Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2574/2022 23.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki işə 23 may 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, 22 saylı evin 41 saylı mənzilinə dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilərək müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat ofisinə 08 dekabr 2020-ci il tarixində ölmüş anası - X1 qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. Sumqayıt «Asan Xidmət» Mərkəzinin Notariat ofisi ərizənin təmin olunmasından imtina etmiş və ona ünvanladığı 547 nömrəli məktubunda qeyd etmişdir ki, “08 dekabr 2020-ci il tarixində ölmüş X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün miras əmlakın qəbuluna dair 26.02.2022-ci il tarixində ərizəniz qeydə alınmışdır. Lakin qanunla müəyyənləşdirilmiş müddəti (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən) ötürdüyünüz üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, müddətin bərpası üçün Məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. Hüquqi savadı olmadığına görə mirası qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 3 ay müddət ərzində olduğunu bilməmişdir. Zənn etmişdir ki, anasından miras qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə bilər. Lakin 2022-ci ildə Sumqayıt «Asan xidmət» Mərkəzinin Notariat ofisinə müraciət edərkən mirasın qəbulu üçün müddətin müəyyən edildiyini bilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, atası ilə anası faktiki olaraq ayrılmışdırlar. Anası 08 dekabr 2020-ci il tarixində, bacısı isə hələ anasının sağlığında 2014-cü ildə vəfat etmişdir. Hazırda vərəsə yalnız atası ilə odur. Məsələ ilə əlaqədar hüquqlarını bilmədiyindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, anası rəhmətə gedən zaman həbsxanadan yeni çıxmış, anası öldükdən sonra isə psixoloji sarsıntı keçirmişdir. Qeyd edilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X7 13 iyun 1989-cu il tarixdə nikaha girərək ailə qurmuşlar və bu nikah 151 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Zərbəliyeva soyadı verilmişdir. İşdə olan AZ XVİ JQ-465972 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 15.07.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, atası X6, anası isə X5r. İşdə olan AZ XVİ JQ-286542 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, atası X6, anası isə X7 qızıdır. Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən X2 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəyə cavab olaraq İddiaçı ünvanlanmış 26.02.2022-ci il tarixli 547 saylı məktubda qanunla müəyyənləşdirilmiş müddəti keçirdiyi üçün müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, 22 saylı evin 41 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X2 adına ********** qeydiyyat nömrəsi ilə 13.03.2020-ci il tarixdə qeydə alınmışdır. İşdə olan 22.05.2022-ci il tarixli, **********821 nömrəli ərizədən görünür ki, X6 08 dekabr 2020-ci il tarixində ölmüş arvadı X1 miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmiş və qəbul etmək niyyətində deyildir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 08.12.2020-ci il tarixində vəfat etmiş, ondan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, 22 saylı evin 41 saylı mənzili miras qalmışdır. İddiaçı X2 birinci növbə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə İddiaçı X2 birinci növbə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 08.12.2020-ci il tarixində vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, 22 saylı evin 41 saylı mənzilin İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 08.12.2020-ci il tarixində vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, 22 saylı evin 41 saylı mənzilin miras əmlak kimi qəbulu müddətinin İddiaçı tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2574/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2574/2022
23.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver