Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-247/2024 27.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Rəhimova Tamam Bayram qızı ərizəçinin doğma bacısıdır. O, İİ dərəcəli əlildir. Bacısı xx.xx.1965-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Rəhimova Təmam Bayram qızı Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatriya kabinetində xx.xx.2013-cü il tarixindən "Şizofreniya paranoid forma" diaqnozu ilə dispanser qeydiyyatdadır. Kənar şəxsin qulluğuna ehtiyacı var. Ona görə də ona daimi qulluq və nəzarət lazımdır. Ərizəçi özü hal-hazırda heç yerdə işləmir, heç bir yerdən yardım almır, başqa bir yerdən də gəliri yoxdur. X2 Bayram qızı uzun sürən "Şizofreniya paranoid” vəziyyətindədir. Bu səbəbdən Rəhimova Tamam Bayram qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və ərizəçinin himayəsinə verilməsi daha məqsədə uyğundur. Göstərilənlərə əsasən ərizəçinin bacısı xx.xx.1965-ci ii təvəllüdlü Rəhimova Tamam Bayram qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Sumqayıt Tibb Mərkəzi 2 nömrəli X1 tərəfindən verilmiş 20 sentyabr 2023-cü il tarixli, 276 nömrəli məktubdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü ünvan 3 ünvanında yaşayan Rəhimova Tamam Bayram qızı Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatriya kabinetində xx.xx.2013-cü il tarixindən “Şizofreniya paranoid forma” diaqnozu ilə dispanser qeydiyyatdadır.
8. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Rəhimova Tamam Bayram qızı müddətsiz 2-ci qrup əlildir. Diaqnoz: Paranoid şizofreniya, şizofreniya paranoid forma.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X3 xx.xx.2023-cü il tarixli, 3491 №-li rəyindən görünür ki, Rəhimova Tamam Bayram qızında “ŞİZOFRENİYA PARANOİD FORMA” (F20.0) xroniki psixi xəstəliyi müəyyən edilir. Bunu anamnestik məlumatlar (uzun müddətdir psixi xəstə olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Paranoid şizofreniya. Şizofreniya paranoid forma” diaqnozu ilə ikinci dərəcəli əlil hesab olduğunun qeyd edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji və autik olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – xx.xx.1965-ci il təvəllüdlü Rəhimova Tamam Bayram qızında şizofreniya paranoid forma psixi xəstəliyi müəyyən edilir. İİ – Yoxlanılan şəxs Rəhimova Tamam Bayram qızı psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyilr. İİİ– Yoxlanılan şəxs Rəhimova Tamam Bayram qızını fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1965-ci il təvəllüdlü Rəhimova Tamam Bayram qızı hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
14. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Rəhimova Tamam Bayram qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
17. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
18. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü Rəhimova Tamam Bayram qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə Rəhimova Tamam Bayram qızının üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva