Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2635/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı bu ev onun mülkiyyətindədir. Uzun illərdir ki, ailəsi ilə birgə həmin mənzildə yaşayır. Həmin evə köçdükləri vaxtdan cavabdehlə heç bir mübahisələri olmamışdır. Aylıq sərfiyyata görə öhənişləri etmişlər. 12 saylı mənzil-kommunal sahəsindən aldığı 17 mart 2023-cü il tarixli arayışdan da görünür ki, həmin ərazidə yaşayır. Cavabdehin əməkdaşları tərəfindən bildiriş-xəbərdarlıq ona təqdim olunarkən 1055.44 manat borcunun olduğunu görmüşdür. Əgər aylıq ödəniş edirsə bu qədər borcun haradan yaranması şübhə yaratmışdır. Ona görə də mülkiyyətində olan evə 3 illik (2020-2022) abonentin saldosunu çıxartmışdır. Saldoya baxan zaman müəyyən etmişdir ki, 2022-ci ilin noyabr ayının əvvəlinə qəfil 1040.64 manat borc yazılmış, 19.80 manat sərfiyyat olmuş, 5 manat da ödəniş olmuşdur. Beləliklə 1055.44 manat borcu yaranmışdır. Hesab edir ki, həmin borcun 1040.64 manat hissəsi əsassız borcdur. Ona görə də silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən mülkiyyətində olan ünvan 2 ünvanındakı mənzilə cavabdeh tərəfindən əsassız yazılmış 1040.64 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Əlavə olaraq qeyd etdi ki, iş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, sərfiyyata uyğun hər ay ödənişlər olmuşdur. Ünvana bildiriş gəlmiş və həmin bildirişdə qeyd olunnmuşdur ki, 1040.64 manat borcu vardır. Həmin borc 2022-ci ilin noyabr ayında yazılmışdır. Həmin borcun nə əsasla yaranması barədə heç bir məlumat verilməmişdir. 8640 kub metr sərfiyyata görə 1036.80 manat borc hesablanmışdır. Akt tərtib olunarkən onların iştirakı təmin olunmamış və onların xəbəri olmamışdır. Nazirlər Kabinetinin qərarında göstərilmişdir ki, akt tərtib olunarkən ona məlumat verilməlidir. Sayğac mənzilin çöl hissədə yerləşir. İddiaçının sayğaca müdaxiləsi olmamışdır. Heç bir borcu olmamışdır. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, akt əsasında hesablanmış borcu əsaslı hesab etdiyini bildirmişdir. İddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Aktın tərtib olunmasına səbəb sayğaca baxış keçirilərkən sayğacda olan nöqsan – sayğacın çıxış plastmas borusunun deşilməsi olmuşdur. Bununla bağlı hesabat aparılmış və itirilmiş 1440 kub metr qazın bərpasına görə 1036.80 manat dəymiş zərər hesablanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı nümayəndəsi və vəkili X1 izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı mənzil-kommunal sahəsinin 379 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 41A saylı məhəllə, ev 19, mənzil 31 ünvanında yaşayır və Füzuli rayon məcburi köçkündür. Ünvanda məskunlaşmışdır. Abonent saldosu və abonent kartına əsasən müəyyən edilir ki, müəyyən illlər üzrə iddiaçının yaşadığı ünvanda istifadə olunmuş qaz sərfinə uyğun ödənişlər edilmişdir. Eyni zamanda müəyyən olunur ki, 2022-ci ilin sonuna qalıq olaraq 1036.80 manat borc yazılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak növündə mənzili xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 oktyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, 12359119 nömrəli plomb kəsilərək G-4 SM / 5780 saylı qutunun açılması, sayğaca ümumi baxış keçirilməsi, sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın istismara yararsız olması kimi hallar qeyd olunmuşdur. 28 oktyabr 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi hesablanmışdır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, ******* saylı, 28 oktyabr 2022-ci il tarixli akt 12359119 nömrəli plomb kəsilərək G-4 SM / 5780 saylı qutunun açılması, sayğaca ümumi baxışın keçirilməsi, sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğacın istismara yararsız olması kimi hallar olduğu üçün tərtib edilərək, 8640 kubmetr qaz itkisi hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının qanunsuz hərəkəti nəticəsində sayğacın istismara yararsız hala salınması halı, məhkəmə iclaslarında cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən sübut olunmamışdır. Belə ki, həmin sayğacın plastmas borusunun deşilməsinin məhz iddiaçının qanunsuz hərəkəti nəticəsində oluduğu müəyyən edilməmiş və həmin hal məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi tərəfindən əsaslı dəlilləri məhkəməyə təqdim olunmayaraq, öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 oktyabr 2022-ci il tarixli akta əsasən hesablanmış borcun silinməsi barədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 oktyabr 2022-ci il tarixli akta əsasən hesablanmış 1036.80 manat borc abonentin hesabından (abonent kodu **********60310) silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbini qismən təmin edilməsi qənaətinə gələrkən “Dəymiş ziyanın bərpasına dair” tələbnamədə itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi olduğu üçün 1036.80 manat məbləğin silinməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ünvan 2 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 oktyabr 2022-ci il tarixli akta əsasən hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc abonentin hesabından (abonent kodu **********60310) silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2635/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2635/2023
07.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver