Məhkəmə qərarları › İş №2(060)-266/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-266/2025

26.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-266/2025 26.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, X5 ərizəçinin oğludur. O, 13 iyun 2006-cı ildə anadan olmuşdur. Oğlu Eminə xx.xx.2023-cü il tarixində müddətsiz İİİ dərəcəli əlillik dərəcəsi müəyyən edilmişdir. Əlilliyə səbəb kimi "X9 gerilik (İQ-55), davranış pozuntuları ilə zəif dərəcədə miopiya M 1,0. Arxa qütbün və ləkənin dcgenrasiyası" diaqnozu ilə əlillik təyin olunmuşdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə görə oğlu kənar şəxsin nəzarəti altında hərəkət etməlidir. Ona ərizəçi baxır, onun qulluğunda durur. O, öz hərəkətlərinin mənasını dərk etmir, özünü müstəqil idarə edə bilmir, neçə dəfə evdə olan əşyaları huşsuzluq səbəbindən yandırmışdır. Göstərilənlərə əsasən 13 iyun 2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Sumqayıt nikah evi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ № 548239 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13 iyun 2006-cı ildə Sumqayıt şəhərində doğulmuş, atası X4, anası Ərizəçidır.

8. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 müddətsiz 3-ci qrup əlildir. Diaqnoz: X9 gerilik (İQ-55), davranış pozuntuları ilə. Zəif dərəcədə miopiya M 1,0. Arxa qütbün və ləkənin degenerasiyası.

9. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X8 xx.xx.2024-cü il tarixli, 3180 №-li rəyindən görünür ki, X3 X9 Gerilik (F70.1). Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda geri qalması, orta məktəbdə oxusa da, elementar biliklərə yiyələnə bilməməsi, X1 müalicədə olması, xəstəliyi ilə əlaqədar İİ dərəcəli əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin zəifliyi, əhval-ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, davranışı üzərində nəzarətinin zəifləməsi, emosiyalarının qeyriadekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – X3 X9 gerilik aşkar olunur. İİ – X3 müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmasın. E.S.Həsənov öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. İİİ – X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2006-cı il təvəllüdlü X5 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

12. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

13. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

14. İş materiallarından müəyyən olunur ki, ərizəçi ərizəsində X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi üçün əsas olaraq onun özünü idarə edə bilməməsi ilə əsaslandırır. Halbuki, yuxarıda sadalanan normaların tələbinə əsasən ərizəçi məhz şəxsin psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallara istinad etməli idi. Bununla belə məhkəmə işin tam və hərtərəfli araşdırmasını təmin etmək üçün öz təşəbbüsü ilə məhkəmə-psixiatriya ekspertizası təyin etmişdir. Verilmiş ekspert rəyi ilə X2 hər hansı psixi qüsurunun olmadığı və onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas olmadığı müəyyən edilmişdir.

15. Qanunvericiliyin tələbinə əsasən məhkəmə məhz psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında işlərə baxır. Hazırki halda isə ərizəçi şəxsin psixi qüsuru barədə heç bir hala istinad etməmiş, bu hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Qanunvericiliyin qeyd olunan normasından bu normanın imperativ xarakter daşıdığı görünür. Məlumdur ki, hüquq normaları icra edilməsi tələbinə görə dispozitiv və imperativ ola bilər. Dispozitiv norma subyektlərə müəyyən şəraitdə birdən daha çox davranış imkanı versə də, imperativ norma konkret davranış qaydası müəyyən edir. Hazırki halda ərizəçi ona verilmiş dispozitiv hüququndan istifadə edərək şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, bu ərizənin məzmununa dair imperativ normaların tələblərini pozmuşdur.

16. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə toplanmış sübutlar X2 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olduğundan ərizə əsassız olmaqla təmin edilməməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

19. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

20. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar