Məhkəmə qərarları › İş №2(060)-2573/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2573/2022

23.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2573/2022 23.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 23 may 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt Qaz İstismarı İdarəsi tərəfindən ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 353 saylı evə dair əsassız olaraq hesablanmış 521.22 manat borcun və sayğaca görə hesablanmış 185.73 manatın cəmi 706.95 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzildə o, ailə üzvləri ilə birlikdə yaşayırlar. 31 yanvar 2022-ci il tarixdə Sumqayıt QİS-nin nümayəndələri tərəfindən həmin mənzilə 521.22 manat əsaasız borc, 185.73 manat isə müdaxilə edilmiş sayğaca görə sayğacın dəyəri olaraq cərimə yazılmışdır. Bildirilmişdir ki, guya sayğac dövlət yoxlamasına göndərilmiş və sayğacın üzərindəki rezin təbəqə zədəli olduğundan və təzyiq nəticəsində sayğacın gövdəsi şişdiyindən sayğac istismara yararsız kimi göstərilmişdir. Qeyd etmək istəyir ki, bütün bu proseslər cavabdeh təşkilatın nümayəndələri tərəfindən qanunsuz və əsassız, özbaşına həyata keçirilmişdir. AR Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli, 87 saylı qərarı ilə təsdiq edilmiş «Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar»da bildirilir ki, qaz işlədən qurğuların qaz şəbəkəsindən ayrılması, istehlakçıdan müvafiq müraciətin alındığı, çox vacib və ya təxirəsalınmaz işlər tələb olunduğu, istehlakçı qurğusunun müvəqqəti və ya daim müvafiq tələblərə cavab vermədiyi və paylayıcının istehlakçıya verdiyi qazın hesabı bir ay müddətində tam ödənilmədiyi hallarda, qaz paylayıcısının istehlakçıya verdiyi xəbərdarlıq əsasında həyata keçirilir. Lakin Sumqayıt şəhər Qaz İstismar İdarəsinin əməkdaşları ona əsassız olaraq yazdıqları borcu ödəmədiyi üçün tez-tez qazını kəsirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 24.02.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan AZ-İ 180277 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən X2 02.01.2006-ci ildə Sumqayıt şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 yanvar 2006-cı ildə 125 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-in “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, ünvan 1 ünvanından çıxarılmış G-4 markalı 1602AZ**********83 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın klapanının üzərindəki rezin təbəqə zədəli olduğundan və təzyiq nəticəsində sayğacın gövdəsi şişdiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 185,73 manatın ödənilməsi abonentdən tələb edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair 31.01.2022-ci il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvnında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 4320 m3 (432 manat) müəyyən edilmişdir. İşdə olan 31.01.2022-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda ünvan 1 ünvanında X1 adına açılmış G-4 markalı 1602AZ**********83 nömrəli sayğacın klapanının üzərindəki rezin təbəqənin zədəli olduğu və təzyiq nəticəsində sayğacın gövdəsinin şişdiyi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 24.01.2022-ci il tarixli, MSK-29/1710-00307-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x00307 saylı, 24.01.2022-ci il tarixli məktubuna əsasən 31.01.2022-ci il tarixində Sumqayıt QİSdən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İşdə olan 15.12.2021-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 1 ünvanında X1 adına açılmış G-4 markalı 1602AZ**********83 nömrəli sayğac Zenner tipli, G-4 markalı, **********5 nömrəli sayğacla əvəzlənmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 353 nömrəli evin qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB Sumqayıt Qaz İstismar Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona 521,22 manat borcun hesablandığını bildirərək, həmin borcun silinməsini xahiş etsə də, işdə olan dəymiş ziyanın bərpasına dair 31.01.2022-ci il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 4320 m3-dur, yəni cavabdeh tərəfindən iddiaçıya 432 manat cərimə borcu hesablanmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanına quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımadığından ona əsassız olaraq hesablanmış 432 manat məbləğində cərimə borcu və 185,73 manat məbləğində sayğacın dəyəri olan borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 saylı mənzilə (abonent kodu: **********03530) əsassız olaraq hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində cərimə borcu və 185,73 (bir yüz səksən beş manat yetmiş üç qəpik) manat məbləğində sayğacın dəyəri olan borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar