Məhkəmə qərarları › İş №2(060)-2469/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2469/2023

20.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2469/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən hesablanmış 4147.20 manat ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 910A saylı fərdi ev ona məxsusdur. Həmin evdə 2022-ci ilin oktyabr ayından 1 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Evə aid ******* №-li köhnə məişət qaz sayğacı küçədə quraşdırılmışdır. Yaşadığı evə yeni köçdüyü üçün o qaz sayğacına nəinki müdaxilə etmiş, onunla maraqlanmamış, heç ona tərəf baxmağına ehtiyac olmamışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri gəlmiş və köhnə ******* №-li lipa qaz sayğacını açıb götürmüşlər. xx.xx.2022-ci ildə isə **********5 №-li yeni aşağı təzyiqli qaz sayğacını quraşdırmışlar. Cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin akta əsasən 4147.20 manat məbləğində borc hesablanmışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır və qaz sayğacına heç bir müdaxilə etməmiş və tələb olunan məbləği əsassız hesab edir. Sayğac yaşadığı mənzilin daxilində deyil, kənarda yerləşir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 910A ünvanına «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və mənzil sahibi tərəfindən lipa sayğacdan (təbii qazdan qeyri-qanuni) istifadə halı aşkar edilmişdir. Abonent iddia ərizəsində lipa sayğacın (sayğac nömrəsi: 4289823) olduğunu qeyd etmişdir. Birliyin əməkdaşları tərəfindən yerində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li, xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktlada qeyd olunan nöqsan “sayğacdan kənar xətt aşkarlandı” qeyd olunmuşdur. Abonentin mənzilinə baxış keçirilmiş, istifadə olunan avadanlıqların siyahısı tutularaq akt tərtib edilmiş və dövlətə vurduğu ziyan müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 4127.20 manat təşkil etmişdir. İddiaçı iddia ərizəsində “cərimənin silinməsi” tələbini qeyd etsə də, araşdırma zamanı müəyyən edilmişdir ki, o istifadə etdiyi qazın dəyərini belə ödəməmişdir. Sayğac xx.xx.2022-ci ildə qoyulmuşdur. Abonent tərəfindən 2022-ci ilin noyabr , dekabr aylarında ödəniş olunmamış, 2023-cü ildə cəmi 50 manat ödəniş edilmişdir. Bu ödəmələr abonentin sayğacdan kənar qeyriqanuni xətdən istifadə etdiyini təsdiq edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, xx.xx.2022-ci ildə həmin fərdi evə köçmüşdür. Oktyabrın 14-ü cavabdehin əməkdaşları evə sayğac quraşdırmışlar. Noyabrın 6-da isə sözügedən sayğac aşkar olunmuş və götürülmüşdür. Evin tikintisi zamanı ünvanda qaz xətti olmamışdır. Belə ki, qaynatasının evi yaxınlıqda yerləşdiyindən tikinti zamanı təbii qazdan istifadəyə lüzum olmamışdır. Fərdi evdə yalnız kombi və mətbəxdəki qazdan istifadə olunur. Məhkəmə iclasında iddiaçının vəkili iddiaçının göstərdiklərini müdafiə etdiyini bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərdi ki, o, iddiaçının tanışıdır. O evin bünövrəsi qoyulandan başlayaraq tikilməsində iştirak etmişdir. Qaz xəttini o çəkmişdir. 4 metr boru ilə divarı deşərək qaz xətti çəkmişdir. Nə sayğacı bağlamış nə də evdə sayğac görməmişdir. 2020-ci ildə evi tikmişdir. Evdə kombi və 4 göz qaz vardır. Qaz xətti çəkilənə qədər evdə qazdan istifadə olmamışdır. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, iddiaçının vəkilini və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Azəriqaz” İB ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, qaz sayğacı quraşdırılmışdır. Həmin müqavilənin 4.3-cü bəndindən görünür ki, mənzildə PQ-4 və Kol qaz qurğuları mövcuddur. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın həcmi 34560 m3 müəyyən olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “06 noyabr 2022-ci ildə çıxarılan lipa sayğac (№ 4289823) əvəzinə quraşdırılan **********5 saylı sayğaca məxsus mənzilə istifadə etdiyi qeyri-qanuni qaz hesablanmışdır”qeyd olunmuşdur. - Abonentin saldosundan görünür ki, abonent kodu **********09101 olan ünvana akta görə 4147.20 manat borc hesablanmışdır. - Abonentin saldosundan görünür ki, 2022-ci ilin dekabr ayında 57.24, 2023-cü ilin yanvar-aprel aylarında müvafiq olaraq 58.80; 45.24; 24.12 və 45.24 manat dəyərində təbii qaz istifadə olunmuşdur. - Sumqayıt Bələdiyyəsi “Ceyranbatan” 1 saylı Məhəllə Komitəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı özünə məxsus sənədsiz evində 2022-ci ilin oktyabr ayından yaşayır. - Satıcı – Ultratek “MMC” ilə alıcı - İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, 0099223№-li nisyə alqı-satqı müqaviləsindən və ona edilmiş 1 nömrəli əlavədən görünür ki, satıcı 849 manat dəyərində “X5 Neoterm 24 kW” adlı malı alıcıya nisyə satmağı, alıcı isə ilkin ödənişsiz, 18 ay müddətində hər ay 48 manat, sonuncu ay 33 manat olmaqla, hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Sumqayıt Bələdiyyəsi “Ceyranbatan-1” 1 saylı Məhəllə Komitəsinin verdiyi xx.xx.2023cü il tarixli arayışdan görünür ki, İddiaçı özünə məxsus sənədsiz evində 2022-ci ilin oktyabr ayından “Ceyranbatan-1” ərazisində yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, sayğacın evə aid olmaması (lipa) barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş, aktda “06 noyabr 2022-ci ildə çıxarılan lipa sayğac (№ 4289823) əvəzinə quraşdırılan **********5 saylı sayğaca məxsus mənzilə istifadə etdiyi qeyri-qanuni qaz hesablanmışdır”qeyd olunmuş və həmin akt əsasında 4147.20 manat cərimə hesablanmışdır. Həmin ünvanda 2022-ci ilin dekabr ayında 57.24, 2023cü ilin yanvar-aprel aylarında müvafiq olaraq 58.80; 45.24; 24.12 və 45.24 manat dəyərində təbii qaz istifadə olunmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sayğaca kənar xətt vasitəsilə qoşularaq təbii qazdan istifadə qaydalarını pozması halı iş materialları və təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, müvafiq aktla yanaşı mövcud pozuntunun videoyazıya alınması barədə çəkiliş, fotoşəkillər də iddiaçının yaşadığı evdə aidiyyəti sayğacın deyil, başqasının istifadəsini təsdiqləyir. Bununla belə, məhkəmə hesab edir ki, cərimənin hesablanması zamanı məbləğ real istehlak səviyyəsi nəzərə alınmadan şişirdilmiş, iddiaçı fərziyyələrə əsaslanan maliyyə sanksiyasına məruz qalmışdır. Belə ki, işin faktiki hallarından və təqdim olunmuş sübutlardan müəyyən edilir ki, iddiaçı sözügedən evə 2022-ci ilin oktyabr ayının 14-də köçmüş, həmin tarixdən təbii qazdan istifadə etməyə başlamış, ünvana aid olmayan sayğac isə xx.xx.2022-ci ildə cavabdeh təşkilatın nümayəndələri tərəfindən aşkarlanmış və bu ilin noyabr ayının 14-də yeni sayğac quraşdırılmışdır. Göstərilənlər şahid X2 ifadəsi, müvafiq akt, Sumqayıt Bələdiyyəsi “Ceyranbatan-1” 1 saylı Məhəllə Komitəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışı və kombi aparatının alınmasına dair xx.xx.2022-ci il tarixli müqavilə ilə təsdiq olunur. Bu halların əksini təsdiqləyən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olduqda, məhkəmə hesab edir ki, cavabdeh itirilmiş qazın bərpasının bir illik deyil, bir aylıq zaman kəsiyi üzrə hesabatını aparmalı və qanunvericiliyin tələbinə əsasən orta qaz sərfini əsas götürməli idi. İddiaçının abonent saldosunun təhlilindən aydın olur ki, onun ilin həmin fəsli üzrə orta qaz sərfiyyatının dəyəri təxminən 60 manat sərhəddini aşmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, istifadə olunmuş təbii qazın dəyəri olaraq 60 manat iddiaçı tərəfindən ödənilməlidir. Odur ki, məhkəmə, iddianın 4087.20 manat cərimənin silinməsi həcmində əsaslı olması qənaətinə gəlir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki ərizəyə görə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 60.87 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, abonent kodu **********09101 olan ünvana hesablanmış 4087.20 manat borc silinməli və iddianın verilməsinə görə 60.87 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. “Azəriqaz” İB tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 910A saylı fərdi yaşayış evinə aid **********09101 abonent koduna itirilmiş qazın sərfiyyatına görə hesablanmış 4087.20 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 60.87 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar