Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2628/2024 16.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, Cavabdeh sayğacın dəyəri kimi ondan tələb etdiyi 6480 kub borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona hesablanmış 930 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmamışdır. 16 sentyabr 2023-cü ildə Cavabdeh əməkdaşları tərəfindən mülkiyyətində olan mənzilin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmişdir. "Azəriqaz" İB Sumqayıt QİS 18 sentiyabr 2023-cü il tarixdə məktub göndərərək göstərmişdir ki, ünvanında olan **********8 nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın hesablama mexanizmi keçən qazən sərfiyyatını qeyd etmir. Məktubdan belə başa düşülür ki, guya mənzilində quraşdırılmış əvvəlki qaz sayğacı işlək deyildir. 16 sentyabr 2023-cü ilə qədər mənzilində əvvəlki qaz sayğacı olmuş və həmin tarixə qədər həmin sayğac işləməmiş, sayğacın göstəriciləri əsasında o, təbii qaza görə haqq ödəmişdir. Əgər həmin sayğac işlək deyilsə, o halda o sayğacı necə işlədə bilərdi və mənzilinə təbii qaz necə gələ bilərdi? Əgər sayğac evdən 100-150 metr kənarda yerləşirsə və heç bir qoruyucu qutu qoyulmamışdırsa buna kim cavabdeh ola bilər? Sayğac evdən uzağa qoyulmuşdursa və heç bir qoruyucu qutu qoyulmamışdırsa buna kim məsuliyyət daşıyır? Buna görə də cavabdehin ondan 6480 kub tələb etməsi tamamilə qanunsuzdur.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, yay aylarında əvvəlki sayğacın istismara yararsız olduğunu bildirərək yeni sayğac quraşdırılmışdır. Daha sonra 3 ay müddətinə 930 manat məbləğində cərimə yazmışdırlar. Sayğac dəyişiləndə borcun məbləği sıfırlanmalı idi. Amma yeni sayğacı borcla quraşdırmışdırlar. Soba istifadə etməmişdir. O qədər borc yazılması mümkün deyildir. Sayğac onun olduğuna görə onun qapısına quraşdırılmalı idi. Lakin tamamilə başqa adamın qapısına quraşdırılmışdır. Akt əsasında yazılmış borcun silinməsini xahiş edir. Qalan borc məbləği əvvəlki qaz sərfiyyatı ilə bağlıdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tədqiq olunan sübutlar:
5. Abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan bağları, ev 1, mənzil 224 ünvanında İddiaçı təbii qazdan istifadəyə görə akt üzrə 777,60 manat məbləğində borcu vardır.
6. 18.09.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, Ceyranbatan bağları, ev 1, mənzil 224 ünvanına qaz sayğacının nominal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 6480 kub.m müəyyən edilmişdir.
7. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd olunmuşdur ki, sayğaca vizual baxış müşahidə olunmuş, sayğacın zavod plomblarına müdaxilə olunduğu, sayğacın qırmızı diyircəklərində yad cismin aşkar olunduğu, sayğacın keçən qaz həcmini qeyd etmədiyi müəyyən olunmuşdur.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
-21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
10. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun
-13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. -21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
11. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
-4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. -4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. -4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən xx.xx.2023cü il tarixdə Sumqayıt şəhəri, Ceyranbatan bağları, ev 1, mənzil 224 ünvanına ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və həmin akta əsasən iddiaçıya 777,60 manat məbləğində borc yazılmışdır. İddiaçı Cavabdeh tərəfindən ona hesablanmış 930 manat məbləğində cərimənin silinməsini məhkəmədən xahiş edir.
14. Qeyd edilən aktda qazdan istifadə qaydalarının pozulmasının əsası kimi sayğaca vizual baxış keçirildiyi, sayğacın zavod plomblarına müdaxilə olunduğu, sayğacın qırmızı diyircəklərində yad cismin aşkar olunduğu, sayğacın keçən qaz həcmini qeyd etmədiyi göstərilmişdir.
15. Beləliklə, cavabdeh sayğacın istismara yararsız olduğu və bunun iddiaçı tərəfin müdaxiləsi əsasında baş verdiyi qənaətinə gələrək dəymiş ziyan qismində sonuncudan 777,60 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir.
16. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.
17. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
18. Hazırki işdə cavabdehə qazdan istifadə qaydalarının pozulması nəticəsində zərər dəyməsi və cavabdeh tərəfindən aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu, sayğacın zavod plomblarına müdaxilə olunduğu, sayğacın qırmızı diyircəklərində yad cismin aşkar olunduğu və sair halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsini sübut etmək vəzifəsi sözügedən aktı tərtib etmiş cavabdehin üzərinə düşür.
19. Lakin cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir. Ziyanın hesablanmasına əsas olmuş akt isə sayğacın ümumi vəziyyətini özündə əks etdirməklə sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
20. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.
21. Hazırki işdə də iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericliyin tələbinə uyğun olaraq qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır.
22. Qaz sayğacının iddiaçının yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahənin daxilində deyil, çölündə yerləşməsi isə işin mübahisələndirilməyən halıdır. Belə olan halda isə həmin sayğaca kənar şəxslər tərəfindən müdaxilə oluna bilməsi halı da istisna edilə bilməz.
23. Məhkəmə iddianın qalan hissəsinə münasibətdə qeyd edir ki, abonentin saldosundan göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi qalan borc məbləği sayğacın göstəriciləri əsasında hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən həmin Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Göründüyü kimi qaz sayğacı quraşdırıldığı halda istehlakçılar tərəfindən qazın dəyəri həmin qaz sayğacının göstəricilərinə əsasən hesablanır. Hazırki işdə də iddiaçının tələb etdiyi, yuxarıda adı qeyd edilmiş akt əsasında hesablanmış məbləğdən əlavə məbləğ sayğacın göstəriciləri əsasında hesablandığından iddia həmin hissədə əsaslı deyildir.
24. Beləliklə məhkəmə qeyd edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından və fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlamasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.
Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, Ceyranbatan bağları, ev 1, mənzil 224 ünvanına (abonent kodu: **********02240) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat, 60 (altmış) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva