Məhkəmə qərarları › İş №2(060)-2632/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2632/2024

28.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2632/2024 28.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 və maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı tərəf Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2003-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki yaşayan xx.xx.2003 təvəllüdlü övladları X3 anadan gəlmə fiziki və əqli inkişafdan geri qalmışdır. Ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “serebral iflic” diaqnozu qoyulmuş və həmin komissiyanın sonuncu müayinəyə dair məlumatında ona orqanizm funksiyalarının tamamilə pozulması nəticəsində birinci dərəcəli əlillik verilmişdir. Diaqnozda qeyd edildiyi kimi oğulları öz davranışlarını, hərəkətlərini anlaya bilmir və danışa bilmir. Onun fiziki və əqli inkişafdan geri qalması nəticəsində qüsurlu olmasını vizual olaraq da görmək mümkündür. Övladlarında serebral iflicin qalıq əlamətləri, dərin əqli geriliklə müşahidə edilir. O öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək iqtidarına malik deyildir. X3 öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil və buna görə də tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir, çünki onlar onun valideyni olaraq onun mənafeyini müdafiə etməyə davam etmək üçün ona bununla bağlı sonradan anası Ərizəçi1 ona qəyyum təyin edilməsi üçün oğullarının fəaliyyət qabiliyyətli olmadığını təsdiq etdirməkdən ötrü məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi doğma valideynlərinin müraciət etdiyini, qeydiyyatın da Sumqayıt Şəhəri olmasını bildirərək, ekspertizanın rəyini nəzərə alaraq ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə, ərizəçilərin və maraqlı şəxsin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Nikah evi tərəfindən verilmiş İİ-AZ seriyalı, 028787 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 və X4 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin dekabr ayının 29-cu günündə 1118 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada isə Quliyeva soyadı verilmişdir. - Elektron çıxarışdan görünür ki, X2 ümumi xəstəlik səbəbilə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən kvadroplegik spastik serebral iflic, uşaq serebral iflicinin davamlı qalıqları, spastik tetraparez, ağırlaşma, dizartriya və anartriya, spastik tetraplegiya diaqnozu qoyularaq müddətsiz 1-ci dərəcəli əlillik verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2003-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası X3, anası isə Ərizəçi1dır. - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 1423 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2003-cü il təvəllüdlü X3 ərizəçilərin övladıdır. Övladları serebral iflicdir və İ qrup əlildir. Onun daim kənar şəxslərin köməyinə ehtiyacı vardır və öz hərəkətlərini idarə edə bilmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Bu Məcəllənin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bu Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Bu Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmədə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Bu Məcəllənin 321-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan xx.xx.2003-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan valideynləri Ərizəçi2 və Ərizəçi1 ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən xx.xx.2003-cü il təvəllüdlü X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2003-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. xx.xx.2003-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi onun üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar