Məhkəmə qərarları › İş №2(060)-2502/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2502/2022

24.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2502/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət mərkəzində notariat ofisinə qarşı “vərəsəlikdən imtina barədə ərizəsinin ləğv olunması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət mərkəzində notariat ofisinə qarşı “vərəsəlikdən imtina barədə ərizəsinin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 101 saylı mənzilin miras olaraq ona çatası hissəsindən qardaşı X5 xeyrinə imtina etməsi barədə yazdığı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən təsdiqlənmiş 27 noyabr 2021-ci il tarixli ərizənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 101 saylı mənzil onun mərhum anası X4 xüsusi mülkiyyətində olmuşdur. Anası 22 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra miras əmlak kimi qeyd edilən mənzil qalmışdır. Ailədə həmin dövrdə anasından qalan əmlakla bağlı hər hansı mübahisə olmamışdır. Lakin onun anasının ölümü ilə bağlı sarsılmağından və özündə olmadığından istifadə edən qardaşı X1 mənzili satmayacağı ilə bağlı ona söz verərək, onu aldadaraq anasından qalmış mirasın ona çatası hissəsindən onun xeyrinə imtina etməyə razı sala bilmişdir. Bu səbəbdən o, 27 noyabr 2021-ci il tarixdə mərhum anası X3 qalmış mirasın ona çatası hissəsindən qardaşı X5 xeyrinə imtina etməsi barədə ərizə yazmış və həmin ərizə Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən təsdiqlənmişdir. Ancaq bir müddət keçdikdən sonra o, qardaşı tərəfindən aldadıldığını başa düşmüşdür. Belə ki, valideynlərinin yadigarı olan bu mənzili qardaşı satmaq qərarına gələrək onun həmin mənzildən istifadə hüququnu da əlindən almağa qalxmışdır. Sözügedən hal barədə məlumat aldıqdan sonra o, ərizə ilə Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət edərək 27 noyabr 2021-ci il tarixdə mərhum anası X3 qalmış mirasın ona çatası hissəsindən qardaşı X5 xeyrinə imtina etməsi barədə yazmış olduğu ərizənin ləğv edilməsini xahiş etsə də, cavabdeh onun müraciətinə yazılı cavab verərək həmin ərizənin ləğvindən imtina etmişdir. Bu səbəbdən o, mərhum anasının hüquq varisi olaraq qardaşı X7 tərəfindən aldadıldığından, özünün pozulmuş hüquqlarının müdafiəsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki iş materiallarında olan: 27.11.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı anası X2 irs qalmış mirasın ona çatası hissəsindən qardaşı X5 xeyrinə imtina etmişdir. Ərizəçiyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1256, 1261, 1268, 1269-cu maddələrinin tələbləri izah edilmişdir. Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinin 550 nömrəli 27 fevral 2022-ci il tarixli məktubundan görünür ki, 27.11.2021-ci il tarixində 81-32129 reyestr nömrəsi ilə təsdiq edilmiş mirasdan imtina ərizəsinin ləğv edilməsindən imtina edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyini nəticəni aşağıda şərh olunanlarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi mirası qəbul etməkdən imtina etdiyi barədə ərizənin geri götürülməsinə yol verilmir. Bununla yanaşı Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Göründüyü kimi qanunvericilik mirası qəbul etməkdən imtina etdiyi barədə ərizənin geri götürülməsinə yol verilmədiyini imperativ olaraq göstərsə də, MM-nin 1272-ci maddəsi maraqlı şəxsə müvafiq əsaslar olduğu halda mirasın qəbulundan imtina edilməsini mübahisələndirmək hüququnu tanımışdır. Araşdırılan mübahisə üzrə iddiaçı ərizəni mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin qənaətincə mirasın qəbulundan imtina edilməsini özündə əks etdirən ərizə bir tərəfli əqd olmaqla, onun geri götürülməsi şəxsə aid hüquqdur və yalnız həmin şəxs tərəfindən geri götürülməklə ləğv edilməsi mümkündür. Şərh olunan hüquq normasının (MM-nin 1268.1 mad) məzmunundan göründüyü kimi isə mirası qəbul etməkdən imtina barədə ərizənin geri götürülməsi qanunla qadağan edilmişdir. Mülki hüquqi nəzəriyyə görə mirasdan imtina birtərəfli iradə ifadəsi hesab edildiyindən bu imtina formalaşdırıcı haqqa daha yaxın münasibət halına gəlmiş olur. Belə ki, formalaşdırıcı haqlar birtərəfli iradə ifadəsi ilə həyata keçirilir. Formalaşdırıcı haqlar istifadə olunan kimi aradan qalxır/xitam olur. Bunun səbəbi odur ki, formalaşdırıcı haqlar istifadə olunduqda məqsəd əldə edilmiş olur. Yəni birtərəfli iradə ifadəsilə hüquqi münasibət arzu olunan hala gəlir. Formalaşdırıcı haqlar müəyyən edilən qaydada istifadə olunduqdan sonra onları geri bərpa etmək mümkün olmur. Belə ki, formalaşdırıcı haqqın istifadə olunması ilə birlikdə məqsəd əmələ gəldiyinə və mənafe də təmin olunmuş hesab olunduğuna görə formalaşdırıcı haqq da xitam olur. Məsələn, hazırkı halda da iddiaçı mirasdan imtina etmişdir. Mülki qanunvericiliyə əsasən qeyd edlidiyi kimi vərəsə mirasdan imtina etdikdən sonar bu imtinanı geri götürə bilməz. Formalaşdırıcı haqlar qeyd olunduğu kimi öz sahiblərinə birtərəfli istifadə olunmaqla başqalarının hüquqi vəziyyətini dəyişdirmək nəticəsini əmələ gətirən haqlardır. Bu baxımdan hüquqi durumları formalaşdırıcı haqların istifadə olunması ilə birlikdə iradələri xaricində dəyişən mülki hüquq subyektlərinin öz hüquqi vəziyyətlərinin nə vaxt və hansı mahiyyətdə dəyişməsi barəsində aydın və konkret məlumata malik olması lazımdır. Formalaşdırıcı haqların istifadə olunmasından imtina edilməsi həm onlar (hüquqi vəziyyəti dəyişəcək olanlar) baxımından, həm də hüquq sistemi baxımından müəyyənliyi aradan qaldırar. Çünki mülki hüquqda şərt, hüquq və vəzifələrin əmələ gəlməsi üçün əsas götürülən, ancaq baş verib-verməyəcəyi məlum olmayan hal və ya hadisədir. Formalaşdırıcı haqların istifadəsi üçün nəzərdə tutulan müddətlər kəsici müddətlər olur. Çünki formalaşdırıcı haqlar istifadə olunub əlaqədar tərəfə çatmaqla öz hüquqi təsirini əmələ gətirir. Əlaqədar tərəfin iradəsinin bunun qarşısını almaq baxımından bir təsir və rolu olmur. Formalaşdırıcı haqlar birtərəfli qaydada hüquqa uyğun bir şəkildə haqq sahibi tərəfindən istifadə olunmaqla avtomatik olaraq istiqamətləndiyi hüquqi nəticəni əmələ gətirir. Belə bir haqqın istifadəsi hüquqi müstəvidə dərhal dəyişikliyə səbəb olduğuna görə, hüquqi müəyyənliyin təmin olunması ehtiyacı, bu cür haqlar üçün nəzərdə tutulan müddətlərin kəsici olmasını zəruri edir. Yəni formalaşdırıcı haqların istifadəsi üçün nəzərdə tutulmuş olan müddətin ötürülməsi/keçməsi, avtomatik olaraq formalaşdıran haqqın öz-özlüyündən xitam olmasına səbəb olur. Hazırkı halda da iddiaçı mirasdan imtinaya dair qanunvericiliyin ona tanımış olduğu haqdan istifadə etməklə miras payından imtina etmişdir. Miras paydan imtina edilməsi barədə ərizənin geri götürülməsini qanunverici qadağan etmişdir. Yəni artıq iddiaçı imtina barədə ərizənin ləğv edilməsini tələb etmək hüququdan məhrum olmuşdur. Bu baxımdan araşdırılan mübahisə üzrə haqqın mövcud olmadığı iş materiallarından məlum olmasına baxmayaraq, sanki belə bir haqq varmış kimi onun təmin olunmasına dair çıxarılan bir qətnamə qanuni və əsaslı ola bilməz. Halbuki məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM -217.1m). Odur ki, məhkəmə, olmayan bir haqqın təmin olunmasına dair əsassız qətnamə çıxarmaqla həm də cavabdeh qismində göstərilən şəxsin qanuni mənafeyini hüquqa zidd bir şəkildə pozmuş olar. Belə olduğu halda məhkəmə hesab edir ki, mirasdan imtina barədə ərizənin ləğv edilməsi barədə iddia tələbi təmin edilə biməz. Məhkəmə MM-nin 1272-ci maddəsində nəzərdə tutulan mirasın qəbulundan imtina edilməsini mübahisələndirmək hüququ ilə bağlı qanunun müdəasına gəlincə qeyd edir ki, mülki hüquqi nəzəriyyə görə bu hüquq özündə aldadılma və digər qanuni əsasları ehtiva edir. Oxşar hüquqi mövqeyə Rusiya Federasiyasının hüquq sistemində də rast gəlmək olar. Belə ki, adıçəkilən mülki hüquq sistemində qeyd olunur ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli, yanılma və ya aldadılma, hədə-qorxu, fiziki və ya psixi təsir altında verilmiş imtina şəxs tərəfindən mübahisələndirilə bilər. Bu halda mövcud halı təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aldatma ilə bağlı normalarında aşağıdakılar qeyd edilir: 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göründüyü kimi şəxs əqd bağlanması məqsədilə aldadıldıqda bu hal həmin əqdin ləğv edilməsinə deyil, etibarsızlığına səbəb olur. Hazırda isə iddiaçı ərizənin ləğv edilməsini tələb edir ki, bu da qeyd olunan əsaslarla yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. MPM-nin 119-cu maddəsinin tələblərinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət mərkəzində notariat ofisinə qarşı “vərəsəlikdən imtina barədə ərizəsinin ləğv olunması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar