Məhkəmə qərarları › İş №2(060)-2518/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2518/2020

15.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2518/2020 15.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh ASC-nin nümayəndəsi Abdullayev Rövşən Elşən oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh X2rşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh X2rşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Novxanı bağları massivində yerləşən 4834 nömrəli bağ evinə hesablanmış 928,73 manat su sərfiyyatına görə olan borcun (Abonent kodu: 32043832) Cavabdeh ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Novxanı bağlar massivində yerləşən 4834 saylı bağ evi faktiki olaraq uzun müddətdir ki, onun istifadəsindədir. Həmin ünvanda su təchizatı mövsumə uyğun olaraq fasilələrlə verilib. Belə ki, may ayından sentyabr ayınadək su təchizatı stabil olsa da ilin digər vaxtlarında su təchizatıümumi olaraq dayandırılır və ayda iki dəfə olaraq sutkanın müəyyən vaxtlarında verilir. Mövcud problem barədə aidiyyatıüzrə o və orada yaşayan qonşular tərəfindən müxtəlif dövrlərdə şikayət olunsa da problem aradan qaldırılmayıb. Həmin problemlərdən irəli gələn digər problem su təchizatı sərfiyyatının müəyyən olunmasıdır. Tullantı sularının axıdılmasıüçün mövcud xətt olmadığından kanalizasiya xəttinə qoşulma yoxdur və hesabat yalnız su təchizatına görə hesablanır. Həmin ünvanda sayğac olmadığıüçün qeydiyyatda bir nəfər olmaqla və həyətyani torpaq sahəsi 12 sot olmaqla aylıq 65 m3 su ilə sərfiyyatı hesablanmalıdır. Həmin hesabata uyğun olaraq xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasının Tarif Şurasının həmin dövrə müvafiq qərarına əsasən 1 m3 suyun dəyəri 0,30 manat olmaqla hesablanır və ümumi olaraq 19,5 manat olmalıdır. xx xxxxx 2018-ci il tarixədək məcburi köçkün statusunda olan X3 yuxarıda qeyd olunan bağ evində müvəqqəti qeydiyyatdadır. Bu səbəbdən də bir nəfər məcburi köçkün üçün nəzərdə tutulan 5 m3 su ödənişsiz şəkildə hesablanır. Cavabdeh ASC-nin abonent haqqında məlumat kartındakı göstərcilərə nəzər yetirilsə müxtəlif illərdə tarif dəyişən tarixədək göstərilir ki, hesabat illər üzrə müxtəlif məbləğlərdə hesablanır və stabil deyil. Belə ki, 2012-ci il üzrə 117,90 manat, 2013 və 2014-cü illər üzrə 126 manat, 2015-ci illər üzrə 207 manat, 2016-cı ilin may ayında borca görə X5 tərəfindən heç bir akt tərtib olunmadan su təchizatı dayandırılmışdır. Həmin müddətə qədər su təchizatına görə olan borcu 349,48 manat təşkil etmişdir. Lakin vid kartdan görünür ki, qeyd edilən tarixdən su təchizatı dayandırılsa da, hesabat tamamilə dayandırılmamışdır. Belə ki, 2016, 2017-ci illər bütöv, 2018-ci ildə 5 ay və 2019-cu ildə 3 ay olmaqla hesabat aparılmışdır və 579,25 manat su sərfiyyatı əsassız olaraq hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, 2016-cı il tarixdən suyun təchizatı borca görə dayandırılmışdır. Buna görə həmin tarixdən yaranan borc əsassız olaraq hesablanmışdır. Həmin ünvanda bağ sahəsi salmışlar və ağacları çən suyu və ya qonşulara məxsus sudan istifadə etməklə suvarmışlar. 2019-cu ilin avqust ayında da suyun verilməsi dayandırılmış, lakin məhkəmənin iddia təmin tədbiri qərardadı ilə 2020-ci ilin mart ayından suyun verilməsi bərpa edilmişdir. Eləcə də qeyd edir ki, həmin illər ərzində aparılan hesabat normaya uyğun olmayaraq qeyri-stabil şəkildə aparılmışdır. Buna görə də hesab edir ki, tələbi əsaslıdır, təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi izahatında göstərdi ki, iddianı qəbul etmir. İddiaçı iddia ərizəsində hesablanmış məbləğin əsassız olduğunu qeyd etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, qeyd olunan ünvan Cavabdeh ASC-nin “Bağlar Sukanal”İdarəsinin abonent bazasında abonent kimi xx.xx.2011-ci il tarixdən İddiaçı adına bağlanmış müqavilə (№32043832) ilə “su təchizatı xidmətlərindən” istifadə olunur. Qeyd olunan ünvan sayğacsızdır. Hal-hazırda xx.xx.2020-ci il tarixə həmin ünvanın “su təchizatı xidmətlərindən” istifadəyə görə 957,43 (doqquz yüz əlli yeddi manat, qırx üç qəpik) manat borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb cavabdehin əsassız olaraq normativ qaydada su pulu hesablaması olmuşdur. Cavabdeh ASC “su təchizatı və kanalizasiya xidmətləri” sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Yaranmış borc kod açılan tarixdən 1 (bir) nəfər və 12(on iki) sot hesabı ilə normativ qaydada aparılan hesablama nəticəsində yaranmışdır. Ünvanda işlədilən suyun hesabatı normativ qaydada ay ərzində 1 nəfər x 5m3 və 1 sot x 5m3, yəni 65 m3 müəyyən edilmişdir. İddiaçının ünvanında illər üzrə “su təchizatı xidmətlərindən” istifadəyə görə 2011-cii ərzində 10 manat, 2012-ci il ərzində ödəniş edilməmiş, 2013-cü il ərzində 200 manat, 2014-cü il ərzində 95 manat, 2015-ci il ərzində 60 manat, 2016, 2017, 2018, 2019, 2020-ci ilin may ayınadək ödəniş olmamışdır. 2016-cı ildə həmin ünvana suyun dayandırılması barədə iddiaçının göstərdikləri doğru deyil, heç bir dayanma olmamışdır. Qeyd olunanlara əsasasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: xx.xx.2020-ci il tarixli Abonent kartından görünür ki, ünvan 1 ünvanında (abonent kodu 32043832) 928,73 manat borc vardır. Abonent kartından həmçinin görünür ki, 2011-ci ildə 18.80 manat, 2012-ci ildə 89,10 manat, 2013-cü ildə (-) 74 manat, 2014-cü ildə 20,50 manat, 2015-ci ildə 147 manat, 2016-cı ildə 97,50 manat, 2017-ci ildə 254.80 manat, 2018-ci ildə 120.05 manat, 2019-cu ildə 59.85 manat, cəmi 928,73 manat borc hesablanmışdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunun: 61-ci maddəsinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəyə əsasnə Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6.-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. 2.1.4.-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir. 4.1.3-cü bəndinəəsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrəödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. 5.1.5.-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır. 7.4-cü bəndə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görəödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkəüzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəlləsinin 551.2., 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmaqla, 167,50 manat həddində təmin edilməlidir. Belə ki, iş materialarındangöründüyü kimi iddiaçı 2014 və 2015-ci illər ərzində borcu tam həcmdə ödəmədiyindən həmin dövrə yaranan borc qüvvəsini itirmişdir. Odur ki, 2014-cü il üzrə 20.50 manat, 2015-ci il üzrə 147 manat borc cəmi borc məbləğindən çıxılmaqla silinməli, qalan hissədə iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Novxanı bağlar massivi 4834 (abonent kodu 32043832) ünvanına hesablanmış 167,50 (bir yüz altmış yeddi manat əlli qəpik) manat borc abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar