Məhkəmə qərarları › İş №2(060)-2573/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2573/2021

09.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2573/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 239,067 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkün kimi gələrək, Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 yanvar küçəsi, ev 42 a, yataqxana 19-da yerləşən 39 saylı mənzildə məskunlaşaraq, 24 iyun 2019-cu il tarixədək həmin mənzildə yaşamışdır.İddiaçı 2-ci qrup Qarabağ əlilidir. Qarabağ əlillərinə ev verilərkən 2019-cu iyun ayında iddiaçıya da Sumqayıt şəhəri, 12-ci mikrorayon, X2-1005, bina 742-də yerləşən 55 saylı mənzil verilmiş və iddiaçı ailəsi ilə birlikdə ora köçmüşdür.İddiaçı Sumqayıt şəhəri, 15-ci məhəllə, 20 yanvar küçəsi, ev 42 a, yataqxana 19-da yerləşən 39 saylı mənzildə yaşamasa da, cavabdeh tərəfindən iddiaçının adına borc heablanmışdır. İddiaçının həmin ünvanda yaşamadığı iddia ərizəsinə əlavə edilmiş 22 saylı Mənzil Kommunal Sahəsinin 09.12.2020-ci il tarixli, 4297 nömrəli ailə tərkibi haqqında olan arayış da təsdiq edir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana, ev 19, mənzil 39-da Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi 01.02.2012-ci il tarixdən İddiaçı adına bağlanmış 30864093 nömrəli müqavilə ilə “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunur. Hal-hazırda 13.04.2021-ci il tarixə həmin ünvanın “su təchizatı və kanalizasiya xidmətlərindən”istifadəyə görə 239,67 manat borcu qalmışdır. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb cavabdehin əsassız olaraq su pulu hesablaması olmuşdur. İddiaçıya məxsus ünvanda 01.02.2021-ci il tarixdə kod açılaraq 4 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Kod açılan tarixdən abonent məcburi köçkün olması barədə arayış təqdim etmiş və ünvanda 4 nəfər məcburi köçkün kimi nəzərdə tutulmuş limitdən istifadə olunmuşdur. Abonentin 01.02.2012-ci il tarixdən 13.04.2021-ci il tarixədək illər üzrə hesabat cədvəlinə əsasən iddiaçıya 2019-cu il tarixinə 66,50 manat, 2020-ci il tarixinə 71,00 manat, 2021-ci il tarixinə isə 45,67 manat məbləğində borc hesablanmışdır. Cavabdeh ASC tərəfindən borcun ödənilməsi tələbi ilə iddiaçının ünvanına hər ay borc məbləğinə dair bildiriş-xəbərdarlıq göndərilir. Lakin iddiaçı xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərə görə ödənişləri etməmiş, əvəzində borc məbləğinin silinməsi ilə bağlı əsassız olaraq məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə yazılı etirazı müdafiə edərək , iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1972-ci ildə, Qubadlı rayonu, Məlikəhmədli kəndində anadan olmuşdur. Sumqayıt şəhəri Mənzil- Kommunal İstismar sahəsinin 08.02.2021-ci il tarixli, 94 saylı arayışına əsasən iddiaçı hazırda Sumqayıt şəhəri, 12-ci mikrorayon, X2-1005, bina 742-də yerləşən 55 saylı mənzildə müvəqqəti məskunlaşmışdır. İşdə olan abonent kartında cavabdehin 2019,2020,2021-ci illər üzrə su və kanalizasiya xidmətlərinə görə yaranmış borcları öz əksini tapmışdır. Abonent kartından görünür ki, iddiaçının yekun olaraq 292,00 manat borcu qalmışdır. Abonent kartında tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün 01.02.2012-ci il tarixli, 30864093 saylı müqavilə bağlandığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir (1.2.1). Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir (4.1.3.). Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (7.1.). Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 31.01.2011-ci il tarixli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,06 manat müəyyən edilmişdir. Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli 6 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,35 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,15 qəpik müəyyən edilmişdir. “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İşdən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilə 2012-ci ildə bağlanmışdır. İddiaçı ünvan 1 ünvanında 24 iyun 2019-cu il tarixədək yaşamışdır. Lakin cavabdeh isə iddiaçının yaşadığı ünvana su və kanalizasiya xidmətlərindən istifadəyə görə 2019,2020,2021-ci il tarixlərinə hesablama aparmışdır. Cavabdehin nümayəndəsindən bu hesablamanın hansı əsasla aparıldığı soruşulduqda o, məhkəmə iclasında bunu əsaslandıra bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına 2019-cu ilin iyun ayından başlayaraq ,2020, 2021-ci illərdə hesablanmış borc əsassızdır .Ona görə də iddia qismən təmin edilməli, iddiaçıya hesablanmış 149,92 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı 24.06.2019-cu ilədək yaşadığı ünvan 1 ünvanına hesablanmış 142 (yüz qırx iki) manat 92 (doxsan iki) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar