Məhkəmə qərarları › İş №2(060)-2535/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2535/2025

03.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2535/2025 03.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X1rşı «su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə əsassız hesablanmış borcun silinməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx"ASC-nə (bundan sonra) «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X1rşı cavabdeh tərəfindən sudan istifadəyə görə əsassız hesablanmış 998 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2015-ci il tarixdən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evi 49/V ünvanında oğlu ilə birlikdə yaşayır. Həmin ünvanda 2015-ci ildən 2024-cü ilədək su sayğacı quraşdırılmamışdır. 2015-ci ildən 2017-ci ilədək onların torpaq sahəsindən su xətti çəkilməmişdir. Sonradan xx.xx.2017-ci il tarixdə onun və "xxxx" ASC-nin arasında su xəttinin çəkilməsi ilə əlaqədar “su təchizatı və tullantı sularının axıdılması xidmətləri” müqavilə bağlanmışdır. Yaşadıqları ünvana su xətti çəkilmişdir. Həmin müqavilədə yaşadıqları ünvan 49/V yox, 79/V qeyd edilmiş və ailə tərkibi iki nəfər göstərilmişdir. 2017-ci il tarixindən "xxxx" ASC-yə sözügedən fərdi yaşayış evində su sayğacı quraşdırılması ilə bağlı dəfələrlə şifahi müraciətlər etmişdir. Lakin edilən müraciətlərə baxmayaraq, "xxxx" ASC-nin məsul şəxsləri müxtəlif bəhanələrlə sayğacın quraşdırılması prosesini yubadırdılar. Buna görə də sudan istifadəyə görə yaranan ödənişləri əlbəəl vermək məcburiyyətində qalmışdır. 2017-ci il tarixindən hər ay o, sudan istifadəyə görə yaranmış borc məbləğini "xxxx" ASC-nin məsul şəxsinə təqdim etmişdir. Sayğacın quraşdırılması hər dəfə uzanmışdır. 2024-cü ilin aprel ayında "xxxx" ASC-nin əməkdaşı həmin müddətdə sayğacı həyətlərinə gətirmiş, lakin o, kiminləsə telefon danışığından sonra sayğacı götürüb geri aparmış və o gedən olmuşdur. Su sayğacı quraşdırılmamış qalmışdır. 2017-ci ildən 2024-cü ilədək yaşadıqları ünvanda su sayğacı olmamışdır. Sudan istifadəyə görə hesablanmış bütün borcları vaxtlı-vaxtında əlbəəl ödəməyə çalışmışdır. Çünki hər dəfə artıq su pulu yazılmışdır. Onu da qeyd edir ki, Mübariz adlı əməkdaş suya yazılan ödənişləri 1 ay gətirmiş, 5 ay gətirməmişdir. Elə günlər olurdu ki, həmin şəxsin təqdim etdiyi qəbzlərdə artıq su pulu yazılırdı. Onların ailəsi iki nəfərdən ibarətdir. Bu da müqavilədə öz əksini tapır. Lakin, "xxxx" ASC-nin Mübariz adlı məsul şəxsi ona verdiyi qəbzlərdə artıq yazılmış ailə tərkibi sayında 4,6,7,8 nəfər qeyd edilmiş qəbzlər təqdim edirdi. Hansı ki, sudan istifadə ödənişi ailə tərkibinə uyğun olaraq hesablanır və çox su pulu gəlirdi. Qeyd edir ki, gələn su pulu ödənişlərini ödəməyə çalışmışdır. Lakin hər dəfə su pulu daha çox gəlmişdir. Nəhayət ki, xx.xx.2025-cü il tarixdə yaşadığı fərdi yaşayış sahəsinə sayğac quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan sonra da sudan istifadəyə görə yaranmış kommunal xərcləri vaxtlı-vaxtında ödəmişdir. Bir müddət sonra "xxxx" ASC-nin məsul şəxsi onun evinə gələrək sudan istifadəyə görə birinci 700 manatdan artıq borcun yığıldığını, qısa müddət sonra 998 manat hesablanmış borcu olduğunu bildirmişdir. Sözügedən borc sayğac quraşdırılmadan öncə hesablanmışdır. O, isə öz növbəsində bu qədər borcun mövcudluğundan və bu həcmdə olmağından belə xəbəri yoxdur. Qeyd etdiyi kimi, ailə tərkibinə aid sayda o, sudan istifadəyə görə hesablanmış bütün borcları vaxtlı-vaxtında ödəməyə çalışmış və bu qədər borc əsassız və qanunsuz olaraq hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının adına 2 nəfər ailə tərkibi və 1.5 sot torpaq sahəsinə uyğun hesabat aparılmışdır. İddiaçı tərəfindən əvvəlki illərdə ödənişlər olmamış, sonrakı illərdə sayğac quraşdırıldıqdan sonra ödəniş etməyə başlamışdır. Hesab edirlər ki, iddia əsassızdır, ona görə də təmin olunmamalıdır. İddiaçı tərəfindən 2016-cı ildə 32 manat, 2017-ci ildə 20 manat, 2024-cü ildə 32 manat, 2025-ci ildə 24 manat ödəniş olmuş, digər illərdə isə ödəniş həyata keçirilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, ünvan 3-də (abonent kodu:**********000) xx.xx.2015-ci il tarixdə abonent İddiaçı adına kod açılaraq 2 nəfər ilə tərkibinə və 1.5 sot torpaq sahəsinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Qeyd olunan ünvanda xx.xx.2024-cü il tarixdə suölçən cihaz quraşdırılaraq hesabat sayğac göstəricilərinə uyğun olaraq aparılır. Abonent illər üzrə 2016-cı ildə 32 manat, 2017-ci ildə 20 manat, 2024-cü ildə 32 manat, 2025-ci ildə 24 manat ödəniş etmiş, 2015-ci il tarixdən 2025-ci il tarixə kimi göstərilən tarixlər çıxılmaqla digər illərdə ödəniş həyata keçirməmişdir. İş materiallarında olan **********000 nömrəli abonent kartından görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev-79/V ünvanında sudan istifadəyə və çirkab sularının axıdılmasına görə İddiaçı 2016-cı il tarixdən 998 manat 04 qəpik məbləğində borc hesablanmışdır. İş materiallarında olan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 07 noyabr 2017-ci il tarixli, 30820522 nömrəli müqavilədən görünür ki, müqavilə ailə tərkibi 2, əkin sahəsi 150 m2 –yə uyğun olaraq bağlanılmışdır. Bu müqavilə üzrə "xxxx" ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda tərkib və keyfiyyətlərinə görə içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. İş materiallarında olan 17 iyun 2025-ci il tarixli aktdan görünür ki, qonşuları İddiaçı 2015-ci ilin yanvar ayından 2017-ci ilin noyabr ayına qədər Rüstəmova Təranəyə məxsus sayğacı olan su xəttindən gələn sudan abonent Rüstəmova Təranənin razılığı ilə su işlətmişdir. Belə ki, müəyyən olunmuş mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı əhali qrupuna aid olan **********000 saylı abonent olaraq mülkiyyətçisi olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edir. Ona bu xidmətlər üzrə 2015-ci ildə 92.25, 2016-cı ildə 45.50, 2017-ci ildə 74.25 manat, 2018-ci ildə 85.25 manat, 2019-cu ildə 93.55 manat, 2020-ci ildə 92.55 manat, 2021-ci ildə 173.11 manat, 2022-ci ildə 169.1 manat, 2023-cü ildə 111.5 manat, 2024-cü ildə isə 55.6 manat ödənişlər çıxıldıqdan sonra borc hesablanmışdır. İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 572.1-ci maddəsinə görə alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Məhkəmədə iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi və öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiklər halların sübut edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı mənzildə 2015-ci ildən 2017-ci ilədək su xətti çəkilmədiyini qeyd etsə də, arayışdan görünür ki, iddiaçı 2016cı ildə və 2017-ci illərdə müvafiq olaraq 32 manat və 20 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarına, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X1rşı «su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X1rşı «su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar