Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-266/2024 29.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı «vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisində təsdiq edilmiş Firuzə Dadaş qızının Cavabdeh1 adına verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, lal-kar olan xx.xx.1948-ci il təvəllüdlü bacısı Firuzə Dadaş qızı xx.xx.2023-cü ildə vəfat etmişdir. O, «Korona-19» virusuna yoluxmuş, ömrünün son aylarında xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Əvvəlcə, bacısı qızı X6 onun vəziyyətindən istifadə edərək, onun mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci m/n, ev 40/45-də yerləşən 14 saylı, bir otaqlı mənzilini ələ keçirmək məqsədi ilə onu aldadaraq, ona bağışlama müqaviləsinə imza etdirmiş və mənzilini ələ keçirmişdir. Bunu ona X5 xəbər vermişdir. Bundan xəbər tutduqdan sonra, o, bunu mərhuma anlatmış və o, onun və qardaşı X1 ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2/060/-2046/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt «Asan Xidmət» Mərkəzində bağlanmış 4Ə/1748 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmişdir. Cavabdehin apellyasiya və kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, bu hadisə mərhumun əsəbdən xərçəng xəstəliyinə tutulmasına səbəb olmuşdur. Onlar məhkəmədə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, mənziln üzərindən həbsin götürülməsi ilə məşğul olarkən digər bacısı- Cavabdeh1 mərhum bacısının xəstəliyindən istifadə edərək adına vəsiyyətnamə imzalatmağa nail olmuşdur. Hesab edir ki, vəsiyyətnamə mərhum Firuzə Dadaş qızının iradəsini əks etdirmir. Çünki bacısı Sumqayıt Onkoloji Xəstəxanada müalicə alarkən gecə qardaşı onun yanında qalmış, ertəsi gün isə bacısı onlardan gizlin xəstəxanadan çıxardılmış və hara aparılması onlardan gizlədilmişdir. Sağlığında qardaşı bacısından mənzilini kimə miras qoymaq istədiyini soruşmuş, o da mənzilini bacısı Bəstiyə miras qoymaq istədiyini bildirmişdir. Bacısını axtarmış, onu cavabdehin qızı Novxanı kəndində yaşayan İlhamənin evində aşkar etmişdir. Bacısı vəfat etdikdən sonra cavabdeh nəinki ona yas mərasimi vernəmiş, qəbrinin üstünü götürməmiş, hətta ona yas verilməsinə mane olmuşdur. Belə ki, nə mənzilində, nə də evinin həyətində olan mağarda yas keçirməyə imkan verməmiş və işdə marağı olan vəsiyyətnamənin tərtibində şahid qismində iştirak etmiş, qonşu X5 mağarın qapısını tutaraq onların mağara daxil olmaqlarına mane olmuşdur. Məcburiyyət qarşısında qalaraq əvvəl yaşadığı Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən mağarın 1 saat ərzində qapısını açdırmış və yasa gələn qonaqları həmin mağara apararaq mərhumun yasını təşkil etmiş və qəbrinin üstünü düzəltdirmişdir. xx.xx.2023-cü ildə notariat orqanına mirası qəbul etmək üçün müraciət edərkən mərhum bacısının Cavabdeh1 adına vəsiyyətnamə verdiyi haqda məlumat almışlar. Hesab edir ki, onun xəstəliyindən, lal-kar olmasından, latın qrafikasını bilməməsindən istifadə edərək, onu aldadaraq ona vəsiyyətnaməni imzalatdırmışlar. Vəsiyyətnamənin bütün əmlaka verilməsi, yəni həmin vaxt evin sənədinin tələb olunmaması, yalnız 2 şahidin iştirakı ilə verilməsi buna dəlalət edir. Ona görə də hesab edir ki, vəsiyyətnamə etibarsız hesab edilməlidir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbini əsaslı hesab edərək bildirdi ki, Firuzə Dadaş qızı lal-kar olmuşdur. O, Koronaya yoluxmuş, ömrünün son aylarında xərçəng xəstəliyindən əziyyət çəkmişdir. X3 vəziyyətindən istifadə edərək ona məxsus olan bir otaqlı mənzili ələ keçirmişdir. İddiaçı və qardaşı bundan xəbər tutduqda ona vəziyyəti izah etmiş, onların köməkliyi ilə bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Bundan sonra bacıları Sədəf onun xəstəliyindən istifadə edib öz adına vəsiyyətnamə imzalatmışdır. Hesab edir ki, vəsiyyətnamə Firuzə Dadaş qızının iradəsini ifadə etmir. Həmin vaxt o ağır xəstə olmuş, həmçinin lal-kar olduğuna görə fikirini ifadə etmək qabiliyyəti olmamışdır. Eyni zamanda vəsiyyətnamə verilərkən evin sənədləri belə tələb edilməmişdir. Bunlar hamısı vəsiyyətnamənin etibarsız olduğunu göstərir. Məhkəmədə Cavabdeh1 nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, qadın tam anlaqlı vəziyyətdə olub. 2018-ci ildə bacısı qızı İradə onu aldadaraq qeydiyyata düşmək adı ilə bağışlama ərizəsinə imza etdirmişdir. Bundan xəbər tutan mərhum Firuzə Dadaş qızı həmin bağışlama müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmış və bütün məhkəmələrdə iddia təmin olunmuş və qətnamə Ali Məhkəmənin qərarı ilə qüvvəsini almışdır. Firuzə özü şəxsən məhkəmələrdə iştirak edirdi. Əgər Firuzəni cavabdeh aldatsaydı, məlumdur ki, o cavabehi bununla bağlı məhkəməyə verərdi. Lakin göründüyü kimi, vəsiyyətnamə verdikdən 5 aydan çox keçəndən sonra dünyasını dəyişmiş, cavabdehə verilən vəsiyyətnamə barədə heç bir narazılığı olmamışdır. Əlavə olaraq qeyd edir ki, mərhum ölən günə qədər cavabdehlə yaşamışdır. Onun bütün maddi məsrəflərinin qarşılanmasını cavabdeh və oğlu Elşad, qızı İlhamə etmişdir. Ölən günə qədər ağlı başında olub. Heç vaxt bununla bağlı şikayəti olmamış və həkimə müraciət olunmamışdır. Onun xəstəliyi ankoloji olub və o xəstəliklə bağlı bütün xərcləri də cavabdeh tərəf etmişdir. İddiaçı mərhumun doğma bacısı olsa da, ondan xəbəri olmayıb. Belə ki, iddiada qeyd olunur ki, mərhum guya ankologiya xəstəxanasında yatıb müalicə olub. Halbuki bu yalandır və həqiqəti əks etdirmir. Çünki mərhum Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında 6 gün reanimasiyada yatıb və oradan da buraxılıb. Vəsiyyətnamə özü apellyasiyada bağışlama müqaviləsinin etibarsızlığına baxılarkən yazılıb. Bu halda aldatma ehtimalı sıfıra bərabərdir. Mərhumun ankoloji xəstəliyi bir neçə il əvvəl aşkarlanmışdır. İddiada isə guya koronovirusdan sonra tutub. Özü də guya cavabdehin onu əsəbləşdirdiyinə görə olub. Odur ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə cavabdeh S,D.Muxtarovanın nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsində göstərilənlər yalan və cəfəngiyyatdır. Firuzə Dadaş qızı vəsiyyətnamə verərkən ona məxsus olan bütün əmlakı vəsiyyət etmişdir. Həmin vaxt konkret olaraq mənzil vəsiyyət edilməmişdir. Buna görə də evin sənədləri Notarius tərəfindən tələb olunmamışdır. Mənzilin qanunsuz olaraq özgəninkiləşdirilməsi barədə o, şəxsən özü məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarında şəxsən iştirak etmişdir. Məhkəmə tərəfindən həmin bağışlama müqaviləsi etibarsız hesab edilmişdir. Firuzə Dadaş qızı xəstə olduğu vaxtdan onlarla birlikdə yaşamışdır. O, onun həkimi ilə davamlı olaraq əlaqə saxlamış və onun yas mərasiminidə o, vermişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh 2 saylı Sumqayıt Regional ASAN xidməti mərkəzində notariat ofisi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh 2 saylı Sumqayıt Regional ASAN xidməti mərkəzində notariat ofisi nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X8 bildirdi ki, , Sədəflə qonşudur. Biri-birilərinə get-gəlləri olmuşdur. Firuzə Dadaş qızınıda tanıyıb. O, lal-kar olub. O, həmişə Firuzəni Sədəfin evində görmüşdür. Vəsiyyətnamə veriləndə notariusda oda həmin vəsiyyətnamənin verilməsində iştirak etmişdir. Həmin vaxt orada, Firuzə, Sədəf tərcüməçi var idi. Notarius tərəfindən deyilənlər Firuzəyə tərcüməçi tərəfindən bildirilirdi, o, da başını hərəkət etdirərək razı və narazılığını o formada deyirdi. Vəsiyyətnamənin verilməsində Firuzənin özünün könüllü razılığı əsasında yazılmış və o, da şahid kimi həmin sənədə imza etmişdir. Məhkəmədə şahid X5 bildirdi ki, Firuzə onun qonşusu olub. Firuzə yataq xəstəsi olana qədər tək yaşamışdır. Xəstələnəndən sonra ona bacısı Sədəf baxmağa gəlmişdir. Sədəf ölən günə qədər Firuzənin yanında yaşamışdır. Notariusda vəsiyyətnamə veriləndə o, da orada iştirak edib, vəsiyyətnaməyə şahid kimi imza etmişdir. Firuzə özü könüllü olaraq vəsiyyətini Sədəfə etmişdir. Məhkəmə tərəflərin, nümayəndələrin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin İddiaçı ünvanladığı məktubdan görünür ki, bacısı Firuzə Dadaş qızı tərəfindən qoyulmuş və xx.xx.2022-ci il tarixdə 2V-51 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə olduğundan birinci dərəcəli ailə üzvləri qanun üzrə vərəsə ola bilər. Odur ki, onun bacısı Firuzə Dadaş qızından qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq hüququ yoxdur. İşdə olan xx.xx.2022-ci il tarixli “Vəsiyyətnamə”nin surətindən görünür ki, XXX Firuzə Dadaş qızı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2046/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14-ə dair Sumqayıt “Asan Xidmət" Mərkəzində iddiaçı XXX Firuzə Dadaş qızı ilə X6 arasında bağlanmış 4Ə/ 1748 reyestr nömrəli, 21 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X4 adına olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/45, mənzil 14-ə dair RX ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarış ləğv edilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179-cu maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə (yerli özünüidarə orqanı) müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220.0-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1223.2-ci maddəsinə əsasən notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə görə vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı Firuzə Dadaş qızının xərçəng xəstəliyi, eyni zamanda lal-kar olması ilə bağlı anlaqsız olmasına istinad edir. Lakin, məhkəmə iclasında tərəflərin izahatında və şahid ifadələrindən aydın olur ki, vəsiyyətnamə qanunauyğun olaraq tərtib edilərək şahidlərin və tərcüməcinin iştirakı ilə imzalanmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı «vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair» iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-266/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-266/2024
29.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver