Məhkəmə qərarları › İş №2(060)-2533/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2533/2024

02.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2533/2024 02.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qarşı tərtib etdiyi 31 yanvar 2024-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 777,60 manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək evinin **********00000 nömrəli abonent hesabından silinməsinə və yeni quraşdırılmış sayğaca görə istehlakçıdan hər hansı məbləğdə pul tələb olunmasına dair hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. 1992-ci ildən həmin fərdi yaşayış evində yaşayır və həmin vaxtdan evi keçmiş həyat yoldaşı X1 adına yaradılmış abonent hesabı (abonent kodu **********00000) ilə qaz təchizatı şəbəkəsinə qoşulmuşdur. Həmin ünvanda qazdan yalnız sayğac əsasında istifadə edilmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2019-cu i tarixli qətnaməsi ilə S.Əliyeva ilə aralarındakı nikah pozulmuşdur. Hazırda həmin evdə tək yaşayır. 04 yanvar 2024-cü il tarixdə smart qaz sayğacına 50 manat pul yükləmək istəyərkən sayğacdan qaz iyi və qaz sızması səsi eşitdiyindən elə həmin tarixdə Sumqayıt Qaz İstismar İdarəsinə müraciət etmişdir. 06 yanvar 2024-cü il tarixdə cavabdehin əməkdaşları sayğaca baxış keçirərək sızmanın sayğacın ekranının arxa tərəfindən olduğu bildirilmişdir. 18 yanvar 2024-cü il tarixdə isə sözügedən fərdi yaşayı evi üçün küçədə quraşdırılmış qaz sayğacı cavabdehin öz nümayəndələri tərəfindən yenisi ilə əvəz olunması üçün quraşdırıldığı yerdən onun iştirakı ilə sökülərək çıxarılmış və elə həmin vaxt da yeni qaz sayğacı quraşdırılmışdır. 2024-cü ilin fevral ayının sonlarında ərazi üzrə qaz nəzarətçisi ona bildirmişdir ki, Cavabdeh tərəfindən ona 777 manat cərimə yazılmış və həmin məbləğ tərəfindən ödənilməlidir. Bununla əlaqədar olaraq Sumqayıt Qaz İstismar İdarəsinə müraciət etmişdir. Həmin müəssisədə keçmiş həyat yoldaşı S.Əliyevanın adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında 024522 nömrəli aktın və həmin akta əsasən dəymiş ziyanın bərpa olunmasına dair tələbnamənin surəti ona təqdim edilmişdir. Həmin sənədlərlə tanış olarkən bəlli olmuşdur ki, cavabdehin nümayəndələri guya yaşadıqları mənzil üçün quraşdırılmış qaz sayğacının LCD ekranında rəqəmlərin qarışdığı, informasiyanın oxunmadığı, müvəqqəti LCD ekran və element quraşdırıldığı, informasiyanın oxunmadığı, həmçinin daxilindəki əsas çap vərəqinin üzərindəki mikrosxemlərin kənar təsir nəticəsində çıxarıldığı qeyd edilməklə akt tərtib edilərək fərdi yaşayış evinə əsassız olaraq 777,60 manat cərimə hesablanmışdır. Sayğacın fərdi yaşayış evinin daxilində deyil, hamının istifadəsində olan küçədə quraşdırıldığını, həmçinin onların əməkdaşları tərəfindən bu ilin yanvar ayında həmin sayğacın quraşdırıldığı yerdə söküldüyü zaman sayğacın bütün möhürlərinin tam olduğunu, onun yerindən çıxarılarkən yoxlanıldığını və heç bir qüsur müəyyən edilmədiyini, hətta hər ehtimala qarşı sayğacın şəkillərini də çəkdiyini və həmin şəkillərdən də sayğacın ekranının da işlək olduğunun göründüyünü, tərəfindən sayğaca müdaxilə edilmədiyini, belə bir müdaxilə edilməsinə heç bir ehtiyacının olmadığını onlara bildirmişdir. Həmin müəssisənin əməkdaşları tərəfindən isə ona bildirilmişdir ki, guya mənzilindən çıxarılmış sayğac 31 yanvar 2024-cü il tarxdə Cavabdeh İB-nin Metrologiya Departamentində yoxlamadan keçirilmiş və həmin tarixdə tərtib olunmuş akta əsasən sayğaca müdaxilə edildiyi müəyyən olunduğundan son 90 gün müddətinə itirilmiş qazın bərpası üçün qeyd edilən məbləəğdə cəriməni və hətda sayğacın dəyərini də ödəməlidir, əks təqdirdə evinin qaz təchizatı dayandırılacaqdır. Hesab edir ki, cavabdeh tərəfindən təbii qazın istehlakçısı olaraq hüquqları kobud şəkildə pozulmuş və onun üzərinə qanunsuz olaraq öhdəlik qoyulmasına cəhd göstərilmişdir. Buna görə də pozulmuş istehlakçı hüquqlarının müdafiəsinin məhkəmə qaydasında mümkün olacağı qənaətinə gəlmişdir. Aşağıda sadalanan əsaslara görə Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən hesablanmış 777,60 manat cərimə məbləği və sayğacın dəyərinin ondan tələb edilməsi barədə cavabdehin hərəkətləri qanunsuz hesab edilməli, hesablanmış cərimə məbləği evinin abonent hesabından (saldodan) silinməlidir. Belə ki, həmin sayğac cavabdehin nümayəndələri tərəfindən yenisi ilə əvəz olunması üçün çıxarılaraq götürülərkən çıxarılan qaz sayğacının üzərindəki möhürlər tam olmuş və sayğacda hər hansı qüsur aşkar olunmamışdır. Həmçinin cavadeh tərəfindən tərtib edilmiş aktda sayğacın üzərinə və qoşulma sxeminə vurulmuş möhürlərə müdaxilə olunması barədə də heç bir qeyd yoxdur. Bu hal isə onu göstərir ki, cavabdehin hazırki iddiaları tam qanunsuz və əsassızdır. Çünki sayğacların üzərinə möhür vurulması ona hər hansı məqsədlə müdaxilə olunmasının qarşısının alınması məqsədilə həyata keçirilir. Əgər sayğacın möhürünə müdaxilə edilməmişdirsə, onun daxilindəki hər-hansı hissəyə necə müdaxilə oluna bilərdi? Sökülmüş qaz sayğacı çıxarıldıqdan və yoxlanıldıqdan sonra o hər-hansı qaydada xüsusi olaraq qablaşdırılmadan və möhürlənmədən açıq şəkildə götürülərək aparılmış və təxminən 12 gündən artıq müddət keçdikdən sonra laboratoriya şəraitində birtətəfli qaydada yoxlanılmışdır. Həmin müddətdə sözügedən sayğacın harada, hansı şəraitdə saxlanılması ona məlum deyildir. Əgər sayğacda hər hansı qüsur və ya müdaxilədən şübhə edilirdisə, onun iştirakı ilə xüsusi qaydada qablaşdırılmalı və möhürlənməli idi və laboratoriya şəratində yoxlanılarkən onun iştirakı təmin olunmalı və onun iştirakı ilə sayğacın götürülməsi zamanı vurulmuş möhürün və qablaşdırmanm tamlığı yoxlanıldıqdan sonra açılaraq yoxlamadan keçirilməliydi. Bu hal isə onu deməyə əsas verir ki, əgər sayğacda hər hansı zədə varsa o çıxarılıb aparıldıqdan sonra baş vermişdir. Belə halın baş verməsində istehlakçı olaraq onun heç bir təqsiri yoxdur. Cavabdeh təşkilat ona qarşı 777,60 manat cərimə borcu hesablamaqla və sayğacın dəyərini ondan tələb etməklə üzərinə qanunsuz öhdəlik qoymuşdur.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 1990-cı ildən Daxili İşlər Nazirliyində işləmiş, hər zaman döyüş bölgəsində olmuşdur. 2002-ci ilin fevral ayından etibarən hər ayın 15 günü Füzuli rayonunda, qalan 15 günü isə burda olmuşdur. ünvan 1 ünvanda olan fərdi yaşayış evində tək yaşayır. Hər bir kommunal xidmət haqqını vaxtında ödəmiş, heç vaxt gecikməyə yol verməmişdir. Ayın 4-ü sayğaca 50 manat yükləmişdir. Lakin sayğacdan qoxu gəldiyini və səs çıxdığını hiss etmişdir. Elə həmin vaxt İdarəyə gedərək bu barədə məlumat vermişdir. Qış vaxtı olduğu üçün kombini söndürə bilməmişdir. Əməkdaş sayğaca baxış keçirdikdən sonra qaza təzyiq gəldiyini bildirmişdir. Əməkdaşdan xahiş etmiş, o da 50 manatı sayğac üçün karta köçürtmüşdür. Bundan sonra da İdarəyə 4 dəfə müraciət etmişdir. Ayın 18-i bir əməkdaş gəlmiş, sayğacı sökmüşdürlər. O, həmin vaxt sayğacın şəklini çəkmişdir. Yeni sayğac quraşdırılacağını bildirmişdirlər. O da razılaşmışdır. Oktyabr ayında müdaxilə etdiyini bildirərək cərimə yazıldığını qeyd etmişdirlər. Sayğac həyətdən çöldə yerləşmişdir. 6 il əvvəl vurulmuş qurğusu hələ də yerində idi. Onun aldığı əmək haqqı onun üçün yetərlidir. Sayğaca müdaxilə etməyə ehtiyacı yoxdur. Karta hər ay 50 manat yükləmişdir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 izahatında bildirdi ki, 31 yanvar 2024-cü il tarixdə sayğaca baxış keçirilmişdir. Sayğacın istismar müddəti bitdiyi zaman, yaxud hər hansı nöqsan aşkarlandıqda dövlət yoxlaması üçün laboratoriyaya göndərilir.

Tədqiq olunan sübutlar:

5. Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı təbii qazdan istifadəyə görə 777,60 manat məbləğində borcu vardır.

6. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanına qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 6480 kub.m müəyyən edilmişdir.

7. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd olunmuşdur ki, 26 yanvar 2024-cü ildə Metrologiya Departamnetinin rəyinə görə G4 markalı sayğacın 1605AZ**********33. 20626109 nömrəli plomb kəsilərək qutu açılmış, sayğaca ümumi baxış keçirilmiş, sayğacın LCD ekranında rəqəmlər qarışmış, informasiya oxunmamış, müvəqqəti LCD ekran və element quraşdırılmış, informasiya oxunmamış, daxilindəki əsas çap vərəqinin üzərindəki mikrosxemlər kənar təsir nəticəsində çıxarılmışdır.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

-21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

10. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun

-13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. -21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

11. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın

-4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. -4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. -4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.2024cü il tarixdə ünvan 1 ünvanına ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və həmin akta əsasən iddiaçıya 777,60 manat məbləğində borc yazılmışdır.

14. Qeyd edilən aktda qazdan istifadə qaydalarının pozulmasının əsası kimi G4 markalı sayğaca baxış keçirildiyi, sayğacın LCD ekranında rəqəmlərin qarışdığı, informasiyanın oxunmadığı, daxilindəki əsas çap vərəqinin üzərindəki mikrosxemlərin kənar təsir nəticəsində çıxarıldığı göstərilmişdir.

15. Beləliklə, cavabdeh sayğacın istismara yararsız olduğu və bunun iddiaçı tərəfin müdaxiləsi əsasında baş verdiyi qənaətinə gələrək dəymiş ziyan qismində sonuncudan 777,60 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.

16. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.

17. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

18. Hazırki işdə cavabdehə qazdan istifadə qaydalarının pozulması nəticəsində zərər dəyməsi və cavabdeh tərəfindən aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu, sayğacın LCD ekranında rəqəmlərin qarışdığı, informasiyanın oxunmadığı və sair halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsini sübut etmək vəzifəsi sözügedən aktı tərtib etmiş cavabdehin üzərinə düşür.

19. Lakin cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir. Ziyanın hesablanmasına əsas olmuş akt isə sayğacın ümumi vəziyyətini özündə əks etdirməklə sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

20. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.

21. Hazırki işdə də iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericliyin tələbinə uyğun olaraq qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır.

22. Qaz sayğacının iddiaçının yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahənin daxilində deyil, çölündə yerləşməsi isə işin mübahisələndirilməyən halıdır. Belə olan halda isə həmin sayğaca kənar şəxslər tərəfindən müdaxilə oluna bilməsi halı da istisna edilə bilməz.

23. Eləcə də məhkəmə qeyd edir ki, iddia tələbinin yeni quraşdırılmış sayğaca görə istehlakçıdan hər hansı məbləğdə pul tələb olunmasına dair hərəkətlərin cavabdehə qadağan edilməsi hissəsi məhkəmə üçün anlaşılan deyildir və qeyri-müəyyən tələbdir. Ona görə də həmin hissələrdə iddia təmin edilməməlidir.

24. Beləliklə məhkəmə qeyd edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından və fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlamasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.

Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********00000) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* №-li akt əsasında hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat, 60 (altmış) qəpik məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar