Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2571/2021 26.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusunda bağlanmış 12.04.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, 12.04.2018-ci il tarixdə Cavabdeh ilə aralarında Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə görə guya cavabdeh ona 17000 manat məbləğində borc vermişdir. Bildirir ki, aralarında bağlanmış kredit müqaviləsi əsassızdır. Müqavilə formal olaraq bağlanmışdır. Onun cavabdehə 17000 manat məbləğində borcu yoxdur və cavabdeh ona 17000 manat məbləğində borc pul verməyib. Bildirir ki, cavabdeh 2016-cı ildə ona 6000 manat məbləğində faizə pul verib. Aralarında olan razılaşmaya görə o, hər ay ona 800 manat məbləğində pul ödəməli idi. O, aralarında olan razılaşmaya əsasən 24 ay müddətində ona hər ay 800 manat olmaqla cəmi 19200 manat məbləğində pul ödəmişdir. Lakin buna baxmayaraq cavabdeh onu aldatmış və onunla 2018-ci ildə müqavilə bağlamışdır ki, guya onun cavabdehə 17000 manat borcu var. O, cavabdehdən 6000 manat faizə borc pul götürüb qarşılığında cavabdehə 19200 manat pul ödəmişdir. Lakin cavabdeh aralarında olan müqavilədən istifadə edərək, 2019cu ildə ona qarşı borc tələbinə dair iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6272/2019 saylı, 20.09.2019-cu il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh ona qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia tələbi qismən təmin edilmiş, aralarında bağlanmış 12 aprel 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, ondan 17000 manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Ümumiyyətlə notariat kontorunda müqavilə bağlanarkən cavabdeh ona nəğd pul verməyib, nə də ki, notariusun depozit hesabına pul köçürülməyib. Məhkəmə bütün bunları aydınlaşdırmadan aralarında olan kredit müqaviləsinə əsasən qətnamə qəbul etmiş və iddia tələbini təmin etmişdir. O, həmin qətnamədən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Mülki iş hakimi Gülnarə xanım Tağızadənin icraatındadır. Sumqayıt Şəhər Məhkəməsində mülki işə baxılarkən onun iştirakı təmin olunmadığından o, borc müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edə bilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdeh ondan əsassız olaraq 17000 manat məbləğində pul tələb edir. Ona görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, onunla cavabdeh arasında Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusunda bağlanmış kredit müqaviləsi etibarsız hesab edilməlidir. Göründüyü kimi, borc müqaviləsi konsensual deyil, real əqddir. Yəni bu əqdin bağlanması üçün pulun real olaraq verilməsi tələb olunur. Qeyd edir ki, o, cavabdehlə borc müqaviləsi bağlayan zaman cavabdeh ona borc pul verməyib. Göstərilənləri nəzərə alaraq, onunla Cavabdeh arasında Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusunda bağlanmış 12.04.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq olunmuş 12 aprel 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pulu İddiaçı borc vermişdir. Müqavilənin 2-ci bəndinə görə “Borc alan” krediti 34 (otuz dörd) ay müddətinə, yəni 12.02.2021-ci il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 4-cü bəndinə görə kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6272\2019 nömrəli, 20.09.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 12 aprel 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilməsi və cavabdeh İddiaçı 17000 (on yeddi min) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 01.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 46, mənzil 3-də qeydiyyatdadır. İş materiallarında Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 01.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Laçın rayonu, Laçın şəhəri, 28 aprel küçəsi, ev 05A-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinin tələblərinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə almır (MM-nin 404.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında Plenum hesab edir ki, mülkiyyət hüququ, onun əmələ gəlməsi və xitamı, alqı-satqı müqaviləsinin etibarlılığının müəyyən olunmasına dair bəzi məsələlər üzrə, habelə mübahisə olunan məhkəmə aktının qanuniliyi ilə əlaqədar aşağıdakılar qeyd olunmalıdır. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqlarm müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etidyi təlimatla müəyyən edilir. “Notariat haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulur ki, notarius borc (pul məbləği) verilməsinə dair kredit müqaviləsini təsdiq edərkən, tərəflərin həqiqi niyyətinin müəyyən edilməsi üçün pulun verilməsi və qaytarılması ilə bağlı öhdəlikləri, hüquq və vəzifələri, öhdəliyin icrasının təminatı və öhdəlik icra olunmadıqda, tutmanın yönəldilməsi üsulunu və digər müqavilə şərtlərini izah etməli və bu barədə müqavilədə qeyd yazılmalıdır (48-1-ci bənd). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 (bir) il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Nəzərə alınmalıdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin ləğvi üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidir. İddiaçı müqavilədə göstərilən pul vəsaitini ona borc olaraq verilməmiş, onlar sadəcə formal olaraq borc müqaviləsi bağlandığını göstərsə də, istinad etdiyi hallar dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Bundan əlavə iddia tələbinin əsassız olmasına iş materiallarına əlavə edilmiş məhkəmə qətnaməsi ilə də tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6272\2019 nömrəli, 20.09.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Sumqayıt “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış 12 aprel 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilməsi və cavabdeh İddiaçı 17000 (on yeddi min) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, hazırda iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “onunla Cavabdeh arasında Sumqayıt şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusunda bağlanmış 12.04.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 337, 339, 342-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2571/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2571/2021
26.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver