Məhkəmə qərarları › İş №2(060)-2486/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2486/2023

13.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2486/2023 13.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. O, öz ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Bu mənzilin qaz sayğacının abonent kodu **********00480-dır. İddiaçının ailə üzvləri ilə birlikdə yaşadığı mənzilin qaz sayğacına “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən mütəmadi olaraq yoxlamalar həyata keçirilirdi. Lakin 2023-cü ilin fevral ayında bu yoxlamalar daha da artırılmağa başladı. Demək olar ki, hər gün “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən qaz sayğacı yoxlanılırdı. Yoxlamalar zamanı ilk öncə işçilər onları xəbərdar edir sonra isə borulara və sayğaca baxış keçirirdilər. Bu baxış zamanı isə “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən hər hansı bir qanunsuz əməlin törədilməməsinə inanaraq onlar çox vaxt həmin işçinin yanında olmur və öz işləri ilə məşğul olurdular. Bu yoxlamaların nəticəsində isə onların yaşadığı evin qaz sayğacında heç bir problem yaşanmadığı və onlara hər şeyin düzgün olduğu bildirilirdi. Yəni evin qaz sayğacında heç bir pozuntu aşkar edilməmiş və onlara heç bir pozuntu barədə xəbərdarlıq edilməmişdir. Lakin iddaçı və ailə üzvləri evin qaz sayğacı ilə bağlı tərtib edilmiş aktdan daha sonralar xəbərdar olmuşlar. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən aparılan yoxlanışlardan birində, yəni 14 fevral 2023-cü il tarixdə iddiaçının xəbəri və iştirakı olmadan işçilər tərəfindən qanunsuz olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Lakin qanunvericiliyə əsasən bu akt istehlakçının yəni iddiaçının yanında tərtib olunaraq bir nüsxəsi iddiaçıya təqdim edilməli olsa da, onlar bu aktdan tərtib olunduğu gündən 13 gün sonra, yəni 27 fevral 2023-cü il tarixdə xəbərdar olmuşlar. Buna görə də, iddiaçı bu aktı mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulan müddəti ötürməmişdir. Belə ki, bu qanunsuz akt tərtib olunduqdan sonra iddiaçının yaşadığı evə qaz verilməsi anidən dayandırıldı. İddiaçı bunun hər hansı təmir-tikinti ilə bağlı olduğunu düşündü. Lakin üzərindən bir neçə gün keçdiyinə və qış ayları olduğuna görə qaz idarəsinə gedərək bu məsələ ilə maraqlanmağa başladı. Burada isə iddiaçıya bu məsələnin texniki problem olduğunu və həll olunacağını bildirdilər. Lakin iddiaçıya akt barədə məlumat vermədilər. İddiaçı isə aktın olduğundan məhz 27 fevral tarixində evdə qaz təminatının olmaması ilə bağlı qaz idarəsinə getdikdə xəbərdar olmuşdur. Nəticədə, “Azəriqaz” istehsalat Birliyinin işçiləri tərəfindən qanunsuz olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, buna görə də evə qazın verilməsi tamamilə qanunsuz bir şəkildə dayandırılmış və bu barədə onlara heç bir məlumat verilməmişdir. Nəticədə “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən “abonent sayğacdankənar qeyri-qanuni xəttdən istifadə edir” qeyd edilməklə dəymiş ziyanın ödənilməsinə dair qanunsuz şəkildə 4147,20 manat məbləğində cərimə hesablanmışdır. Lakin iddiaçının bütün bunlardan akt tərtib olunduğu gündən 13 gün sonra xəbəri olmuşdur. Bu zaman isə akta baxdıqda istehlakçı imzası yerində “imtina edir” yazılmaqla onların akta imza atmaqdan aktı alarkən imtina etdikləri qeyd edilmişdir. Aktın sonunda isə aktın bir nüsxəsinin onlara təqdim ediləcəyi qeyd edilmişdir. Aktın bir nüsxəsi onlara təqdim edilsə də, bu qanunvericiliklə nəzərdə tutulmuş müddətdən daha sonra baş vermişdir. Yəni onlar aktdan qanunvericiliklə nəzərdə tutulan müddət ərzində xəbərdar olmamışlar. Həmçinin akt onların iştirakı olmadan tərtib edilmişdir. Bu da qanunvericiliyə ziddir. Bütün bunlara görə də iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş aktla razılaşmır və tələb olunan məbləği əsassız hesab edir. Həmçinin qaz sayğacına heç bir müdaxilə etməmişdir. Əgər belə bir hal olsa idi, demək olar ki, hər gün olan yoxlanışlardan sonra iddiaçıya bu barədə məlumat verilərdi. Lakin iddiaçıya heç bir xəbərdarlıq olunmamışdır. Həmçinin “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarının tərtib etdiyi aktın həqiqiliyini sübut edən heç bir vasitə yoxdur. Lakin burada akt tərtib olunarkən sübutlara əsasən tərtib olunmalı və bunlar da istehlakçıya izah edilməli idi. Lakin bunlar olmadığına görə də akt qanunsuz olaraq tərtib edilmişdir. Bu məsələyə dair sübutetmə yükü də məhz istehsalçıda, yəni “Azəriqaz” İstehsalat Birliyindədir. Göstərilənlərə əsasən “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın qanunsuz hesab edilərək ləğv edilməsi, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 4147,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə qeyd etmişdir ki, üç ay müddətində sözügedən evdə kirayəşinlər olmuşlar. Kənar xətt olduğunu qəbul edir, lakin xətti o çəkmədiyini bildirmişdir.

4. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi Qanuni nümayəndə iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur.

7. İş materiallarında olan «Azəriqaz” İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı ******* saylı xx.xx.2023-cü il tarixli akt əsasında fərdi evdə «Qazdan istifadə qaydaları»nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunması ilə əlaqədar, 360 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 34560 kub metr əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyət kimi 4147,20 manat məbləğində borc yazılmışdır.

8. İş materiallarında olan İddiaçı adına olan **********00480 saylı abonentin saldosundan görünür ki, İddiaçı abonent hesabına “Qalıq və aktlar” əsasında 2023-cü il üzrə 4147,20 manat borc yazılmışdır, ünvan üzrə sayğac Zenner G4T İtron Diafraqma tiplidir, quraşdırılma tarixi xx.xx.2017-ci ildir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən İddiaçı aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və yoxlamanın nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən İddiaçı 34560 kub metr əlavə sərfiyyat hesablanaraq 4147,20 manat borc yazılmışdır. Hazırda iddiaçı borcun silinməsini tələ edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

12. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

13. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. 14.«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

15. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.

17. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunmuşdur. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Həmçinin məhkəmə təbii qazdan kənar xətt vasitəsi ilə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmır və hesab edir ki, iddia kənar xətdən istifadə nəticəsində hesablanmış 4147,20 manat borcun silinməsi hissəsində qismən əsaslıdır.

18. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının hesabatı düzgün aparılmamışdır. Məhkəmə həmin hesabatın 30 gün müddəti üçün aparılmasını qanuni və ədalətli hesab edir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməlidirlər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.1-ci bəndinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifələri olaraq nəzərdə tutulmuşdur.

20. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli hesabat üzrə qaz işlədicilərinin sərfiyyatı - PQ-4 maksimal saatlıq qaz sərfi 4 m3/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün (4x24x30=2880m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır.

21. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borcun xx.xx.2023-cü il tarixli hesabat üzrə 345,6 (2880 x 0,12 =345,6) manat olmalıdır.

22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan ümumilikdə 345,6 manat məbləğində borcun tələb edilməsi əsaslıdır.

23. Məhkəmə hesab edir ki, iddiaçıdan 4147,2 manat borcun tələb edilməsi hissəsində tam əsassızdır. Belə ki, iş materiallarında olan abonent saldosunun “qalıq və aktlar” bölməsində 2023-cü ilin fevral ayı üzrə 4147,2 manat məbləğində borcunun olması qeyd olunsa da, bu borcun nəyin əsasında hesablandığı iş materialları ilə müəyyən olunmur.

24. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Beləliklə, şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 3801,6 manat (4147,2 manat – 345,6 manat = 3801,6) məbləğində borcun silinməsi hissəsində təmin edilməlidir.

26. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən ******* saylı, xx.xx.2023-cü il tarixli aktın ləğvi üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğaca baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz.

27. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı **********00480 saylı abunə hesabından «Azəriqaz» İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 3801,60 (üç min səkkiz yüz bir manat, altmış qəpik) manat borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

28. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 58,01 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir.

29. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

30. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

31. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

33. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********00480 saylı abunə hesabından «Azəriqaz» İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 3801,60 (üç min səkkiz yüz bir manat, altmış qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh «Azəriqaz» İB-dən 58,01 (əlli səkkiz manat, bir qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar