Məhkəmə qərarları › İş №2(060)-254/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-254/2023

26.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-254/2023 26.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, 02 iyul 1961-ci il təvəllüdlü X9 onun qardaşıdır. Qardaşı son zamanlar da xeyli müddətdir ki, beynində yaranmış xəstəliklə bağlı yataq xəstəsidir və özünü idarə edə bilmir. Belə ki, Sumqayıt Tibb Mərkəzi X17 1 saylı şəhər xəstəxanasında Nevrologiya şöbəsində qardaşı həkimlər tərəfindən müayinə edildikdən sonra verilmiş 27 nömrəli Çıxarış Epikrizi ilə ona “beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı”diaqnozu qoyulmuşdur. Bununla yanaşı baş beyin zədələnməsi və disfunksiyası və ya somatik xəstəlik nəticəsində yaranmış psixi pozğunluqlar, ÜİX postinfarkt kardioskleroz, arterial hipertenziya 3-cü dərəcə, nitqin pozulması, udqunmanın pozulması diaqnozu da qoyulmuşdur. Daha sonra onunla bağlı xəstəxananın ambulator kartoçkasından verilmiş çıxarışda da baş-beyin zədələnməsi diaqnozu qoyulmuş və nitqinin pozulması və öz hərəkətlərinin mənasının dərk edilməməsi qeyd edilmişdir. Hal-hazırda qardaşı onunla birgə ona məxsus evdə yaşayır və o hal-hazırda yataq xəstəsidir. Öz hərəkətlərinin mənasını dərk etmir və kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Qardaşına o baxır və ona daimi olaraq qulluq edir. O, qardaşının bütün iynə dərman xərclərini və müayinə xərclərini qarşılamaqda da çətinlik çəkir. X4 beyin infarktı keçirmiş və hazırda da yataq xəstəsidir, ona görə də qardaşının fəaliyyət qabiliyyətsiz hesab edilməsi və onun üzərində qəyyum təyin edilməyi barədə ərizə ilə məhkəməyə müraciət edir. Yuxarıda qeyd etdiklərinə əsasən, ərizəçi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (SS843583963AZ saylı poçt göndərişinin təqdim olunması barədə xəbərnaməyə əsasən) məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işin lüzumsuz uzanmasının qarşısının alınması, ərizəçinin hüquqlarının vaxtında təmin edilməsinin yubanmaması məqsədilə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Hazırda X2 buna yol vermədiyindən, o, məhkəmə iclasına çağırılmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan doğum haqqında akt qeydinin surətindən görünür ki, X8 xx.xx.1965-ci ildə Sumqayıt şəhərində doğulmuşdur, atası X10, anası X6r. İşdə olan 1780 nömrəli doğum akt qeydindən görünür ki, Ramiz Hüseyn oğlu xx.xx.1961-ci ildə Sumqayıt şəhərində doğulmuşdur, atası X10, anası X6r. İşdə olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X1 əsas xəstəlik kimi baş beyin zədələnməsi nəticəsində əmələ gələn psixi pozğunluq qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X17nin xx.xx.2023-cü il tarixli, 383 saylı rəyinə əsasən, X7 VASKULYAR DEMENSİYA (AĞİL ZƏİFLİYİ) (F01) formasında xroniki psixi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırki psixitarik müayinənin nəticələri - 2022-ci ildə beyin infarktı keçirməsi, bununla əlaqədar Sumqayıt Diaqnoztika Mərkəzində müalicə olunması, psixi vəziyyətində dəyişikliklərin meydana çıxması ilə əlaqədar Sumqayıt Psixiatriya Xəstəxanasında müalicə olunması, hal-hazırda SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də “vaskulyar demensiya” diaqnozu ilə müalicədə olması, həmçinin hazırki müayinə zamanı kobud yaddaş və intellekt pozuntuları aşkar etməsi, maraq dairəsinin məhdudluğu, əlaqəsiz cümlələr söyləməsi, emosional iradi sferasının enməsi, tənqidinin olmaması və s. sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlinir ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 1-ci sual üzrə X7 vaskulyar demensiya (ağil zəifliyi) formasında xroniki psixi pozuntu müəyyən edilir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2-ci sual üzrə X9 onda qeyd olunan “demensiya (ağıl zəifliyi)” nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X9 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Qeyd edilən hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi X17nin xx.xx.2023-cü il tarixli, 383 saylı rəyi ilə və işdə olan digər sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1961-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar