Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2680/2024 15.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Sumqayıt şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 09 iyul 1986-cı il tarixli 09/430 nömrəli orderin “sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısı”nda göstərilmiş X2, X5 və X3 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək orderin ona məxsus olmasının deyil, başqa şəxslərə, yəni X1, X4 və X3 məxsus olması faktının təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Adları qeyd olunan şəxslərin adından məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması ilə bağlı, habelə ona belə bir səlahiyyətin verilməsi ilə bağlı məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 15 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, ərizəçi ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı həmin orqana müraciət etmiş, lakin inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Buna əsas kimi qeyd olunan mənzilə dair Sumqayıt şəhər XDS İK Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli 09/430 nömrəli orderdə “sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısı” üzrə qeyd olunan şəxslərin ata adlarının tam yazılmaması göstərilmişdir. Məhkəmə qeyd edir ki, ərizəçi Sumqayıt şəhər XDS İK Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli 09/430 nömrəli orderə düzəliş edilməsini məhkəmədən xahiş etsə də, qeyd olunan sənədə düzəliş edilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edilməsini təsdiq edən, eyni zamanda qeyd edilən orqan tərəfindən düzəlişin edilməsindən imtina olunmasını, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmamasının qeyd edildiyi hər hansı bir sənədi iş materiallarına əlavə etməmişdir. Halbuki “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: -birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); -ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; -üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti orqana müraciət etmək hüququ ərizəçiyə izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır (114.1.3.). Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. (114.2.). Ərizəyə əlavə edilmiş materiallardan görünür ki, ərizəçi hazırki iddia tələbi üzrə 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi geri qaytarıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi şəxsin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi ərizənin verilməsi üçün ********** saylı qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-2680/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2680/2024
15.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver