçıvan MR Şərur rayon Axura kənd İƏV üzrə nümayəndəliyində 03 nömrəli aktla qeyd edilmiş nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X5 onun himayəsində saxlanılması, xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/2 (ikidə bir) hissəsi miqdarında aliment məbləğinin onun xeyrinə tutulması, ünvan 1 ünvanında və Abşeron rayonu, Novxanı kəndində 0.0280 ha sahədə yerləşən daşınmaz əmlakların, “KİA SORENTA” markalı **-GD-*** dövlət nömrə nişanlı, “MİTSUBİSHİ PAJERO” markalı **-UE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək onların hər biri üzərində ½ hissədə paylarının müəyyən edilməsi, “TOYOTO LAND-CRUİSER-PRADO” markalı **-HN-*** dövlət nömrə nişanlı, “X24” markalı **-CR-*** dövlət nömrə nişanlı, “Mercedes Benz 814” markalı **-CR-*** dövlət nömrə nişanlı və “NİSSAN X-TRAİL” markalı **-XF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üçüncü şəxslərin mülkiyyətinə verilməsinə dair alqısatqı müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək onların hər biri üzərində ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1916/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və və qeyrilərinə qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və alimentin tutulması, müqavilələrin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair e-2(060)- 1916/2022 saylı mülki işdən, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş ayrılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2006-cı il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X12 anadan olmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da, sonrada ailə daxili münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Bu səbəbdən də ilkin iddia üzrə İddiaçı “nikahın pozulması və aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi ilə razı deyildir. Tərəflər birgə nikah dövründə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 1 ünvanında yerləşən 4 saylı mənzil və “MİTSUBİSHİ PAJERO” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişlər. Həmçinin bildirmək istəyir ki, birgə nikah dövründə 20.000 (iyirmi min) manat məbləğində kredit götürülmüşdür. Qeyd edir ki, tərəflərin birgə nikahlarından olan övladları hazırda Cavabdeh himayəsindədirlər və onların bütün təhsil və digər xərcləri onun tərəfindən qarşılanır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh faktiki olaraq ayrı yaşadıqları vaxtdan uşaqların təhsil və digər xərcləri ilə bağlı heç bir maddi sərfiyyat etməmişdir. Hesab edir ki, uşaqların atalarının himayəsində olması nəzərə alınaraq tərəflər arasındakı nikah pozulduqdan sonra onların birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 1 ünavınında yerləşən 4 saylı mənzil və “MİTSUBİSHİ PAJERO” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ¾ hissə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə ¼ hissə pay müəyyən edilməli, eləcə də tərəflərin birgə nikah dövründə götürdükləri 20.000 (iyimi min) manat kredit borcunun bərabər payda bölünməlidir. Qeyd olunanlara əsasən məhkəmədən tərəflər arasındakı nikah pozulduqdan sonra onların birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 1 ünvanında yerləşən 4 saylı mənzil və “MİTSUBİSHİ PAJERO” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ¾ hissə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə ¼ hissə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı izahatında bildirdi ki, torpaqla bağlı mübahisədən xəbəri yoxdur. Qızılzinət əşyaları Elçinin kassasındadır və onun istifadəsinə icazə verilməyib. Cavabdeh maşınları barədə məlumatı olmayıb. O cümlədən “Kia Sorenta” markalı avtomaşının kimin istifadəsində olması barədə məlumatı yoxdur. “Mitsubishi Pajero”, “Prado” markalı avtomaşınları olmuş, lakin onlardan birini almış, birini satmışdır. Kredit isə birgə nikah dövründə götürülmüş və ödənilmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, əvvəlki məhkəmə iclaslarında çıxış etmiş, iddia ərizəsinə zəruri sübutlar əlavə etmişdir. Qarşılıqlı iddiaya münasibətdə isə birdirmək istəyir ki, öhdəlik artıq icra olunmuşdur. Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsi ilə bağlı məsələ onlara da aydındır. “KİA SORENTA” markalı, **-GD-*** dövlət nömrə nişanlı və “MİTSUBİSHİ PAJERO” markalı, **- UE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri Cavabdeh öz istifadəsində və mülkiyyətində, digər 4 avtomaşın isə üçüncü şəxslərin mülkiyyətindədir. Həmin avtonaşınlar özgəninkiləşdirilən zaman Mətanətin xəbəri olmamışdır. Ona görə də məhkəmədən ilkin iddia tələbini təmin, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, iddia ərizəsinin 5-ci bəndində göstərilən avtomobillərdən bir neçəsi başqa şəxslərin mülkiyyətindədir. Nikah dövründə Cavabdeh adına keçirilmiş və çıxarılmışdır. Hal-hazırda bölgü predmeti deyildir. Əgər söhbət müqavilənin etibarsızlığından gedirsə, həmin şəxslər cəlb olunmalı idi. Sumqayıt şəhəri, 1-ci mkr ünvanında yerləşən ev birgə nikah dövründə olduğu üçün bölünməlidir. Burada uşaqların da mənafeyi nəzərə alınmalıdır. Hesab edir ki, uşaqların kimin yanında qalması müəyyən olunmalıdır, lakin ayrılan digər iş üzrə icraat dayandırıldığından bu məsələni həll etmək mümkün deyildir. Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinə gəldikdə isə torpaq bağışlanma yolu ilə keçdiyi üçün bölünə bilməz. “Mitsubishi Pajero” markalı avtomaşın Cavabdeh mülkiyyətindədir və bölünməsinə etiraz etmirlər. “Kia Sorenta” markalı avtomaşın isə formal olaraq Elçinin mülkiyyətində olsa da, başqa şəxsin istifadəsindədir. Ona görə də məhkəmədən ilkin iddia tələbinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən telefon və sms vasitəsilə məlmatlandırılmalarına baxmayaraq iştirak etməmişlər. İlkin Mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərcini İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 ödəmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Kaspian” vəkil bürosu tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli, S21/003 nömrəli sorğuya cavab olaraq göndərdiyi 09 iyul 2021-ci il tarixli, **********69 nömrəli məktubdan görünür ki, Cavabdeh adına Sumqayıt 1-ci mikrorayon, ev 1, 4 saylı mənzil Sumqayıt şəhər DNK, C.Q.Rüstəmov tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-503 reyestr nömrəli daşınmaz əmlakın müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixində, Abşeron rayonu, Novxanı kəndində 0.0280 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Abşeron rayonu, 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il 4Ə-405 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə, Abşeron 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2018-ci il tarixli, 3M-446 nömrəli torpaq sahəsinin bölgüsü haqqında sazişə əsasən xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh adına hazırda Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X26 İdarəsinə 18 iyun 2021-ci il tarixli, S21/002 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X26 İdarəsinin 26 iyun 2021-ci il tarixli 741125/221 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh adında “KİA SORENTA” markalı **-GD-*** dövlət nömrə nişanlı və “MİTSUBİSHİ PAJERO” markalı **-UE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin qeydiyyatda olduğunu, “X24” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2016-cı il tarixdə, “TOYOTO LAND-CRUİSER-PRADO” markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə, “Mercedes Benz 814” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2016-cı il tarixdə, “NİSSAN X- TRAİL” markalı **-XF-*** dövlət nömrə nişanlı avtomobil isə xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmış və alqı-satqı müqaviləsi ilə üçüncü şəxslərə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində 0.0280 ha sahədə yerləşən torpaq sahəsi X17 oğlunun xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X3 rayonu, Novxanı kəndində 0.0280 ha sahədə yerləşən torpaq sahəsini qardaşı Cavabdeh bağışlamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məkubundan görünür ki, 0.10628 ha torpaq sahəsi üzərində X13 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, **********95 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, həmin torpaq sahəsinin 0.028 ha hissəsi Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-405 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh, 0.025 ha hissəsi isə Abşeron rayonu 2 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018ci il tarixli, 4Ə-404 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 özgəninkiləşdirilmişdir. 0.028 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********63 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmış və hal-hazırda mülkiyyətindədir. İş materiallarında olan məhkəmə sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məkubundan görünür ki, ünvan 6 ünvanda yerləşən 18 saylı mənzil Sumqayıt "ASAN’’ xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli, 2V-214 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X6 adına qeydiyyata alınaraq xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan məhkəmə sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məkubundan görünür ki, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-503 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 1 ünvanında yerləşən 4 saylı mənzil üzərində xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Üzərində həbs qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarb 4Ə-405 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 0.10628 ha torpaq sahəsindən 0.028 ha hissəsi Cavabdeh adına xx.xx.2018-ci il tarixində ********** qeydiyyat **********63 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqındadaşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilərək qeydiyyata alınmış və hal-hazırda mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaq və aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən rəy verilməsi üçün mülki işin icraatı dayandırılmışdır. Nikahda olduqları dövrdə Cavabdeh mülkiyyətində “X24” markalı **-CR-*** dövlət nömrə nişanlı, “TOYOTO LAND-CRUİSER-PRADO” markalı **-HN-*** dövlət nömrə nişanlı, “Mercedes Benz 814” markalı **-CR-*** dövlət nömrə nişanlı, “NİSSAN X-TRAİL” markalı **-XF-*** dövlət nömrə nişanlı avtomobillər olmuş, ilkin onlar müxtəlif tarixdə qeydiyyatdan çıxarılmış və alqı-satqı müqaviləsi ilə üçüncü şəxslərə satılmışdır. Məhkəmə işin faktiki hallarını aşağıda qeyd olunanlara əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsin əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlılığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 157-ci maddəsi mülkiyyət hüqunun müdafiəsi normalarını özündə ehtiva edir. Həmin normalara əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (157.8). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəyə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinin tələbinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. «Məhkəmə qətaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il taixli 4 nömrəli Qərarının 6.10-cu bəndində göstərilmişdir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Məhkəmə ilkin iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən hesab edir ki, birgə nikah dövründə hədiyyə şəklində cavabdeh Əlı̇ yev Elçı̇ n Yası̇ n oğlunun mülkiyyətinə xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 rayonu, Novxanı kəndində 0.0280 ha sahədə yerləşən torpaq sahəsini qardaşı Cavabdeh bağışlamışdır.Hədiyyə şəklində qəbul edilmiş əmlakın bölnməsi qanunvericiliyin tələbinə ziddir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X26 İdarəsinə 18 iyun 2021-ci il tarixli, S21/002 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X26 İdarəsinin 26 iyun 2021-ci il tarixli 741125/221 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh adında “KİA SORENTA” markalı **-GD-*** dövlət nömrə nişanlı və “MİTSUBİSHİ PAJERO” markalı **- UE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin qeydiyyatda olduğunu, “X24” markalı **- CR-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2016-cı il tarixdə, “TOYOTO LAND-CRUİSER- PRADO” markalı **-HN-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə, “Mercedes Benz 814” markalı **-CR-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2016-cı il tarixdə, “NİSSAN X-TRAİL” markalı **-XF-*** dövlət nömrə nişanlı avtomobil isə xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxarılmış və alqı-satqı müqaviləsi ilə üçüncü şəxslərə satılmışdır. Məhkəmə hesab edir ki, üçüncü şəxslərin mülkiyyətinə keçirilərək qeydiyyatdan çıxarılmış avtomobillərlə bağlı vicdanlı alıcının hüquqları qorunmalıdır. Əqdin etibarsızlığı və ondan irəli gələrək pul tələbi dair müstəqil qaydada iddia tələbi ilə mübahisələndirmək hüqunun olduğu məhkəmə iclasında tərəflərin diqqətinə çatdırılmışdır. Məhkəmə birgə nikah dövründə əldə edilmiş əmlakları bərabər payda bölməsini qiymətləndirərək hesab edir ki, bərabər paydan daha üstün olmasını (yəni ¾ hissə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə ¼ hissə payının müəyyən edilməsi) hissəsində məhkəmə iclasında tədqiq olmuş sübutlar, iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmamışdır. Qarşılıqlı iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh ¾ hissə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə ¼ hissə pay müəyyən edilməsi, eləcə də tərəflərin birgə nikah dövründə götürdükləri 20.000 (iyimi min) manat kredit borcunun bərabər payda bölünməsi, birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 1 ünvanında yerləşən 4 saylı mənzil və “MİTSUBİSHİ PAJERO” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ¾ hissə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə ¼ hissə payının müəyyən edilməsi ilə bağlı iddia tələbi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması gedişatında sübut edilməmişdir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi tərəflərin birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 1 ünvanında yerləşən 4 saylı mənzil, “KİA SORENTA” markalı, **-GD-*** dövlət nömrə nişanlı və “MİTSUBİSHİ PAJERO” markalı, **-UE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri üzərində paylar ½ hissədə İddiaçı, ½ hissədə cavabdeh Əlı̇ yev Elçı̇ n Yası̇ n oğlunun olmaqla müəyyən edilməli, qalan hissədə iddia tələbi öz təsdiqini tapmadığı üçün təmin edilməməlidir. Məhkəmə eləcə də qeyd edir ki, S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Belə ki, S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qisməndə qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir.Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 157.5 – 157.7-ci maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürülməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 666-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Bununla bağlı nəzərə alınmalıdır ki, MM-in 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulsa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MMin 21.1 və 21.2-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən təmin edilərək, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 1 ünvanında yerləşən 4 saylı mənzil, “KİA SORENTA” markalı, **-GD-*** dövlət nömrə nişanlı və “MİTSUBİSHİ PAJERO” markalı, **-UE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri üzərində paylar ½ hissədə İddiaçı, ½ hissədə cavabdeh Əlı̇ yev Elçı̇ n Yası̇ n oğlunun olmaqla müəyyən edilməli, ilkin iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 1 ünvanında yerləşən 4 saylı mənzil, “KİA SORENTA” markalı, **-GD-*** dövlət nömrə nişanlı və “MİTSUBİSHİ PAJERO” markalı, **-UE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri üzərində paylar ½ hissədə İddiaçı, ½ hissədə cavabdeh Əlı̇ yev Elçı̇ n Yası̇ n oğlunun olmaqla müəyyən edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Əlı̇ yev Elçı̇ n Yası̇ n oğlunun cavabdeh Əlı̇ yeva Mətanət Vahı̇ d qızına qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar