Məhkəmə qərarları › İş №2(060)-2480/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2480/2022

31.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2480/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 935.95 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu:**********610) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 09.02.2022-ci il tarixinə 935.95 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 09.09.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Sumqayıt şəhər İH MKTİB-nin 10 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 17.09.2021-ci il tarixli 1021 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında 4 nəfər qeydiyyatdadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Abonent kartından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 01.01.2004-cü il tarixli müqaviləyə əsasən ünvan 2-ə su sayğacı quraşdırılmış, sayğaca əsasən mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 935.95 manat məbləğində borc hesablanmışdır. - Həmin sənəddən görünür ki, cavabdeh 2013-cü ildə 5 manat, 2019-cu ildə və 2021ci ildə hər birində 10 manat ödəmiş, 2014 və 2015-ci illərdə hər dövr üzrə 64.80 manat, 2016-cı ildə isə 37.80 manat borcu mövcuddur. - İddia ərizəsinin surətindən və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9793/2021 saylı, 06.12.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı cavabdehə qarşı hazırki tələblə ilk dəfə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada 19.11.2021-ci ildə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9793/2021 saylı, 06.12.2021-ci il tarixli qərardadı ilə ərizənin qəbulundan imtina edilmişdir. - Cavabdeh barəsində Sumqayıt şəhər İH MKTİB-nin 10 saylı MKS tərəfindən 17.09.2021-ci il tarixli 1021 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında 4 nəfər qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehin qeydiyyatda olduğu və yaşadığı 12-ci mikrorayonda yerləşən ev 33/A, mənzil 61-ə aid onun adına olan abonent koduna 01.02.2011-ci ildən 2022-ci ilədək 935.95 manat su sərfiyyatına görə borc hesablanmışdır. Həmin borcun 388.19 manatı 2017-ci ilədək, 547.76 manatı isə ondan sonrakı dövrə aiddir. Cavabdeh 2013-cü ildə 5 manat, 2019-cu ildə və 2021-ci ildə hər birində 10 manat ödəmiş, 2014 və 2015-ci illərdə hər dövr üzrə 64.80 manat, 2016-cı ildə isə 37.80 manat borcu mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Su təchizatı və tullantı suları haqqında” 28.10.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.Həmin Qanununun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının 13.05.2016-cı il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Qeyd edilən Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.Bu Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 553.1-ci maddəsinə əsasən mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə; ixtiyarlı şəxs məhkəməyə iddia verirsə bu hallarda müddətin axımı kəsilir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını müəyyən etdiyi hallara tətbiq edərək hesab edir ki, istifadə edilən suyun dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda iddiaçının 2014-2016-cı ilədək yaranmış sudan istifadəyə görə edilməli olan 167.4 manat ödənişin tələb etmə müddəti keçdiyindən tələb qüvvəsini itirmişdir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı ASC tərəfindən Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 33/A, mənzil 61-ə aid **********610 saylı abonent koduna hesablanmış 768.55 manat borc Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, tutulmalı məbləğ 1000 manatdan aşağı olduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh su sərfiyyatına görə 768.55 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar