Məhkəmə qərarları › İş №2(060)-2500/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2500/2022

29.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2500/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" İB-yə qarşı “əsassız hesablanmış cərimənin, borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı – cavabdeh "xxxx"ASC tərəfindən onun yaşadığı ünvan 1 ilə bağlı (abonent kodu: **********00382) tərtib edilmiş xx.xx.2022ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 518 manat cərimənin və sayğacın dəyəri kimi tələb olunan 185,73 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Xəzər bağlar sahəsində yerləşən 38b saylı bağ evində yaşayır. Evin çöl hissəsində, gediş-gəliş yolunun üstündə cavabdeh təşkilat tərəfindən qaz sayğacı quraşdırılmışdır. İddiaçı hər ay qaz sayğacı ilə bağlı ödənişləri həyata keçirmişdir. Lakin iddiaçının və ailə üzvlərinin xəbəri olmadan cavabdeh təşkilatın nümayəndələri guya xx.xx.2022-ci il tarixdə ərazidə olmuş, əvvəlki sayğacı çıxarmış, yerinə yeni sayğac quraşdırmış və ******* nömrəli akt tərtib edərək həmin sayğacın yararsız olmasını qeyd etmişlər. Bütün bunlar iddiaçının iştirakı olmadan aparıldığı halda həmin aktda qeyd edilmişdir ki, guya iddiaçı həmin vaxt akta imza atmaqdan imtina etmişdir, halbuki iddiaçı ümumiyyətlə həmin şəxsləri görməmişdir. Cavabdeh təşkilat bununla kifayətlənməyərək sayğacın yararsız hala düşməsi ilə bağlı dəymiş ziyan hesablamış və bu ziyanın 4320 kub.metr olmasını qeyd etmiş və iddiaçı tərəfindən qazdan istifadə ilə bağlı ödənişlər həyata keçirildiyi halda iddiaçının guya cavabdeh təşkilata 518 manat (4320X12) borcunun olması qeyd edilmiş və qazdan sitifadə ilə bağlı sonuncu bildirişi aldıqda bu iddiaçıya məlum olmuşdur. Maddi çətinliklərə baxmayaraq iddiaçı hər ay qazdan istifadə ilə bağlı ödənişləri vaxtlı-vaxtında həyata keçirir. Belə ki, iddiaçı ilə bir ünvanda yaşayan anası Əliyeva Sərqiyyə ağır onkoloji xəstəlikdən əziyyət çəkir, kimyaterapiyalar qəbul edir, qazın kəsilməməsi üçün iddiaçı ödənişləri vaxtında edir. Lakin cavabdeh təşkilat əsassız cərimə borcu hesablamaqla yanaşı həmin vəsaiti ödəməyi iddiaçıdan tələb edir, bildirir ki, həmin vəsait ödənilmədiyi təqdirdə qaz verilişi istənilən vaxt dayandırılacaqdır. İddiaçı məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sayğac yaşadığı evin sol hissəsində yerləşir və əgər həmin sayğaca hər hansı bir müdaxilə olunmuşsa, buna görə iddiaçı cavabdehlik daşımamalıdır. İddiaçı bildirir ki, həmin ərazidən hər gün yüzlərlə insan keçir, kiminsə təqsiri üzündən də bu halın baş verməsi qaçılmazdır, hər gün həmin sayğacın yanında dayanıb onu qorumaq iddiaçının vəifəsi deyildir, əgər sayğac iddiaçının mənzilinin daxilində olsaydı, onda iddiaçı bu cavabdehliyə cəlb edilə bilərdi. Cavabdehin bu müdaxilənin onun tərəfindən edilməsi barədə gəldiyi qənaət tam əsassızdır. Digər tərəfdən cavabdeh yeni quraşdırılmış sayğacın dəyərini, yəni 185,73 manat pulu da iddiaçıdan tələb edir, halbuki iddiaçı sayğaca müdaxilə etməmiş, onu yararsız hala salmamış və qeyd edilən vəsaitin də iddiaçıdan tələb olunması əsassızdır. İddiaçı belə hesab edir ki, cavabdehin bu hərəkətləri tam qanunsuzdur, ona görə də cavabdeh tərəfindən akt əsasında dəymiş ziyan kimi hesablanmış sərfiyyat, onun əsasında tətbiq olunan cərimə və sayğacın dəyərinə görə tələb olunan borc silinməlidir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, cavabdeh tərəfindən ünvana hesablanmış 432 manat borc məbləğinin və sayğacın dəyəri olaraq hesablanmış 185,73 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış borc və quraşdırılmış sayğacın dəyəri iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddia bu hissədə təmin edilərək, iddiaçının ünvanı üzrə qaz sayğacının dəyişdirilməsinə görə hesablanmış, yəni sayğacın dəyəri olan 185,73 manat məbləğində borc silinməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 432 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən 432 manat borc və sayğac dəyərinə görə hesablanmış 185.73 manat məbləğində pulun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanı (Abonent kodu: **********00382) üzrə İddiaçı hesablanmış 432 (dörd yüz otuz iki) manat və sayğacın dəyərinə görə hesablanmış 185,73 (yüz səksən beş manat yetmiş üç qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar