Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2434/2021 10.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Bank “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi, borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bank “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, RPF-00257-16/19A saylı kredit müqaviləsinin ləğv olunması, cavabdehlərdən müştərək qaydada həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 3159,86 manat əsas borc, 3,73 manat faiz borcu, ümumilikdə, 3163,59 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutularaq iddiaçı Bank “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00257-16/19A saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədi ilə 60 ay müddətinə illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq etməklə 3178,46 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kreditdən iddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxxx 2024-cü il tarixinədək faiz ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə edilmişdir. Eyni zamanda Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 zamin durmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi şəkildə və rəsmi bildirişlərlə edilən xəbərdarlıqlara baxmayaraq borcu ödəməmişdir. İddiaçının nümayəndəsi teleqram vuraraq, məhkəmə iclasını onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, pandemiya ilə əlaqədar ödənişləri edə bilməmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RPF-00257-16/19A saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə, illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq etməklə 3178,46 manat kredit vermişdir. - Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 zamin olmuşdur. - x xxxxxx 2021-ci il tarixli arayışda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixinə cavabdehin iddiaçıya borcu əsas borc üzrə 3159,86 manat əsas, faiz borcu üzrə 3,73 manat, cəmi 3163,59 manat təşkil edir. -eManat terminalına məxsus 87738 nömrəli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixində Bank “xxxx” ASC-nin hesabına RPF-00257-16/19A nömrəli müqavilə üçün 5 manat ödənilmişdir. -İşdən görünür ki, cavabdehlərə bildiriş (pretenziya) məktubları göndərilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən eManat terminalından xx.xx.2021-ci il tarixində Bank “xxxx” ASC-nin hesabına RPF-00257-16/19A nömrəli müqavilə üçün 5 manat ödənilmişdir. Nəticədə cavabdehin iddiaçıya xx xxxxxx 2020-ci il tarixinə əsas borca görə 3154,86 manat, faiz borcuna görə 3,73 manat olmaqla, cəmi 3158,59 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 tərəfindən eManat terminalından xx.xx.2021-ci il tarixində Bank “xxxx” ASC-nin hesabına RPF-00257-16/19A nömrəli müqavilə üçün 5 manat ödənilmişdir. Ona görə də iddiaçının xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən o iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh1la birgə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh1 kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh2 də müştərək qaydada tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilələrin birtərəfli qaydada ləğv edilməsi hissəsini araşdıraraq, hesab edir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olunan bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün təklifə bərabər tutur. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan və tutulmalı məbləğ 500 manatdan yuxarı olduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3154,86 manat əsas, faiz borcuna görə 3,73 manat olmaqla, cəmi 3158,59 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3154,86 manat əsas, 3,73 manat faiz borcu olmaqla, cəmi 3158,59 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı Bank “xxxx” ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2434/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2434/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver