Məhkəmə qərarları › İş №2(060)-2438/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2438/2023

04.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2438/2023 04.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, 21-ci mikrorayon, 116 saylı evə (abunə kodu **********01014) cavabdeh təşkilat tərəfindən hesablanan 1036,80 manat məbləğində cərimə borcunun və sayğacın dəyəri kimi tələb olunan 159,96 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 116 saylı evə cavabdeh tərəfindən verilmiş **********01014 saylı abonet kodu iddiaçımın həyat yoldaşı Mənsurə Həsənovanın adınadır. Həyat yoldaşı isə xx.xx.2020-ci ildə dünyasını dəyişmişdir. Tərəflərindən sayğac göstəricisi əsasında ödənişlər vaxtlı-vaxtında həyata keçirilmişdir. xx.xx.2022-ci ildə yaşadığı ünvana cavabdeh təşkilatın nümayəndələri tərəfindən baxış keçirilmiş və sayğacın istifadə müddətinin keçməsi ilə bağlı həmin sayğac yenisi ilə əvəzləşdirilmiş və iddiaçı da bu prosesdə iştirak etməklə nümayəndələr tərəfindən tərtib olunmuş ******* saylı akta imza atmışdır. Lakin artıq ünvana yeni sayğac quraşdırıldıqdan sonra cavabdeh təşkilatın nümayəndələri iddiaçını xəbəri və iştirakı olmadan 28 dekabr 2022-ci ildə ******* saylı akt tərtib etmiş və həmin aktda qeyd etmişlər ki, guya bu akt tərtib olunan zaman iddiaçının mərhum həyat yoldaşı X1 da bu prosesdə iştirak etmiş, lakin aktı imzalamaqdan imtina etmişdir. Halbuki həyat yoldaşı xx.xx.2020-ci ildən dünyasını dəyişmişdir. Cavabdeh təşkilat saxta akt tərtib etmişdi. Əvvəla onların guya xx.xx.2022-ci ildə baxış keçirdikləri sayğac həmin təşkilatın nümayəndələri tərəfindən xx.xx.2022-ci ildən dəyişdirilmiş və yenisi ilə əvəz olunmuşdur. Bundan başqa baxış keçirilən zaman mərhum həyat yoldaşının da iştirakı mümkünsüzdür. Çünki o həmin vaxt həyatda yox idi, digər tərəfdən əvvəlki sayğacı dəyişən zaman iddiaçı da həmin prosesdə iştirak etmiş və sayğacda hər hansı bir nöqsan aşkar olunmamışdır. Belə bir hal olsaydı, həmin vaxt akt tərtib olunardı. Cavabdehin nümayəndəsi tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan iddiaçıya məxsus mənzilə quraşdırılmış qaz sayğacına əməkdaşlar tərəfindən baxış keçirilmiş, yerində 208960 saylı, xx.xx.2022-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması qqında” akt tərtib edilmişdir. Sayğac dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin AKT № SK-29/1710-03760-1 saylı və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 208960 saylı, xx.xx.2022-ci il tarixli akt əsasında abonentin qaz sayğacının nominal az sərfinin hesabatı aparılmış və dəymiş ziyan hesablanmışdır. Qaz sayğacının nominal az sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 4m3x24x90=8640m3x0,12qəpik=1036,80 manat itirilmiş qazın bərpası hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, sayğaca onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Sayğac onun evinin hasarından çöldə yerləşir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Sayğaca kənar müdaxil edilib. Bu səbəbdən məsuliyyət bilavasitə iddiaçının öz üzərinə düşür. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı ildə, Masallı rayonu, Qodman kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehin əməkdaşları tərəfindən tərib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli akta əsasən iddiaçıya məxsus evin qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış və yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, sayğaca baxış keçirildi. Sayğacın yaddaş arxivi oxundu. xx.xx.2017 və xx.xx.2018-ci il tarixlərdə ALARM-1 rejimi aşkar olunub. Sayğacın klapanı işlək deyil. Xətalar normadan artıqdır. Sayğac istimara yararsızdır. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya 8640 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında 1036,80 manat borc hesablandığı göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, iddiaçının ünvanında məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən xx.xx.2017 və xx.xx.2018-ci il tarixlərdə ALARM-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 159,96 manat ödənilməlidir. Əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 1036,80 manat borcun və sayğacın dəyərinə görə ondan tələb edilən 159,96 manat pulun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 1036,80 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında və sayğacın dəyərinə görə hesablanmış borclar silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanına xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1036 (min otuz altı) manat 80 (səksən) qəpik və sayğacın dəyərinə görə ondan tələb edilən 159 (yüz əlli doqquz) manat 96 (doxsan altı) qəpik məbləğində borclar silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar