Məhkəmə qərarları › İş №2(060)-2582/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2582/2024

20.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2582/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanında yerləşən, 9 saylı evin, 35-ci mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bunu xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsi təsdiq edir. Mənzilin mülkiyyətçisi halhazırda iddiaçıdır. Cavabdeh tərəfindən tərtib edilmiş abunə haqqında arayışa əsasən elektrik enerjisinə borcun məbləği 220,37 manat təşkil edir. İddiaçı borc məbləği ilə razılaşmır. Beləki həmin borc məbləği xx.xx.2015-ci ilə qədər olan dövrdə yaranmışdır. Cavabdeh tərəfindən elektrik enerjisinin sərfiyyatına görə borc sayğac göstəricisinə görə yox, orta sərfiyyat normalarına əsasən hesablanmışdır. Göstərilənlərə əsasən elektrik enerjisinə görə yaranmış 220,37 manat borcun iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar olaraq silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş **********00500 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, Malininaya məxsus ünvan 1 ünvanına sayğac oxunması üzrə 1293,05 manat, aktlar bölməsi üzrə 7,38 manat borc hesablanmışdır. Abonentin cari borcu isə 12,88 manat təşkil edir.

8. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş **********00500 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, Malininaya məxsus ünvan 1 ünvanına 220,37 manat “inteqrasiya dövrü borcu” hesablanmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 3 otaqlı yaşayış sahəsi 47,32 kv.m., köməkçi sahəsi 20,40 kv.m-dən ibarət olan 9 saylı evin 35 saylı mənzili Sumqayıt şəhər 5 №-li DNK-nın 4ə-/70 saylı, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır.

10. İşin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışına əsasən İddiaçı xx.xx.2005-ci il tarixdən etibarən X5, X3 və X4 ilə birlikdə ünvan 2 ünvanında pasport qeydiyyatındadırlar.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9, 35 saylı mənzil İddiaçı mülkiyyətindədir. Həmin ünvana aid elektrik sayğacının abonent kodu isə Malinina adlı şəxsin adında qalmışdır. İddiaçıya məlum olmuşdur ki, həmin evə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız borc hesablanmışdır.

12. Həmçinin, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

14. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

16. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

17. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

18. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

19. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 2 "xxxx" ASC-nin elektron məlumat bazasında **********00500 saylı kod üzrə qeydiyyata alınmışdır. Abunə haqqında arayışın bağlanan aktlar bölməsində “inteqrasiya dövrü borcu” hissədə 220,37 manat (inteqrasiya dövr borcu) borc olduğu qeyd edilmişdir.

20. Məhkəmə qeyd edir ki, 220,37 manat borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz.

21. Məhkəmə “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar borcun silinməsi” ilə əlaqədar qeyd edir ki, hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiqi üçün əsas yoxdur.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

23. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə tərəflər iddiaçı və cavabdehdir. İddia müddətinin keçməsi cavabdehin xeyrinə olduğu üçün həmin müddətin tətbiq edilməsi barədə ərizəni adətən o verir. Lakin öhdəliklərin qarşılıqlı icrası hallarında (Mülki Məcəlləsinin 441-ci maddəsi) iddia müddətinin tətbiq edilməsi barədə ərizə qarşılıqlı surətdə iddiaçı tərəfindən də verilə bilər.

25. Göründüyü kimi hazırda iddiaçının irəli sürdüyü iddia tələbi ilə bağlı iddia müddəti tətbiq edilə bilməz.

26. Məhkəmə onu da qeyd edir ki, müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur.

27. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

28. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanına (ünvan 3hmdar Cəmiyyəti tərəfindən hesablanmış 220,37 (iki yüz iyirmi manat, otuz yeddi qəpik) manat məbləğində borc **********00500 nömrəli abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

29. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab verərək hesab edir ki, iddia təmin edildiyindən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir.

30. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

31. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

32. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti 1000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu ödənilir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

34. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

Nəticə hissəsi:

39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanına (ünvan 3hmdar Cəmiyyəti tərəfindən hesablanmış 220,37 (iki yüz iyirmi manat, otuz yeddi qəpik) manat məbləğində borc **********00500 nömrəli abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar