Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2599/2022 08.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X10 İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Atamoğlanova Əfşan İsmayıl qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər Sumqayıt şəhəri 1 saylı Notariat Ofisi və Atamoğlanova Əfşan İsmayıl qızına qarşı “miras əmlakın bölünməsi və payların müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 dekabr 2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X4 ölümündən sonra miras qalmış əmlaklara Sumqayıt şəhəri 17-ci mikrorayon ev 45, mənzil 29-a, Şabran şəhəri Rəşid Behbudov küçəsi, 32 saylı fərdi yaşayış evinin 3/5 hissəsinə və HYUNDAİ MATRİX minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşına vərəsəlik hüquqlarının tanınması, vərəsələr arasında bölünməsi və miras paylarının qanunauyğun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, həyat yoldaşı X8 11 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra Sumqayıt şəhəri 17-ci mikrorayon ev 45, mənzil 29, Şabran şəhəri, Rəşid Behbudov küçəsi, 32 saylı fərdi yaşayış evinin 3/5 hissəsi və HYUNDAİ MATRİX minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşını miras əmlakları qalmışdır. Miras əmlakın qəbul edilməsi ilə əlaqədar vərəsələr notariat ofisinə müraciət etmiş, lakin miras əmlakda payların müəyyən olunması üstündə mübahisə yaranmışdır. Belə ki, cavabdehlər miras əmlakın bölünməsində ona düşəcək payın azaldılmasını və onlara daha çox hissənin ayrılmasını istəmişlər. Bununla əlaqədar aralarında mübahisə yaranmışdır. Belə ki, hər biri 1-ci növbə vərəsələr olsalar da, miras əmlak Sumqayıt şəhəri 17-ci mikrorayon ev 45, mənzil 29 və HYUNDAİ MATRİX minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşın mərhum həyat yoldaşı ilə birgə nikahları dövründə əldə olunmuşdur. Bununla əlaqədar həmin əmlaklar tam hissədə bölünməməlidir. Vərəsəlik qanunvericiliyinə əsasən bu əmlakların yarısı miras əmlakın tərkibinə daxil olur. Qalan yarısı isə mirasa daxil olmayaraq onun mülkiyyətində qalmalıdır. Bundan başqa oğlu X9 1994-cü ildə şəhid olduğundan ona düşən miras əmlak ona verilməlidir. Cavabdehlər bu bölgü ilə razılaşmırlar, qanunvericiliyə zidd olaraq miras əmlak tələb edirlər. Aralarında yaranmış mübahisə ilə əlaqədar 3-cü şəxs notariat ofisi məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq bölünməsi üçün məhkəməyə müraciət edir. Qanunun tələbinə görə birgə mülkiyyətləri dövründə əldə olunmuş əmlaklar ümumi birgə mülkiyyət olduğundan miras qoyana düşən hissə vərəsələr arasında bölünməlidir. Birgə nikah dövründə əldə olunmuş Sumqayıt şəhəri 17-ci mikrorayon ev 45, mənzil 29 və HYUNDAİ MATRİX minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşın mərhum həyat yoldaşı ilə birgə nikahları dövründə əldə olunduğundan bu əmlakların yarısı bölünməli, qalan hissə isə mirasa daxil edilməyərək onun mülkiyyətində qalmalıdır. Göstərilənləri nəzərə alaraq, 11 dekabr 2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X4 ölümündən sonra miras qalmış əmlaklara Sumqayıt şəhəri 17-ci mikrorayon ev 45, mənzil 29-a, Şabran şəhəri Rəşid Behbudov küçəsi, 32 saylı fərdi yaşayış evinin 3/5 hissəsinə və HYUNDAİ MATRİX minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşına vərəsəlik hüquqlarının tanınması, vərəsələr arasında bölünməsi və miras paylarının qanunauyğun müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərdi ki, sözügedən əmlakların bölünməsinə etiraz etmir. Lakin həmin əmlakların atalarının vəsiyyətlərinə uyğun bölünməsini istəyir. Belə ki, ataları vəsiyyətində bacıları Əfşan üçün lazım olan hər bir şəraiti qurduğunu bildirmişdir. Bu səbəbdən əmlaka dair paylarını qardaşı və anası ilə aralarında bölünməsini istəyir və o, öz payından anasının xeyrinə imtina edəcəkdir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, sözügedən miras əmlaklarda onun gözü yoxdur. Belə ki, anası ona zəng edərək atasından qalan əmlaklarda payların müəyyən olunması üçün notariusa müraciət etmiş və onun doğum haqqında şəhadətnaməsinin lazım olduğunu bildirmişdir. O, cavabında doğum haqqında şəhadətnaməni o halda göndərir ki, o öz payından kiçik qardaşının xeyrinə imtina etməsi nəzərə alınsın. Anası ona bildirdi ki atası öləndə vəsiyyət etmişdir ki, onun əmlakları üç yerə yəni övladları arasında bölünməlidir və qızı Əfşanda öz payından onun xeyrinə imtina etdiyini bildirdi. Sonradan məlum oldu ki, anası məhkəməyə müraciət etmək üçün onun doğum haqqında şəhadətnaməsini istəmişdir. Bundan əlavə, sözügedən Şabran rayonunda yerləşən ev, atasına babasından qalan miras payı olub. Həmin əmlakda atası ilə anasının birgə mülkiyyəti sayıla bilməz. Bundan başqa sözügedən avtomobil yəni “Hyundai Matrix” markalı avtomobili atası 2018-ci ildə ona sürməyə vermişdir. Atası rəhmətə gedəndən sonrada o, həmini maşını bir il idarə etmiş və maşına aid bütün xərcləri o, ödəmişdir. Sumqayıt şəhərində yerləşən mənzilin qardaşı və anası ilə bərabər bölünməsinə etiraz etmir. Atası tərəfindən bacısı Əfşana mənzil bağışlamışdır. Bu səbəbdən miras qalmış əmlakdan bacısına pay verilməsini istəmir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə üçüncü şəxs Atamoğlanova Əfşan İsmayıl qızı bildirdi ki, o, anası tərəfindən verilən iddia tələbi üzrə bölgüyə etiraz etmir və iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Atamoğlanova Əfşan İsmayıl qızının izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İİ № 133892 saylı, 17.12.2020-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 11.12.2020-ci il tarixdə “Covid-19” virusundan dünyasını dəyişmişdir. İş materaiallarında olan İİ-JQ № 441959 saylı, 21.01.1994-cü il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 09.01.1994-cü il tarixdə Azərbaycan Respublikası uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən “MH seriyalı, № ******* saylı “Çıxarış”dan görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.06 ha torpaq sahəsində yerləşən 45 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 6-cı mərtəbəsində yerləşən 66.44 kv.m ümumi, 53.13 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 29 nörməli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrindən 60 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1-də yerləşən fərdi yaşayış evinin 3/5 hissəsi xüsusi mülkiyyət hüququ üzrə X4 torpaq sahəsi tam olaraq X5 adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı Notariat ofisinin 04.03.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı və Atamoğlanova Əfşan İsmayıl qızı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 11 dekabr 2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsidirlər. Bundan əlavə miras qoyanın digər vərəsələri oğlu- Cavabdeh1 və oğlu-Cavabdeh2dur. Miras qalmış əmlak Sumqayıt şəhəri, 17-ci mikrorayonda 45 nömrəli binada yerləşən 29 nömrəli mənzildən, Şabran şəhəri, Rəşid Behbudov küçəsində yerləşən 32 nömrəli fərdi yaşayış evinin 3/5 hissəsindən və Hyundai Matrix minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarətdir. İş materiallarında olan AD №490565 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Matrix” minik markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi X6r. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 18.03.2022-ci il tarixli, ******* saylı arayışından görünür ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Atamoğlanova Əfşan İsmayıl qızı Sumqayıt şəhəri, 17ci mikrorayon, ev 45, mənzil 29-da qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərvaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı ərinin ölümündən sonra notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə ərindən qalmış mirası rəsmi olaraq qəbul etmişdir. X2 öz mirasına dair vəsiyyətnamə qoymamış, onun birinci növbədə vərəsəsi İddiaçıdır. İkinci növbə vərəsələri isə Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Atamoğlanova Əfşan İsmayıl qızı təşkil edir. Belə olan halda sonuncular qanun üzrə vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» qərarında qeyd olunur ki, 1.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir» 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır; müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Məhkəmə işin hallarını nəzərə alaraq belə hesab edir ki, X8 ilə İddiaçı rəsmi nikahları olduğu üçün, iddiaçı birinci növbə vərəsə sayılır. Bu səbəbdən də X8 nun adına olan əmlaklar ½ hissədə iddiaçının payi müəyyən olunmalıdır. X4 və İddiaçı şəhid olmuş oğlunun payına gəlincə, məhkəmə qeyd edir ki, şəhid X7 payına düşən əmlak birinci dərəcə vərəsə olaraq, anası yəni İddiaçı payına əlavə olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 100.0 kv.metr olan fərdi yaşayış evinin 3/5 hissəsi, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 45, mənzil 29 və ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində İddiaçı ½ hissədə, ümumi əmlakda paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilməli, miras qoyan X3 miras qalmış ümumi əmlakın ½ hissəsinə miras əmlaklardan 2/5 hissədə İddiaçı, 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə Cavabdeh2 və 1/5 hissədə Atamoğlanova Əfşan İsmayıl qızının vərəsəlik payları müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 100.0 kv.metr olan fərdi yaşayış evinin 3/5 hissəsi, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 45, mənzil 29 və ** CC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində İddiaçı ½ hissədə, ümumi əmlakda paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilsin. Miras qoyan X3 miras qalmış ümumi əmlakın ½ hissəsinə miras əmlaklardan 2/5 hissədə İddiaçı, 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə Cavabdeh2 və 1/5 hissədə Atamoğlanova Əfşan İsmayıl qızının vərəsəlik payları müəyyən edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2599/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2599/2022
08.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver