Məhkəmə qərarları › İş №2(060)-2471/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2471/2023

31.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2471/2023 31.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtlı-vaxtında ödəyir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. xx.xx.2018-ci il tarixində cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən faktiki istifadəsində olan mənzilin qaz sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya sayğaca müdaxilə olunmuşdur. Ona görə də xx.xx.2018-ci il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuşdur. Bundan sonra cavabdeh “Azəriqaz” İB-dən ona bildirilmişdir ki, ünvanda olan G-4 markalı məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departmentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexanizmi aşkar olunmamışdır. Sayğacın elektron hissəsi aşkar olunmamışdır. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü aşkar olunmamış kimi qiymətləndirilmişdir. Sayğacın dəyərini ödəməyini və ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-ə təqdim etməyi tələb olunmuşdur. Əks təqdirdə Sumqayıt QİS tərəfindən X4 müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Həmçinin sonradan məlum olmuşdur ki, sayğacın dəyərindən əlavə 604.8 manat dəyərində cərimə də hesablanmışdır. Ona görə də bu barədə cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən ona ünvanlanan məktubun məzmunundan görünür ki, guya ünvanına quraşdırılmış məişət qaz sayğacına müdaxilə olunmuş və istismara yararsız vəziyyətə salınmışdır. Qeyd edir ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Bu istehlakçı olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Ünvanına quraşdırılmış məişət qaz sayğacının Dövlət yoxlamasına göndərilməsi və Metrologiya Departmentinin verdiyi rəy gözləniləndir. Çünki rəy verən şəxslər iş üzrə maraqlı olan şəxslərdir. Belə ki, həmin rəy əsasında sayğaca guya müdaxilə aşkar olunduğundan sayğacın dəyəri və əsassız olaraq hesablanmış cərimə iddiaçı tərəfindən ondan tələb olunmuşdur. Hesab edir ki, sayğacın dəyəri və cərimə kimi tələb olunan borc silinməlidir. Yaşadığı evin qaz sayğacı hasarın çöl hissəsində quraşdırılmışdır. Belə olan halda sayğaca olunan hər hansı müdaxiləyə və qorunub saxlanmasına görə məsuliyyət daşımır. Həmçinin qeyd edir ki, akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Bu da qanunverciliyin tələbinə ziddir. Yuxarıda qeyd etdiklərinə əsasən sayğacın dəyəri kimi tələb olunan və əsassız olaraq hesablanmış borcun silinməsi üçün məhkəməyə müraciət etmək məcburriyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən, ünvan 2 ünvana (**********04130) əsassız olaraq hesablanmış 604.8 (altı yüz dörd manat səksən qəpik) manat məbləğində cərimə borcunun və 170 manat məbləğində sayğacın dəyərinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, akta əsasən itirilmiş qazın bərpası üçün 302.40 manat məbləğində cərimə hesablanmışdır. Həmin ev sayğaclaşdırıldıqdan həmin evdə ancaq Smart Kart tipli sayğac olmuşdur. Smart tipli sayğac olan yerdə isə heç bir zaman debitor borc ola bilməz. Qaz idarəsi qeyri qanuni olaraq 300 manat əlavə borc yazmışdır. Qarşı tərəf deyir ki, borcu vardır. Qarşı tərəf öncə sübut etməlidir ki, onun borcu vardır. Karta pul yüklədikdə onun əlli faizi hesabdan silinir. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, mexaniki sayğacdan elektron sayğaca keçdikdə borc da həmin qaydada 2018-ci il tarixdə sayğacdan elektron sayğaca hesablanıb köçürülmüşdür. 604.8 manatı iddiaçı mübahisələndirdiyi üçün iddiaçı özü sübut etməlidir. Akt əsasında 302.40 manat hesablanmışdır. 2013-cü ildə mexaniki sayğac, 2018-ci il tarixdə isə elektron sayğac olmuşdur. Debitor borc yaranır, ödənilmədikdə, yeni sayğaca keçdikdə məcburi tutulmalar olur. 2018-ci il tarixdə akt vardır. Orada qeyd olunmuşdur ki, qutu yararsız olduğu üçün əvəzlənmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı olmaqla, bağ evi növündə daşınmaz əmlak Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 413 ünvanında yerləşir. Xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. 25 sentyabr 2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, ünvanına ******* saylı, 03 sentyabr 2018-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 3024 kubmetr qaz itkisi hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 03 sentyabr 2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin aşkar olunmaması, sayğacın elektron hissəsinin aşkar olunmaması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün tamamilə aşkar olunmaması kimi hallar qeyd olunmuşdur. Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin aşkar olunmaması, sayğacın elektron hissəsinin aşkar olunmaması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün tamamilə aşkar olunmaması kimi hallar qeyd olunmuşdur. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********04130) ünvan 3 ünvanında xx.xx.2022-ci il tarixdə ZENNER G4T SMART tipli, **********609 nömrəli sayğac quraşdırılmışdır. 2018-ci ilin sonuna 3024 kub metr qaz sərfiyyatı olmuş və ilin sonuna 604.80 manat vəsait hesablanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin aşkar olunmaması, sayğacın elektron hissəsinin aşkar olunmaması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün tamamilə aşkar olunmaması kimi hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd olunmasını zəruri hesab edir ki, abonent saldosuna əsasən 2018ci ilin sonuna 3024 kub metr qaz sərfiyyatı olmuş və ilin sonuna 604.80 manat vəsait hesablanmışdır. Bu 3024 kub metr qaz sərfiyyatı üçün 25 sentyabr 2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən 302.40 manat pul vəsaiti hesablanmışdır. Digər 302.40 manat isə 2018-ci il tarixdə isə elektron sayğac quraşdırıldığı üçün 2013-cü il tarixlə quraşdırılmış mexaniki sayğacda olan borc həmin elektron sayğaca köçürülmüşdür. Bu səbəbdən sözügedən 302.40 manat məbləğində borc ödənişlərin tələb etmə müddəti cavabdehin hərəkətsizliyi səbəbindən ötürülmüşdür. Odur ki, bu səbəbdən iddiaçının öhdəliyinə xitam verilməli, iddia tələbi təmin edilərək iddiaçıya hesablanmiş 302.40 manat borc silinməlidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 604.8 manat borcun və sayğacın dəyərinə görə hesablanmış 170 manatın silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Həmin Məcllənin 550-ci maddəsinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 03 sentyabr 2018-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 604.8 manat borc abonentin hesabından (abonent kodu **********04130) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. **********04130 saylı abonent koduna cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən hesablanmış 604.8 manat (altı yüz dörd manat səksən qəpik) borc və sayğacın dəyərinə görə hesablanmış 170 manat, cəmi 774.8 (yeddi yüz yetmiş dörd) manat 80 (səksən) qəpik silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar