Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2480/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilə əsassız olaraq hesablanmış 211 manat 60 qəpik məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 1 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Evdə iki nəfər ailə üzvü ilə birlikdə yaşayır. Kommunal ödənişləri və s. vergiləri həmişə vaxtlı-vaxtında ödəmişdir. Heç vaxt hansısa vergidən və s. yayınmamışdır. 20 noyabr 2020-ci il tarixdə «Cavabdeh» İBnin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və həyat yoldaşına bilmədiyi, oxumadığı bir akta imza etdirmişlər. Sayğacı da özləri ilə götürüb aparmışlar. Sonradan onlara məlum olmuşdur ki, guya sayğac qırılıb və sərfiyyat düzgün aparılmır. Buna görə də, onlara 211 manat 69 qəpik məbləğində borc yazmışlar. Necə ola bilər ki, onlara bu qədər cərimə yazılsın? İki nəfərin işlədə biləcəyi qaz sərfiyyatı necə ola bilər ki, bu qədər olsun? Bu nə qədər ağlabatandır? Qeyd edir ki, sayğac hər kəsin müdaxilə edə biləcəyi şəkildə girişdə yerləşir. Həmçinin, bildirir ki, əgər belə bir hal var idisə niyə görə hər dəfə sayğacın yaddaşını oxumağa, yoxlamağa gələn şəxs bunu müəyyən etməmişdi? O, bu gün etmədiyi hərəkətə, istifadə etmədiyi qaz həcminə görə niyə o qədər pul ödəməlidir? İmkanları da yoxdur ki, bu gün heç nədən o pulu ödəyə bilsinlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 27.08.2009-cu il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri 1-ci məhəllə 4 saylı evin 1 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 noyabr 2020-ci il tarixli ******* saylı aktdan, eyni tarixli, «Dəymiş ziyanın bərpasına dair tələbnamə»dən görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvanda sərf edilən təbii qaz həcminin hesablanması üçün quraşdırılmış sayğaca (08.09.2020-ci il tarixdə D/Y-na gətirilmiş, Metrologiya Departamenti sayğacların müayinəsi laboratoriyasının rəyinə görə) baxış keçirilmişdir. Baxış zamanı sayğacın element yuvasının qapağa alt hissədən gövdəyə birləşən hissədən sındığı, nəticədə sayğacın ALARM-1 rejimində olması, klapanın bağlı olması müəyyən edilmişdir. Sayğacın yaddaş arxivi oxunmuşdur. Sayğacda 08.06.2020-ci il tarixdə ALARM-1 rejimi aşkar olunmuşdur. Bu səbəbdən, dəymiş ziyanın hesablanması barədə göstəriş verilmişdir. Dəymiş ziyanın həcmi hesablanarkən qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır (4 x 6 x 90 = 2160 m3). İtirilmiş qaz sərfiyyatına görə istehlakçıdan 211 manat 60 qəpik borcun tutulması tələbi irəli sürülmüşdür. Akt tərtib olunarkən şahidlərin və istehlakçının özünün iştirakı təmin edilməmiş, akt şahidlər və iddiaçı tərəfindən imzalanmamışdır. Qeyd etmək lazımdır ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddiaçı yuxarıda qeyd olunan aktın məzmununda qeyd edilən sayğaca müdaxilə faktını mübahisələndirməyib, müdaxilənin, yaxud zədələnmənin onun təqsirli hərəkəti nəticəsində baş vermədiyini bildirir və hesab edir ki, itirilmiş qaz sərfinə görə cərimə ondan tutulmamalıdır. Məhkəmə iddiaçının iddia tələbini əsaslı hesab edir və vurğulayır ki, qaz sayğacına müdaxilənin, yaxud qaz sayğacının zədələnməsinin iddiaçının təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsinə dair sübutlar mövcud olmadığından, itirilmiş qaz sərfiyyatına görə hesablanmış borc İddiaçı tutula bilməz. Digər tərəfdən, iddiaçıya məxsus abonent saldosundan görünür ki, 2019-cu ilin iyun, iyul, avqust aylarında, sayğacın normal işlədiyi və hesabat apardığı dövrdə sərf edilən təbii qaz həcmi (real sərf edilən təbii qaz həcmi) xeyli azdır və yay aylarında çoxmənzilli binada yerləşən mənzildə 3 ay ərzində 211 manat 60 qəpik həcmində təbii qazın sərf edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh «Cavabdeh» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 noyabr 2020-ci il tarixli ******* saylı akta əsasən İddiaçı abonent saldosunda göstərilən 211 manat 60 qəpik cərimə (borc) silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «Cavabdeh» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 20 noyabr 2020-ci il tarixli ******* saylı akta əsasən İddiaçı abonent saldosunda göstərilən 211 manat 60 qəpik cərimə (borc) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2480/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2480/2021
07.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver